Məhkəmə qərarları › İş №e-2-1(116)-1703/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-1703/2022

25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1703/2022 25.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “21 may 2010-cu il tarixdə 11 nömrəli protokola əsasən hərrac müsabiqə yolu ilə Yevlax Bələdiyyəsindən satın aldığı Yevlax şəhəri, Kamil Sabitov küçəsi ilə Q.Quliyev küçəsinin kəsişməsində yerləşən 0.012 ha sahibkarlıq təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “21 may 2010cu il tarixdə 11 nömrəli protokola əsasən hərrac müsabiqə yolu ilə Yevlax Bələdiyyəsindən satın aldığı Yevlax şəhəri, Kamil Sabitov küçəsi ilə Q.Quliyev küçəsinin kəsişməsində yerləşən 0.012 ha sahibkarlıq təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin e-xx.xx.2022-ci il tarixli, 2-1(116)-1703/2022 nömrəli qərardadı ilə Yevlax bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi cəlb edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Yevlax bələdiyyəsinin xx.xx.2009-cu il tarixli qərarı ilə Yevlax bələdiyyəsinin alqı-satqı predmeti olan 120 kv.m torpaq sahəsinin sahibkarlıq obyektinin tikintisi məqsədilə satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başlanılması qərara alınmış və həmin torpaq sahəsi üzərində Yevlax bələdiyyəsinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Sözügedən torpaq sahəsinin mülkiyyətə verilməsi məqsədilə xx.xx.2010-cu il tarixdə keçirilən müsabiqədə iddiaçı müsabiqənin qalibi hesab olunmuş, iddiaçıya 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilənin bağlanmasının qeyd olunduğu Dövlət torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Şəhadətnamə verilmiş və xx.xx.2010-cu il tarixdə iddiaçı ilə bələdiyyə arasında 11№-li daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan iddiaçı ilə Yevlax bələdiyyəsi arasında bağlanmış xx.xx.2010-cu il tarixli 11 saylı alqı-satqı müqaviləsinin notarial qaydada bağlanmamasını bildirərək müraciətin təmin olunmasından imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı, tələb hüququnu Mülki Məcəllənin 415.5-ci maddəsi ilə əsaslandırmışdır (415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.). Cavabdeh orqan iddia tələbinə etirazını ilkin imtina dəlillərinə uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs iddia tələbi üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Yevlax bələdiyyəsinin xx.xx.2009-cu il tarixli iclas protokolunun 70 №-li qərarından çıxarışdan görünür ki, Yevlax bələdiyyəsinin alqı-satqı predmeti olan 120 kv.m və ya 0.012 ha torpaq sahəsinin sahibkarlıq obyektinin tikintisi məqsədilə satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başlanılması qərara alınmışdır. - ******* qeydiyyat nömrəli, xx.xx.2010-cu il tarixli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Yevlax şəhərində yerləşən 0.012 ha torpaq sahəsi üzərində Yevlax bələdiyyəsinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon Torpaq hərrac və müsabiqə komissiyasının torpaq hərrac və ya müsabiqənin nəticələri barədə xx.xx.2010-cu il tarixli iclasının 11 №-li protokolundan görünür ki, Yevlax şəhəri ərazisində yerləşən bələdiyyənin mülkiyyətində olan 120 kv.m və ya 0.012 ha torpaq sahəsinin mülkiyyətə verilməsi məqsədilə xx.xx.2010-cu il tarixdə keçirilən müsabiqədə iştirak edən, 1200 manat ən yüksək təklif vermiş 01№-li biletin sahibi İddiaçı müsabiqənin qalibi hesab olunmuşdur. - Dövlət torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Şəhadətnamədən görünür ki, iddiaçı Yevlax bələdiyyəsinin mülkiyyətində olan 120 kv.m torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı Yevlax rayon Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən xx.xx.2010-cu il tarixdə keçirilmiş müsabiqənin qalibidir. Torpaq sahəsi müsabiqədə 1200 manata mülkiyyətə verilmişdir. Şəhadətnamə Yevlax rayon Torpaq hərrac və müsabiqə komissiyasında xx.xx.2010-cu il tarixdə 11 № ilə qeydiyyata alınmışdır və müsabiqənin qalibinə verilir. Qeyd: bu şəhadətnamə hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və fiziki şəxslə müvafiq bələdiyyə arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanması üçün əsaslıdır. - xx.xx.2010-cu il tarixli 11№-li daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Yevlax bələdiyyəsi ilə müsabiqənin qalibi olmuş iddiaçı arasında Yevlax şəhərində İİİ zonada yerləşən 0.0120 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - cavabdeh orqanın xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, elektron məlumat bazasında mövcud olan “X3 X4”nə əsasən iddiaçının naturada göstərdiyi 120 kv.m torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası şərti yararsız torpaqlar, mülkiyyətçisi Yevlax bələdiyyəsidir. İddiaçının naturada göstərdiyi 120 kv.m torpaq sahəsi **********06 reyetsr nömrəli çıxarışla Yevlax bələdiyyəsinin mülkiyyətinə verilmiş 100 kv.m torpaq sahəsi ilə üst-üstə düşür. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzrlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Mülki Məcəllə Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanun: 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İşin hallarından göründüyü kimi hazırkı inzibati mübahisənin yaranmasına səbəb cavabdeh orqan tərəfindən Yevlax şəhərində yerləşən 120 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu dövlət qeydiyyatından imtina edilməsi ilə bağlı yaranmışdır. Belə ki, iddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon Torpaq hərrac və müsabiqə komissiyasının “torpaq hərrac və ya müsabiqənin nəticələri barədə” xx.xx.2010-cu il tarixli iclasının 11 №-li protokolu və xx.xx.2010-cu il tarixli 11№-li bələdiyyə ilə arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında yarandığını iddia edir. Cavabdeh orqan isə bağlanmış müqavilənin notarial qaydada təsdiq edilməli olduğunu bildirərək müraciətin təmin edilməsindən imtina edir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin 16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna ... məqsədəuyğunluğu barədə qərar qəbul edir. İş materiallarında olan bələdiyyə tərəfindən qəbul edilən ilkin qərardan müəyyən edilir ki, Yevlax bələdiyyəsinin xx.xx.2009-cu il tarixli iclas protokolunun 70 №-li qərarı ilə açıq müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başlanılması qərara alınmış, bundan sonra ******* qeydiyyat nömrəli, xx.xx.2010-cu il tarixli çıxarışla Yevlax şəhərində yerləşən 0.012 ha torpaq sahəsi üzərində Yevlax bələdiyyəsinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İstinad olunan Əsasnamənin 22-ci bəndinin tələbinə əsasən bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Göründüyü kimi Yevlax bələdiyyəsi ******* qeydiyyat nömrəli, xx.xx.2010-cu il tarixli çıxarışla 0.012 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək müvafiq sənədləri Yevlax rayon Torpaq hərrac və müsabiqə komissiyasına göndərməli olduğu halda, belə bir inzibati akt qəbul etmədən birbaşa ilkin qərar əsasında müvafiq sənədləri hərrac və müsabiqə komissiyasına göndərmişdir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” Qaydalarının 3-cü bəndinin 2-ci abzasına əsasən bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqlarının torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə mülkiyyət və ya icarəyə verilməsi mülkiyyətçilərin qərarı ilə həyata keçirilir.

