Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-4485/2025 26.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X30 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkil) Vəkil2 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh inzibati orqanın qəbul etdiyi 02 iyun 2025-ci il tarixli, **********194869 nömrəli «Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh orqan tərəfindən Cəmiyyətdə 01 aprel 2020-ci ildən 30 noyabr 2024-cü il tarixə kimi növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlamanın nəticəsində 10 aprel 2025-ci il tarixli **********190806 nömrəli akt tərtib edilmişdir. Həmin aktın nəticələri üzrə cavabdeh orqan 02 iyun 2025-ci il tarixli, **********194869 nömrəli «Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» qərar qəbul etmişdir. Qərar tam qanunsuzdur. İlk növbədə ona görə ki, Vergi Məcəlləsi ilə 05 ili əhatə edən yoxlama aparılması nəzərdə tutulmamışdır. Bundan başqa, yoxlama ilə əhatə olunan dövrdə Cəmiyyətin meyvə-tərəvəz ixracı ilə bağlı şərti rentabellik norması tətbiq olunmaqla hesablama metodu ilə əlavə mənfəət vergisi hesablanmışdır. Bu da tamamilə qanunsuz bir yanaşmadır. Əvvəla ona görə ki, Cəmiyyətin meyvə-tərəvəz ixracı ilə bağlı xərc sənədləri (alış aktı və elektron-qaimə) olduğu halda yoxlama həmin xərc sənədlərini qəbul etməmişdir. AR Qanunvericiliyində iki tərəfin qarşılıqlı razılaşması əsasında və iradə azadlığı əsasında tərtib olunmuş əqdin yoxlama tərəfindən heç bir məhkəmə qərarı olmadan əsassız hesab etməsi vəzifə səlahiyyətlərini aşma halı kimi qiymətləndirilməlidir. Yoxlama əgər xərc sənədlərini qəbul etmirsə, onda ixrac olunan meyvə-tərəvəz məhsullarının ixrac olunan dövrdə ölkədaxili topdan-satış bazar qiymətlərini müəyyən etməli idi və həmin məbləği də xərc kimi qəbul etməli idi. Əks təqdirdə isə yoxlama ixrac olunan meyvə-tərəvəz məhsullarının Cəmiyyətin özü tərəfindən istehsal olunmasını qəbul etməlidir ki, kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı da AR Vergi Məcəlləsinin tələblərinə əsasən mənfəət vergisindən azaddır. Həmçinin yoxlama zamanı mənfəət vergisi hesablama metodu ilə müəyyən edilmişdir. AR Vergi Məcəlləsinin xx.xx.2022-ci ilədək qüvvədə olan AR Vergi Məcəlləsinin 130.4-cü maddəsinə əsasən vergi ödəyicisi kassa metodunu tətbiq etmək hüququna malikdir. Belə olduğu təqdirdə isə Cəmiyyət tərəfindən ixrac olunan meyvə-tərəvəz məhsullarının dəyəri Cəmiyyətin kassasına ödənilmədiyi üçün, Cəmiyyətə heç bir mənfəət vergisi hesablana bilməz. Göründüyü kimi yoxlama sanki AR Vergi və digər qanunvericiliyindəki tələbləri öz şəxsi mülahizəsi əsasında istədiyi kimi şərh edərək Cəmiyyətə əlavə vergilər hesablamışdır. Bundan başqa Cəmiyyətdə ixrac olunan meyvətərəvəz məhsullarının dəyəri reallıqda əsaslı deyil və kağız üzərində yazılmış formal rəqəmlərdir. Həmin məbləğlər Dövlət Gömrük Komitəsinin ixrac olunan meyvə-tərəvəz məhsulları ilə bağlı tərtib olunan yük gömrük bəyannamələrində (YGB) əks etdiyi rəqəmlər əsasında formalaşdırılmışdır. Eyni zamanda, həmin bəyannamələrdə statistik rəqəm anlayışına rast gəlinir. İnvoys dəyəri məhsulun real bazar qiymətini əks etdirir, statistik dəyər isə gömrük orqanı tərəfindən məhsula ən yüksək bazar qiyməti ehtimalı əsasında tətbiq olunan dəyərdir. Beləliklə, ixrac olunan məhsulların yük gömrük bəyannamələri əsasında statistik dəyəri məhsulun real bazar qiymətindən fərqli olaraq şişirdilmiş məbləğ olduğundan, həmin fərqə də yoxlama zamanı mənfəət vergisi hesablanmışdır. Həmçinin, sözügedən yük gömrük bəyannamələrində əks olunan statistik rəqəmin tərkibində meyvətərəvəz məhsullarının daşınması ilə bağlı yol xərcləri əks olunmur və ümumi dəyər kimi qeyd olunur. Yəni, hər yük avtomobilinin ixracla bağlı təxminən 6000,0 ABŞ dolları həcmində olan yol xərci tərtib olunan yük gömrük bəyannamələrində məhsulun statistik qiyməti olaraq əks olunur və həmin yol xərcinin xarici dövlətdə məhsulu qəbul etməli olan alıcı tərəfindən ödənilməli olmasına baxmayaraq, ölkə ərazisində tərtib olunan ixrac bəyannaməsində satıcı tərəfindən göndərilmiş məhsulun dəyəri kimi əks olunur. Bu da öz növbəsində ixrac olunan meyvə-tərəvəz məhsullarının statistik dəyər baxımından real məbləğinin şişirdilməsinə səbəb olur ki, yoxlama da məhz həmin statistik rəqəm əsasında aparılır. Bir sözlə yoxlama ixrac olunan meyvə-tərəvəz məhsullarının real bazar qiymətləri əsasında deyil, şişirdilmiş statistik dəyər və məhsulun çatdırılması üçün idxal olunan ölkə tərəfindən çəkilmiş xərclər də daxil olmaqla müəyyən olunmuş formal məbləğlər üzrə aparılır. Ona görə də həmin rəqəmlər əsasında yoxlamanın aparılması tam əsasızdır. Eyni zamanda, bildirmək istəyirlər ki, Cəmiyyət həqiqətdə logistik xidmət həyata keçirir. Belə ki, Azərbaycan Respublikasının müxtəlif bölgələrində meyvə-tərəvəz məhsullarının istehsalı fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyekti kimi qeydiyyatdan keçməyən, yəni vergi ödəyicisi kimi qeydiyyata alınmayan və ya vergi orqanlarında rəsmi dövriyyə göstərmək istəməyən şəxslərə məxsus məhsulların ixrac olunması, gömrüklənməsi və təhvil verilməsini həyata keçirir. Həmin şəxslər sahibkarlıq subyekti kimi dövlət qeydiyyatından keçmədikləri üçün bank hesabları və müvafiq rekvizitləri olmadığından, həmçinin ixrac etdikləri meyvə-tərəvəz məhsullarının dəyərini öz müştərilərindən nağd qaydada özləri aldıqları üçün, bütün rəsmiləşməni Cəmiyyətin adına həyata keçirirlər. Həmin şəxslər özlərinə məxsus məhsulları Cəmiyyətin məhsulları kimi rəsmiləşdirməklə ixrac edirlər və həmin məhsulların dəyərini də ya öncədən Azərbaycan Respublikasında öz istehsal yerlərində, ya da sonradan vergi ödəyicisi olmayan fiziki şəxslər üçün nəzərdə tutulan pul köçürmə sistemləri vasitəsilə özləri şəxsən alırlar. Həmin vəsaitlərin alınmasından sözügedən Cəmiyyətin heç bir rolu və aidiyyəti olmur. Cəmiyyət sadəcə logistik xidmət həyata keçirərkən qeyd olunan ixracatçıların gömrüklədikləri meyvə-tərəvəz məhsullarının ümumi dəyərinin müəyyən həcmində xidmət haqqı əldə edirlər. İxrac olunan məhsulların daşınmasını həyata keçirən yük avtomobilləri də həmin ixracatçıların özləri tərəfindən təşkil olunur və yol xərcləri xarici ölkədə məhsulu qəbul edən şəxslər tərəfindən ödənilir. İxracla bağlı tərtib olunan gömrük sənədi hesab olunan “CMR” adlı ixrac sənədində bütün yük avtomobillərinin dövlət qeydiyyat nişanları əks olunur. Həmin yük avtomobillərinin sahibləri müəyyən olunduqda, ixrac olunan meyvə-tərəvəz məhsullarının yoxlama aparılan Cəmiyyətə deyil, reallıqda həmin məhsulların istehsalçılarına məxsus olduğu və Cəmiyyətin yalnız logistik xidmət həyata keçirdiyi bir daha öz təsdiqini tapacaqdır. Həmin şəxslərin özləri yoxlama tərəfindən müəyyən olunacağı təqdirdə isə, onlara vergi hesablanması mümkün olmayacaqdır. Çünki, qüvvədə olan Vergi Məcəlləsinin tələblərinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalçıları vergilərdən azaddırlar. Yoxlama Cəmiyyətin alış aktlarını və elektron qaimələri qəbul etmədiyi kimi, həmin şəxsləri də müəyyən edərək araşdırmalı idi. Lakin, yoxlama yalnız öz mülahizəsi əsasında aparılmışdır. Logistik xidmət həyata keçirən cəmiyyətlər tərəfindən ixrac olunan meyvə və tərəvəz məhsullarının 2019, 2020 və 2021-ci illər üzrə X4 (YGB) statistik rəqəmlərlə həmin illər ərzində meyvə və tərəvəz məhsullarının ölkə ərazisindəki real topdansatış bazar qiymətlərini müqayisə etdikdə, ixracda əks olunan statistik rəqəmin böyük hissəsinin həqiqətə uyğun olmadığı aşkar olunur. Belə ki, heyva, nar, feyxoa və göyərti məhsullarının ölkədəki real bazar todan-satış qiymətləri ilə ixracda gömrük orqanı tərəfindən rəsmiləşdirilən statistik dəyər arasındakı 500 % fərqin olduğu aşkar olunur. Digər məhsullarda isə təxminən 20-50 % fərqin olduğu müşahidə olunur. Vergi qanunvericiliyinin tələblərinə əsasən yalnız vergi orqanları vergi ödəyiciləri tərəfindən hesablanmış vergilərin düzgünlüyünü yoxlamaq və vergilər düzgün hesablanmadıqda əlavə vergilər (maliyyə sanksiyaları və faizlər) hesablamaq səlahiyyətinə malikdirlər. Həmçinin, Vergi Məcəlləsi və Dövlət Vergi Xidmətinin Əsasnaməsində bu səlahiyyətin həyata keçirilməsi kameral və ya səyyar vergi yoxlamasının aparılması ilə şərtləndirmişdir. Lakin, sadalanan Vergi Qanunverciliyinin prinsiplərinə zidd olaraq, yoxlama zamanı dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergilərin məbləği ixrac məbləği nəticəsində hesablanır və Vergi Məcəlləsinin tələblərini kobud şəkildə pozulmaqla ixrac olunan meyvə-tərəvəz məhsullarının ümumi ixrac dəyərini (statistik dəyər, daşınma xərci, gömrük rüsumları və.s) əsas götürməklə, həmin dəyərə əlavə olaraq 20% həcmində gəlirlilik müəyyən edərək (Şərti rentabellik norması tətbiq etməklə) həmin gəlirə mənfəət vergisi hesablayır. Belə bir fantastik hesablama metodu heç bir qanunvericilikdə nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin əvvəl qüvvədə olan 83.9-cu maddəsində qeyd olunurdu ki, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır (Şərti rentabellik norması). Meyvə-tərəvəz ixracı ilə bağlı belə hesablama metodu tamamilə absurd bir yanaşmadır. Əvvəla onu qeyd edirlər ki, ümumi ixrac dəyərinin daxilində yük daşınma xərci də var. Həmin xərc isə təxminən 6000,0 (altı min) ABŞ dolları təşkil edir və məhsulu idxal edən ölkədəki müştəri tərəfindən ödənilir. Daşınma xərcini əldə edən yük avtomobillərinin dövlət qeydiyyat nişanları ixrac zamanı tərtib olunan CMR-lərdə əks olunur. Yoxlamanın həmin xərc rəqəminə görə də yük daşıyan şəxsə yox, Cəmiyyətə əlavə mənfəət vergisi hesablaması heç bir məntiqə uyğun deyildir. Bundan başqa, yoxlama ixracla bağlı əlavə mənfəət vergisi hesablayarkən ixrac olunan meyvə-tərəvəz məhsullarının real bazar qiymətlərini yox, gömrük orqanları tərəfindən tətbiq olunan statistik dəyəri, yəni şişirdilmiş dəyəri əsas götürür. Bu da tamamilə absurd yanaşmadır. Çünki, statistik dəyər əsas götürülməklə şərti rentabellik norması tətbiq olunduqda, məhsulun real dəyərinə deyil, bir neçə dəfə artıq hesablanmış dəyərinə əlavə vergilər hesablanmalı olur ki, bu da Vergi Məcəlləsinin bütün prsinpilərinə zidd hesab olunmalıdır. Vergi Məcəlləsinin tələblərinə uyğun olması üçün yoxlama ilk öncə ixrac olunan meyvə-tərəvəz məhsullarının bütün növ üzrə həcmini (tonla çəkisini) müəyyən etməlidir. Daha sonra həmin meyvə-tərəvəz məhsullarının ixrac olunan dövrdə ölkə daxilində olan real bazar topdan-satış qiymətlərini müəyyənləşdirməlidir. Daha sonra isə həmin meyvə-tərəvəz məhsullarının xaricə ixrac olunma dəyərini müəyyən etməlidir. Bundan sonra real ixrac dəyəri ilə ölkə daxili topdan-satış bazar qiyməti arasındakı fərqdən xərclər çıxıldıqdan sonra yaranan məbləği gəlir (mənfəət) kimi götüməklə, həmin gəlirə mənfəət vergisi hesablamadır. Yaxud da Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbləri əsasında vergilərin hesablanması həyata keçirməlidir. Meyvə-tərəvəz məhsullarının ixracında 20% gəlir əldə etmək barədə düşüncənin hansı normativ baza əsasında yaranması xüsusi diqqət çəkən bir haldır. Çünki, meyvə-tərəvəzin topdansatışı ilə bağlı təcrübədə 20 % gəlir əldə edilməsinə bugünədək rast gəlinməmişdir. Hesab edirlər ki, meyvə-tərəvəz ixracı fəaliyyəti ilə bağlı logistik xidmət həyata keçirən cəmiyyətlərdən xaricdən qaytarılmayan pul vəsaitlərinin geri qaytarılmasının tələb olunması və həmin məbləğə görə şərti rentabellik norması tətbiq olunmaqla mənfəət vergisinin hesablanması əsassızdır, həmçinin Kahin Əsgərovun istintaq araşdırması predmeti olan cəmiyyətlərdə heç bir fəaliyyəti və rolu olmadığı üçün onun həmin cəmiyyətlərin ixrac fəaliyyəti ilə bağlı heç bir məsuliyyəti yoxdur. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə dair verdiyi etiraz ərizəsində göstərmişdir ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli **********190776 nömrəli qərarı ilə İddiaçı MMC-də Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 2020-ci ilin aprel ayından 2024-cü ilin noyabr ayınadək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2025-ci il tarixdə başlanmış, xx.xx.2025-ci il tarixdə başa çatdırılaraq xx.xx.2025-ci il tarixli **********190806 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Vergi ödəyicisi səyyar vergi yoxlaması aktı ilə razılaşmayaraq imzalamaqdan imtina etmişdir. Səyyar vergi yoxlaması aktı xx.xx.2025-ci il tarixli 3-21-2- 17/2-60706/2025 nömrəli məktubla vergi ödəyicisinə göndərilmişdir. Vergi Məcəlləsinin 39.5-ci və 39.6-cı maddələrinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinə səyyar vergi yoxlaması aktının nəticələrinə baxılması üçün xx.xx.2025-ci il tarixdə vergi orqanına dəvət edilməsi barədə xx.xx.2025-ci il tarixli məktub göndərilmişdir. Səyyar vergi yoxlaması aktı və səyyar vergi yoxlaması materiallarına İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi Vəkil1 iştirakı ilə xx.xx.2025-ci il tarixdə baxılaraq səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə «Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2025-ci il tarixli, **********194869 nömrəli qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması ilə aparılmış əlavə hesablamaların mahiyyəti ilə bağlı bildirilir ki, vergi ödəyicisi yoxlanılan dövr üzrə meyvə və tərəvəzin topdan satışı fəaliyyəti ilə məşğul olmuş və ölkə daxilində alış aktları ilə aldığı məhsulları (təzə meyvə və tərəvəz) yük gömrük bəyannamələri əsasında ixrac edərək topdan satışını həyata keçirmişdir. Səyyar vergi yoxlaması ilə yoxlanan dövr ərzində vergi ödəyicisinin yük-gömrük bəyannamələrinə əsasən ixrac etdiyi malların növü, miqdarı və dəyəri illər üzrə aşağıdakı kimi olmuşdur: Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin əldə etdiyi elektron qaimə, elektron alış aktları və idxal əməliyyatları araşdırılan zaman yoxlanan dövr ərzində elektron alış aktları ilə 4303835,37 manat məbləğində müxtəlif çeşiddə kənd təsərrüfatı məhsullarının alışının rəsmiləşdirildiyi müəyyən edilmişdir. Alış aktlarında malları təqdim edən kimi rəsmiləşdirilmiş şəxslərə bildirişlər göndərilmiş və həmin şəxslərin bir hissəsi alış aktlarında qeyd edilən məhsulları yetişdirmədiklərini və İddiaçı MMC-yə satmadıqlarını bildirən yazılı izahatlar vermişlər. İddiaçı MMC -nə heç bir mal satmadıqları barədə izahat verən 12 şəxsdən malların alınmasının rəsmiləşdirildiyi elektron alış aktlarındakı satış məbləğləri aşağıdakı kimi olmuşdur: X26 (FİN:0XMVSVZ) – 691600.00 manat; X3 (FİN:1YFDY4Z) – 450585.00 manat; X14 (FİN:2LTAC0B) – 247021.84 manat; X11 (FİN:1RSYM8H) – 238070.00 manat; X15 (FİN: 2QE8TZF) – 167393.80 manat; X5 (FİN: 011J9PV) – 121532.40 manat; X12 (FİN: 1SD911J) - 112418.25 manat; X7 (FİN: 3TFK5ТР) — 87780.00 manat; X23 (FİN: 17YKQQB) – 83178.20 manat; X6 (FİN:31A7Q6V) – 77938.00 manat; X8 (FİN: 1D3H11K) – 49608.00 manat; X9 (FİN: 3WWR8YL) – 47667.20 manat; Beləliklə də göstərilən şəxslərin xəbərləri olmadan adlarına rəsmiləşdirilmiş alış aktlarının ümumi məbləğinin 2374792.69 manat olduğu və həmin məbləğdə alış aktlarının iddiaçı tərəfindən tərtib edilməklə yalançı xərc sənədləri hazırlandığı və beləliklə də xərclərinin süni şəkildə artırıldığı müəyyən edilmişdir. Sonradan isə ümumi dəyəri 741208.00 manat olan, X16 691600.00 manat, X1 49608.00 manat dəyərində malların alındığının rəsmiləşdirildiyi alış aktları iddiaçı tərəfindən ləğv edilmişdir. İddiaçı MMC «Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə» xx.xx.2021-ci il tarixli **********142900 nömrəli qərarla riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir. Eyni zamanda riskli vergi ödəyiciləri pəncərəsinə daxil edilmiş elektron qaimə-fakturalar üzrə «X33» MMC-dən (VÖEN: **********) 3799511.00 manat, "xxxx" MMC-dən (VÖEN:**********) 2197817.37 manat, «X29» MMC-dən (VÖEN:**********) isə 121873.35 manat olmaqla cəmi 8119201.72 manat dəyərində malların əldə edilməsinin rəsmiləşdirildiyi müəyyən edilmişdir. Yuxarıda göstərilən alış aktları və elektron qaimələrlə rəsmiləşdirilmiş xərc məbləğlərinin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərc kimi qəbul edilməsi mümkün olmadığı üçün vergi ödəyicisinin bütün xərclərinin müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Həmin Məcəllənin 71-2.2-ci maddəsinə əsasən elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 71-2.3-cü maddəsinə əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığıhalda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Həmin Məcəllənin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Beləliklə də vergi ödəyicisi tərəfindən gəlir və xərclərin uçotu qanunvericilyini tələblərinə uyğun aparılmadığı üçün gəlirlərin əldə edilməsi ilə bağlı xərclərini müəyyən etmək mümkün olmamışdır. Vergi ödəyicisinin ixrac əməliyyatları üzrə satışdan gəlirlərini müəyyən etmək üçün beynəlxalq sorğular göndərilmişdir. Beynəlxalq sorğulardan əldə edilmiş məlumatlara əsasən İddiaçı MMC-yə ixrac əməliyyatlarından ödənilən pul vəsaiti 2020-ci il üzrə 4300482.78 manat, 2021-ci il üzrə ********.96 manat, 2022-ci il üzrə 6732037.29 manat olduğu müəyyən edilmişdir. Vergi ödəyicisinin vergi orqanının məlumat-uçot bazasındakı məlumatlarına və yük-gömrük məlumatlarına əsasən 2020-ci ildə onlayn nəzarət kassa aparatı məlumatlarına əsasən pərakəndə qaydada təqdim etdiyi malların dəyərinin 18690.50 manat, ixrac etdiyi malların dəyərinin 4467180.36 manat, 2021-ci ildə ixrac etdiyi malların dəyərinin ********.41 manat, 2022-ci ildə elektron qaimələrə əsasən təqdim etdiyi malların dəyərinin 115253.00 manat, ixrac etdiyi malların dəyərinin isə 1505511.16 manat olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi 2020 və 2021-ci illərdə gəlir və xərclərin uçotunun hesablama metodundan, 2022-ci ildə isə kassa metodundan istifadə etmişdir. Vergi ödəyicisi 2022-ci il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsində gəlir və xərclərinin uçotunun kassa metodunu seçdiyindən vergi ödəyicisinin ixrac əməliyyatlarından əldə etdiyi gəliri kimi 2022-ci ildə onun bank heablarına daxil olmuş 1505511.16 manat götürülmüşdür. 2022-ci ildə elektron qaimələrlə təqdim edilmiş 115253.00 manat məbləğin isə onun bank hesabına daxil olması aşkar edilmədiyindən həmin məbləğ gəlir kimi deyil, 2022-ci ilin sonuna debitor borc kimi nəzərə alınmışdır. Beləliklə də vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan və Vergi Məcəlləsinin 67.2-ci maddəsində göstərilən meyarlara cavab verən vergi ödəyicisi müəyyən edilmədiyindən vergi ödəyicisinin büdcəyə ödəməli olduğu mənfəət vergisi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.3, 36.2, 67.1, 67.14, 67.17, 83.9, 130.1-ci maddələrinin tələblərinə uyğun olaraq vergi ödəyicisnin gəlirlərinə əsasən Azərbaycan Resublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarında nəzərdə tutulan qaydada mənfəət vergisi hesablanmışdır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının 6.1-ci maddəsinə əsasən Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M1 = G1: ( 100 + R) x R burada: M1- vergi ödəyicinin mənfəəti; G1- vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R- şərti rentabellik normasıdır (R=20%). Rəqəmlərlə ifadə edilsə illər üzrə vergi ödəyicisinin mənfəəti aşağıdakı qaydada hesablanmışdır.2020-ci il üzrə vergi ödəyicisinin gəliri 4485870.86 manat olduğundan həmin il üzrə mənfəətinin 4485870.86:(100+20)*20=747645.14 manat, mənfəət vergisinin isə 747645.14*20%=149529.03 manat olduğu müəyyən edilmişdir. Vergi ödəyicisinin özünün 2020- ci il üzrə 7153.54 manat mənfəət vergisi bəyan etdiyi nəzərə alınaraq 747645.14- 7153.54=142375.49 manat məbləğində əlavə mənfəət vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış 142375.49 mənfəət vergisini 50%-i həcmində, yəni 71187.75 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 2021-ci il üzrə vergi ödəyicisinin gəliri ********.41 manat olduğundan həmin il üzrə mənfəətinin ********.41:(100+20)*20=2981995.73 manat, mənfəət vergisinin isə 2981995.73*20%=596399.15 manat olduğu müəyyən edilmişdir. Vergi ödəyicisinin özünün 2021- il üzrə 12200.35 manat mənfəət vergisi bəyan etdiyi nəzərə alınaraq 596399.15- 12200.35=584198.80 manat məbləğində əlavə mənfəət vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış 584198.80 mənfəət vergisini 50%-i həcminde, yəni 292099.40 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 2022-ci il üzrə vergi ödəyicisinin seçdiyi kassa metodu nəzərə alınmaqla gəliri (bank hesablarına daxil olmuş pul vəsaiti) 1505511.16 manat olduğundan həmin il üzrə mənfəətin 1505511.16:(100+20)*20=250918.53 manat, mənfəət vergisinin isə 250918.53*20%=50183.71 manat olduğu müəyyən edilmişdir. Vergi ödəyicisinin özünün 2022-ci il üzrə 94000.00 manat mənfəət vergisi bəyan etdiyi nəzərə alınaraq 501xx.xx- 94000.00=-43816.29 manat məbləğində mənfəət vergisinin artıq hesablanması müəyyən edilmişdir. 2022-ci ildə elektron qaimə əsasında təqdim etdiyi 115253.00 manat məbləğində malın dəyərinin vergi ödəyicisinin bank hesabına daxil olması müəyyən edilmədiyindən həmin məbləğ 2022-ci hesabat ilinin sonuna debitor borc kimi əks etdirilmişdir. Verilmiş beynəlxalq sorğular üzrə bank çıxarışlarına əsasən satışdan 5226526.13 manat məbləğində artıq pul vəsaitinin daxil olduğu müəyyən edildiyindən həmin məbləğ 2022-ci ilin mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinin alınmış avans məbləğ bölməsində qeyd edilmişdir. 2023-cü il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində vergi ödəyicisi tərəfindən gəlir və xərclərin uçotunun kassa metodu seçilmişdir. Vergi Məcəlləsinin 130.4-cü maddəsinə əsasən mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar. İddiaçı MMC kiçik sahibkarlıq sublekti olduğundan 2023-cü il üzrə gəlir və xərclərin uçotunu hesablama metodu ilə aparmalı olduğu müəyyən edilmişdir. Odur ki, vergi ödəyicisinin 2022-ci ilin sonuna müəyyən edilmiş 115253.00 manat debitor borc məbləği 2023-cü il üzrə gəlir və xərclərin uçotunun hesablama metodu tətbiq edilməklə 2023-cü ilin gəlirinə aid edilmişdir. Beləliklə də 2023-cü ilin mənfəətinin 115253.00:(100+20)*20=19208.83 manat, mənfəət vergisinin isə 19208.83*20%=3841.77 olduğu müəyyən edilməklə həmin məbləğdə əlavə mənfəət vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış 3841.77 mənfəət vergisinin 50%-i həcmində, yəni 1920.88 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa vergi ödəyicisi tərəfindən 6 halda vergi hesabatının əsas olmadan Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətdə təqdim edilmədiyi müəyyən edilərək Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 6*40=240 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçının Azərbaycan Respublikasının Vergi Məcəlləsində 5 ili əhatə edən yoxlamanın aparılmasının nəzərdə tutulmaması barədə iddiasına münasibətdə bildirilir ki, 85.4-cü maddəsinə əsasən Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergiorqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Bu maddənin digər müddəalarından asılı olmayaraq, xarici dövlətlərin səlahiyyətli orqanlarından sorğu və ya xaricdə əldə olunan gəlirlər üzrə müvafiq məlumatlar daxil olduğu hallarda, kameral vergi yoxlamaları sorğu və ya məlumat daxil olduğu tarixdən, səyyar vergi yoxlamaları isə yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlbetmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: 75.1.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; 75.1.2. az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; 75.1.3. ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; 75.1.4. xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə. Beləliklə Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulan Vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayəti az ağır cinayət olduğundan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə əvvəlki 7 illik dövrün yoxlanması qanunvericiliyin tələblərinə uyğundur (Növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun 07 yanvar 2025-ci il tarixli qərarı etiraza əlavə olunur). İddiaçının iddia ərizəsinin 4-cü abzasında qeyd edilən iddiasına etiraz olaraq isə bildirilir ki, yuxarıda səyyar vergi yoxlaması ilə aparılan hesablamaların mahiyyəti ilə bağlı qeyd etdikləri kimi vergi ödəyicisi 2020 və 2021-ci illər üçün özünün təqdim etdiyi mənfəət vergisi bəyannamələrində gəlirlərin və xərclərin uçotunun hesablama metodunu, 2022 və 2023-cü illər üçün isə kassa metodunu seçmişdir. İddiaçı MMC kiçik sahibkarlıq subyekti olduğundan və bu səbəbdən də Vergi Məcəlləsinin 130.4-cü maddəsinə əsasən 2023-cü il üçün gəlir və xərclərin uçotunun kassa metodunu seçmək hüququ olmadığından 2020, 2021 və 2023-cü illər üçün mənfəət vergisi hesablama metodunun tələblərinə uyğun, 2022-ci il üçün isə kassa metodunun tələblərinə uyğun aparılmışdır. İddiaçının iddia ərizəsinin 5-7-ci abzaslarında göstərdiklərinin işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun olmayan mülahizə olduğu aşağıdakı faktlar və qanunvericilik normaları ilə təkzib olunur. Belə ki, işin faktiki hallarından da göründüyü kimi iddiaçının bank hesablarına ixrac əməliyyatlarından daxil olan vəsaitin məbləği 2020-ci ildə 4300482.78 manat, 2021-ci ildə ********.96 manat, 2022-ci ildə 6732037.29 manat olmaqla cəmi 29493625,03 manat olmuşdur. Bu isə yük-gömrük bəyannamələrinə əsasən ixrac olunmuş məhsulun ümumi dəyərindən 5628959,10 manat çoxdur (yük-gömrük bəyannamələrinə əsasən ixrac olunmuş məhsulun dəyəri ********.93 manat olmuşdur). Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi" Qaydalarının 12.1-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Həmin Qaydaların 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixraс etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Vergi Məcəlləsinin 67.1 və 67.1.6-cı maddələrinə əsasən vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar əsasında vergiləri hesablamaq vergi orqanının hüququdur. İşin faktiki hallarından və qanunvericiliyin tələblərindən göründüyü kimi iddiaçının iddia ərizəsinin bütün dəlilləri mülahizədən ibarət olmaqla işin faktiki hallarına və qanunvericiliyin tələblərinə ziddir. Odur ki, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkil) Vəkil2 iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 etiraz ərizəsinin dəlillərini müdafiə edərək etirazın məzmununa uyğun izahat verib iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə araşdırmasının predmetini «Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» 02 iyun 2025-ci il tarixli, **********194869 nömrəli qərar, 10 aprel 2025-ci il tarixli **********190806 nömrəli səyyar vergi yoxlaması aktı, növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərar və səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərar təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. İddia üzrə cavabdeh inzibati orqan Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir. İddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə müvafiq olaraq iddia müddətinə riayət edilməklə verilibverilməməsi yoxlanılmalıdır. Hazırki iş üzrə iddiaçı tərəfindən qərardan şikayət verilməsi nəzərdə tutulan prosessual müddət buraxılmamışdır. Cavabdeh Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan olduğundan iddia ərizəsi iddiaçının təsərrüfat subyekti kimi qeydə alındığı yer olan Bərdə rayonu üzrə verilmişdir. Həmin rayon «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları .......... 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. .......... Maddə 15. Vergi ödəyicisinin hüquqları 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: .......... 15.1.8. vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək; 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək; .......... Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; .......... Maddə 24.1.2. Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanının vəzifəsidir. Maddə 36. Vergi yoxlamaları, üfüqi monitorinq və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: .......... 38.3.6. cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; .......... İş materiallarında olan sənədlər üzrə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Baş Prokurorluğu İstintaq İdarəsinin müstəntiqi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarla bir sıra Cəmiyyətlərdə, o cümlədən İddiaçı MMC-də son yeddi illik fəaliyyət üzrə vergi qanunvericiliyinin tələblərinə riayət edilməsi vəziyyətinin yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilməsi qərara alınmışdır. Bundan sonra Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarla İddiaçı MMC-də 2020-ci ilin aprel ayından 2024-cü ilin noyabr ayına kimi növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qərar alınmış və yoxlamanın müddəti 30 gün müəyyən edilmişdir. Təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2025-ci il tarixdə başlanmış, xx.xx.2025-ci il tarixdə başa çatdırılaraq xx.xx.2025-ci il tarixli **********190806 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama nəticəsində İddiaçı MMC barəsində «Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2025-ci il tarixli, **********194869 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən 2020-ci il üzrə vergi ödəyicisinə 142375,49 manat əlavə mənfəət vergisi, 2021-ci il üzrə 584198,76 manat əlavə mənffət vergisi, 2023-cü il üzrə 3841,77 manat əlavə mənfəət vergisi hesablanmış, habelə, 2020-ci il üzrə 71187,75 manat, 2021-ci il üzrə 292099,38 manat, 2023-cü il üzrə isə 1920,89 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda vergi ödəyicisi tərəfindən altı halda vergi hesabatının əsas olmadan Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətdə təqdim edilmədiyi müəyyən edildiyi üçün iddiaçıya 240 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması. 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. .......... Cavabdeh vergi orqanı əlavə mənfəət vergisi hesablayan zaman vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan və Vergi Məcəlləsinin 67.2-ci maddəsində göstərilən meyarlara cavab verən vergi ödəyicisi müəyyən edilmədiyi əsası ilə vergi ödəyicisinin büdcəyə ödəməli olduğu mənfəət vergisini Azərbaycan Resublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı Qərarında göstərilən qayda üzrə hesablamışdır. Halbuki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinin 2020 və 2021-ci ildə qüvvədə olan redaksiyasına görə, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə 67.14 .(05 dekabr 2023-cü il tarixli, 1033-VİQD nömrəli Qanunla Məcəllədən çıxarılmış, 2024-cü il yanvarın 1-dən qüvvəyə minmişdir). Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 83.9. (05 dekabr 2023-cü il tarixli, 1033-VİQD nömrəli Qanunla Məcəllədən çıxarılmış, 2024-cü il yanvarın 1-dən qüvvəyə minmişdir). Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları»: Bənd 6.1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) müəyyən edir. Bənd 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Vergi Məcəlləsinin istinad olunan 67.1-ci maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasının məzmunundan göründüyü kimi, vergi ödəyicisinin ödəməli olduğu verginin məbləği ilk əvvəl əlaqəli məlumatlardan istifadə edilməklə müəyyən olunmalıdır. Bundan başqa, Vergi Məcəlləsinin 67.2-ci, 67.3-cü və 67.4-cü maddələrinin 2020 və 2021-ci ildə qüvvədə olan redaksiyasına görə, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi, fəaliyyət göstərilən ərazi. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Vergi Məcəlləsinin istinad edilən həmin normalarından (67.2-ci, 67.3-cü və 67.4- cü maddələrinin 2020 və 2021-ci ildə qüvvədə olan redaksiyasından) göründüyü kimi, vergi ödəyicisi barədə əlaqəli məlumatların mövcud olmadığı halda belə, vergi orqanı ödənilməli verginin məbləğini şərti rentabellik norması əsasında deyil, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatları əsasında müəyyən etməlidir. Bu qaydalar əsasında verginin müəyyən edilməsinin mümkün olmadığı hallarda, qanunverici tərəfindən son zəruri tədbir qismində şərti rentabellik normasının tətbiqi, yəni şərti vergi məbləğinin (20 faiz ticarət əlavəsi) hesablanması qaydası nəzərdə tutulmuşdur. Qeyd olunur ki, Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanının ödənilməli verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları»na əsasən hesablamışdır. Belə ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm də bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. Nəzərə alınmalıdır ki, gəlirin əldə edilməsi ilə bağlı xərclərin sənədlərlə təsdiqini tapmadığına istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə şərti rentabelliyin birbaşa tətbiqi əsassız sayılmalıdır. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı inzibati orqan tərəfindən mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Hazırkı mübahisəyə münasibətdə həmçinin Vergi Məcəlləsinin 67-ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli vergi məbləğinin hesablanması qaydasının tətbiqini istisna edən və şərti rentabellik institutunun birbaşa tətbiqini zəruri edən əsaslar cavabdeh tərəfindən açıqlanmamışdır. Diqqətə çatdırılır ki, Vergi Məcəlləsinin 67-ci maddəsinin vergi öhdəliyinin müəyyən olunması barədə qərarın qəbulu prosedurunu tənzimləyən norma qismində deyil, həmin öhdəliyin müəyyən olunmasına dair qərarın maddi hüquqi əsası qismində, yəni vergi ödəyicisinə münasibətdə vəzifə yaradan norma qismində çıxış etdiyi nəzərə alınmalı və ona görə də birmənalı olaraq maddi hüquq norması kimi qiymətləndirilməlidir. Vergi Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. Vergi Məcəlləsinin tələblərinə əsasən, vergitutma obyekti (ödənilməli olan verginin məbləğinin nədən formalaşması (hazırkı mübahisəyə münasibətdə – gəlir/mənfəət) vergi ödəyicisinin özünün vergi uçotu göstəricilərinə əsasən və ya vergi orqanının müəyyən etdiyi gəlirlə (mənfəətlə) müəyyən olunur. Vergi orqanı tərəfindən vergitutma obyektinin (o cümlədən gəlirin/mənfəətin) müəyyən olunmasının əsas qismində isə Vergi Məcəlləsinin 67-ci maddəsi çıxış edir. Başqa sözlə, qeyd olunan norma şəxsə münasibətdə vergi öhdəliyinin müəyyənləşdirilməsi ilə bağlı dispozisiya şərtlərini təsbit edir. Bu qənaətə gəlmək üçün həmin normanın adına nəzər yetirmək kifayətdir: Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları. Burada istifadə olunan “qaydalar” ifadəsi vergi öhdəliyinin müəyyənləşdirilməsinin prosedur qaydalarını deyil, şəxsin vergi öhdəliyini, yəni vergi hüquq münasibəti subyektinin vəzifəsinin məzmununu müəyyən edən hüquqi tənzimləməni nəzərdə tutur. Bu səbəbdən həmin normanın prosessual norma kimi təfsir edilməsi yolverilməzdir. Vurğulanmalıdır ki, Vergi Məcəlləsinin şərti rentabellik normasının tətbiqini tənzimləyən 67.14-cü və 83.9-cu maddələrinin xx.xx.2024-cü il tarixdən qüvvədən düşməsinə (Məcəllədən çıxarılmasına) rəğmən, vergi orqanları tərəfindən 2020-2021-cü illər üzrə vergi yoxlamaları keçirilərkən qeyd olunan normalar vergi öhdəliyinin müəyyən olunmasının maddi hüquqi əsası qismində tətbiq edilir. Yəni analoji işlər üzrə praktikadan görünür ki, vergi orqanları da Məcəllənin 67-ci maddəsini maddi hüquq norması kimi qiymətləndirir və vergi münasibətlərinin yarandığı dövrə həmin dövrdə qüvvədə olmuş müvafiq normanı tətbiq edir. Odur ki, 2020-2021-ci illər üzrə mənfəət vergisinin birbaşa Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları»na əsasən hesablanması əsassız olmuşdur. Məhkəmə diqqətə çatdırır ki, bu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə uyğundur (xx.xx.2025-ci il tarixli, 2-1(102)- 757/2025 saylı qərardad, xx.xx.2024-cü il tarixli, 2-1(102)-943/2024 saylı, xx.xx.2024-cü il tarixli, 2-1(102)-769/2024 saylı və xx.xx.2023-cü il tarixli, 2-1(102)-2181/2023 saylı qərarlar.) «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İddia tələbinin qalan hissələri ilə bağlı məhkəmə göstərir ki, bu hissələrdə iddia əsassız olduğu üçün təmin edilə bilməz. Belə ki, xx.xx.2021 Azərbaycan Respublikası Qanunu ilə (Qanun xx.xx.2022-ci ildən qüvvəyə minmişdir) Vergi Məcəlləsinə 67.17-ci maddə əlavə edilmişdir. Həmin maddəyə görə Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Ona görə də 2023-cü il üzrə mənfəət vergisi hesablanması ardıcıllığın pozulması kimi qiymətləndirilə bilməz. Habelə, vergi hesabatının əsas olmadan Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətdə təqdim edilməməsi faktı olduğu üçün iddiaçıya 240 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi də qanuni olmuşdur. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin qəbul etdiyi xx.xx.2025-ci il tarixli, **********194869 nömrəli «Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» qərar – 2020-ci il üzrə 142375,49 manat əlavə mənfəət vergisi hesablama və 71187,75 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 2021-ci il üzrə 584198,76 manat əlavə mənfəət vergisi hesablama və 292099,38 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əliyev
Məhkəmə qərarları › İş №e-2-1(114)-4485/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-4485/2025
26.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver