Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-4121/2024 16.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçı cavabdeh X2 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə qarşı “qərarın ləğvi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi İddiaçı cavabdeh X2 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X2 Xidmətinin Gəncə-Daşkəsən rayon şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, hazırda Gəncə şəhər S.Vəliyev adına 34 nömrəli məktəbin direktor vəzifəsini müvəqqəti icra edir. İddiaçı barəsində X2 Xidmətinin Gəncə-Daşkəsən rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ilə inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərarda inzibati tənbehin verilməsinin əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndi qeyd edilmişdir. İşin halları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024cü il tarixli MN ******* nömrəli qərarından görünür ki, xx.xx.2024-cü il tarixdə X1 işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilməmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndinin tələbi pozulmuşdur. İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 700 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İnzibati Xətalar Məcəlləsi Maddə 40. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) 40.0. İnzibati xətalar haqqında işlərə: 40.0.1. rayon (şəhər) məhkəmələri; 40.0.2. yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan); 40.0.3. müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar. Maddə 128. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermək hüququ 128.1. Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. Qanunun tətbiq dairəsi 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarı 7.2. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
Məhkəmənin mövqeyi
Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə iddianın mümkünlük şərtlərinin mövcudluğunu yoxlayaraq qeyd edir ki, hazırkı iddia tələbi üzrə iddianın mümkünlük şərtlərindən biri olan məhkəmə aidiyyəti düzgün müəyyən edilməmişdir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı barəsində X2 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 192.4 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 700 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İddiaçı həmin qərarın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İnzibati Xətalar Məcəlləsinin 40-cı maddəsinə görə, inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri; yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan); müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar. Həmin Məcəllənin 128-ci maddəsinə müvafiq olaraq barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Qeyd olunan normalara əsasən, müvafiq şəxslər inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından rayon (şəhər) məhkəmələrinə şikayət verə bilər. Məhkəmə həmçinin qeyd edir ki, İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunun tətbiqi dairəsini tənzilməyən 3-cü maddəsində göstərilmişdir ki, bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Eyni tənzimləmə həmçinin “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarında da qeyd olunmuşdur. Göründüyü kimi İddiaçı barəsində X2 Xidmətinin Gəncə-Daşkəsən rayon şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarından verilmiş şikayətə müvafiq rayon (şəhər) məhkəməsində baxılmalıdır. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X2 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə qarşı “qərarın ləğvi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Həmçinin iddiaçıya izah edilir ki, X2 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarından müvafiq rayon (şəhər) məhkəməsinə şikayət verə bilər. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı cavabdeh X2 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə qarşı “qərarın ləğvi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruhiyə Tağıyeva