18. Dövlət və bələdiyyə mülkiyyətində saxlanılan torpaqlar müsabiqə və ya hərrac vasitəsilə mülkiyyət və ya icarəyə verildikdə müsabiqə və ya hərracın qalibinə müsabiqə və ya hərrac komissiyası tərəfindən müvafiq şəhadətnamə verilir. Bu şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqlarına münasibətdə müvafiq bələdiyyə, dövlət torpaqlarına münasibətdə isə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyi arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır. Yevlax rayon Torpaq hərrac və müsabiqə komissiyasının torpaq hərrac və ya müsabiqənin nəticələri barədə xx.xx.2010-cu il tarixli iclasının 11 №-li protokolu ilə iddiaçı 120 kv.m torpaq sahəsi ilə bağlı keçirilmiş müsabiqənin qalibi hesab edilmiş və Dövlət torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Şəhadətnamə təqdim edilmişdir. Həmin Şəhadətnamənin “qeyd” hissəsində deyilir ki, bu şəhadətnamə hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və fiziki şəxslə müvafiq bələdiyyə arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanması üçün əsasdır. İddiaçının tələb hüququnun əsası kimi istinad etdiyi Mülki Məcəllənin 415.5-ci maddəsinin hazırkı işə tətbiqi ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, həmin maddənin tələbinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir... 415.6-cı maddədə isə qeyd edilir ki, əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. Sözügedən torpaq sahəsi ilə bağlı bələdiyyə tərəfindən hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməsə də, işdə olan Dövlət torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Şəhadətnamədə “hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və fiziki şəxslə müvafiq bələdiyyə arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanması” qeydinin olması hərracın predmetinin yalnız müqavilə bağlamaq hüququ ilə bağlı olmasını göstərir. Belə olan halda iddiaçının istinad etdiyi 415-ci maddənin 6-cı bəndinin tələbləri baxımından bələdiyyə ilə iddiaçı arasında 20 gündən gec olmayaraq müqavilə bağlanmalı idi. Odur ki, Torpaq hərrac və müsabiqə komissiyasının “torpaq hərrac və ya müsabiqənin nəticələri barədə” xx.xx.2010-cu il tarixli iclasının 11 №-li protokolunun müqavilə qüvvəsinə malik olması və həmin protokolun hüquqların dövlət qeydiyyatına əsas olması ilə bağlı iddiaçının dəlilləri əsassızdır. İddiaçı ilə Yevlax bələdiyyəsi arasında bağlanmış xx.xx.2010-cu il tarixli 11№-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə münasibətdə isə məhkəmə qeyd edir ki, sözügedən müqavilənin notarial qaydada təsdiq edilməsi ilə bağlı tələb Mülki Məcəllənin 394-cü və 144.1-ci maddələrindən irəli gəlir. Belə ki, bağlanmış müqavilə Yevlax bələdiyyəsinin mülkiyyətində olan 120 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçıya verilməsi barədədir. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarial qaydada təsdiqlənməli olduğundan, xx.xx.2010-cu il tarixli 11№-li daşınmaz əmlakın alqısatqı müqaviləsinin mülki qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olmayan müqavilə olması mübahisəsizdir. Belə olan halda, iddiaçının təqdim etdiyi daşınmaz əmlakın alqı-satqı müqaviləsi notarial qaydada təsdiq olunmadığından mötəbər sübut hesab olunmur və həmin daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq etmir. Odur ki, məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi üzərində həmin torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnun yaranması üçün əsas ola biləcək hər hansı hüquq müəyyənedici sənəd mövcud deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 763/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında aşağıda qeyd olunan hüquqi mövqe öz əksini tapmışdır: Mülki Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Göründüyü kimi, müqavilənin forma tələbləri ilə bağlı şərt qanunla birbaşa tənzimlənmədiyi halda, müqavilə azadlığı prinsipi baxımından tərəflərin mülahizəsindən asılıdır. ... Bununla yanaşı, Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Eyni zamanda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsi də məzmun baxımından Mülki Məcəllənin 139-1.1.3-cü maddəsini təkrarlayır. ... Hüquq nəzəriyyəsinə əsasən, əşya hüquqları əşya üzərində hüquqi baxımdan birbaşa hakimiyyət təmin edən və bu səbəblə də hər kəsə qarşı irəli sürülə bilən əmlak xarakterli hüquqlardır. Əşya hüquqlarının predmeti bir qayda olaraq əşyadır. Əşya dedikdə isə mülki hüquq subyektlərinin faktiki sahiblik etmək imkanına və iqtidarına sahib olduqları iqtisadi dəyər kəsb edən və xüsusi mülkiyyətə əlverişli olan fiziki cisimlər başa düşülür. Bir şeyin, mülki hüquq baxımından “əşya” sayıla bilinməsi üçün həmin şey müəyyən və müstəqil əşya keyfiyyəti qazanmış olmalı və üzərində şəxsi hakimiyyətin təsis edilməsi mümkün olmalıdır. Əşya hüquqları hər kəsə qarşı irəli sürülə bilər və hər kəs bu hüquqa hörmət etməlidir (başqa sözlə, mütləq hüquqlardır). Bu baxımdan, əşya hüquqları hər kəs tərəfindən bilinməsini təmin edən təzahür formasında olmalıdır. Buna ədəbiyyatda “əşya hüquqlarının şəffalığı” prinsipi də deyilir. Daşınmaz əmlakla bağlı əşya hüquqlarının mövcudluğu “reyestrdəki qeydlər” vasitəsi ilə müəyyən olunur. Eyni zamanda, əşya hüquqlarında “vicdanlılığın qorunması” prinsipi rəhbər tutulur (MM-nin 140,148.2,149.2-ci maddələri). Əşya hüquqlarından istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur. ... Sərəncam hüququ isə mülkiyyətdə olan əmlakın müqəddəratının həll edilməsinin hüquqi imkanlarını nəzərdə tutur ki, bu hüquq yalnız mülkiyyətçiyə məxsusdur. ... MM-nin eyni məzmunlu 139-1.1.3-cü maddəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr dedikdə, qanunvericilikdə notarial təsdiqlənməsi forma şərti baxımından məcburi olan müqavilərdən söhbət gedir. Mülki Məcəllə ilə tərəflərin üzərinə notarial qaydada bağlanmasına dair imperativ göstəriş qoyulmamış müqavilələrin notariat qaydasında təsdiqlənməsini tələb etmək qanunvericilik normalarına ziddir. Göründüyü kimi istinad olunan qərarda əmlak üzərində sərəncam verməklə bağlı olan hüququn, icarə hüququndan fərqli olaraq əşya hüququna aid olduğu qeyd edilməklə, belə bir hüququn realizəsi üçün Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən notarial qaydada təsdiqlənmiş müqavilənin bağlanmasının zəruriliyi qeyd edilmişdir. Həmçinin Ali Məhkəmənin İnzibati Kollegiyasının 763/2020 və 991/2022 nömrəli qərarlarında notarial qaydada təsdiq edilməyən alqı-satqı müqavilələrinin mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmış müqavilə kimi qiymətləndirilməməsi və bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilənin notariat qaydasında təsdiqlənməli olması ilə bağlı hüquqi mövqe öz əksini tapmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı və Yevlax bələdiyyəsi arasında bağlanmış xx.xx.2010-cu il tarixli 11№-li daşınmaz əmlakın alqı-satqı müqaviləsi notarial qaydada təsdiqlənmədiyindən mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmış müqavilə kimi qiymətləndirilmir. Odur ki, cavabdeh orqanın iddiaçının müraciətini təmin etməkdən imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 1.2.bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan faktiki xarakterli digər fəaliyyətinin (hərəkətlərinin) mübahisələndirilməsinə dair işlərə isə öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia qaldırmaqla baxılmalıdır. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “21 may 2010-cu il tarixdə 11 nömrəli protokola əsasən hərrac müsabiqə yolu ilə Yevlax Bələdiyyəsindən satın aldığı Yevlax şəhəri, Kamil Sabitov küçəsi ilə Q.Quliyev küçəsinin kəsişməsində yerləşən 0.012 ha sahibkarlıq təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar