Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1710/2024 25.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı "cavabdehin vergiləri, sosial siğorta və işsizlik sığortası haqqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv olunması barədə qərar qəbul edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən əsassız və qanunsuz olaraq hesablanmış 18846 (on səkkiz min səkkiz yüz qırx altı) manat ƏDV borcuna dair qəbul edilmiş qərarının ləğv edilməsi, sözügedən qaimənin qanuna müvafiq olması səbəbindən risksiz olması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “cavabdehin vergiləri, sosial siğorta və işsizlik sığortası haqqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv olunması” barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, uzun müddətdir sahibkarlıq fəaliyyəti ilə məşğul olur, heç vaxt gömrük və ya vergi orqanları ilə problemi olmayıb, bütün vergi və sosial ödənişləri vaxtlı-vaxtında ödəmişdir. İşğaldan azad olunmuş ərazilərdə dövlət lahiyələrində müxtəlif su elektrik stansiyalarının salınması və onların su boru xətlərinin təchizatının salınmasında xidmətlər göstərir. Bu işin faktiki tərəfləri ilə bağlı qeyd edir ki, 25 may 2023-cü il tarixində "xxxx" MMC ilə müqavilə bağlamışıq. Həmin müqavilə və ona əlavə olunmuş Protokol əsasında ümumi dəyəri 123546 (yüz iyirmi üç min beş yüz qırx altı) manat olan 5 adda texniki avadanlıq (generator, qaynaq aparatı) almışdır. "xxxx" MMC ilə həmin malların təhvil-təslim edilməsinə dair xx.xx.2023-cü il tarixli 05/23 saylı Malların təhvil-qəbul aktı da imzalamışdır. Müqaviləyə əsasən aldığı malları EBDG seriyalı 404047 nömrəli elektron qaimə təqdim etməklə almışdır. 2023-cü ilin dekabr ayında məlum olmuşdur ki, həmin texniki avadanlıqların alınması riskli əməliyyat olduğundan EBDG seriyalı 404047 nömrəli elektron qaimə üzrə əvəzləşdirmə qeyri-mümkündür və ƏDV ödənişindən kənarlaşma yaranması səbəbindən 18846 manat ƏDV borcu yaranmışdır. İddiaçı 11 saylı Ərazi Vergilər Baş İdarəsinə dəfələrlə bildirmişik ki, bu əməliyyatın riskli olması barədə məlumatı olmayıb, başqa sözlə desək, mövcud problemin yaranması iddiaçının təqsirindən və ya hər hansı hüquqazidd əməlindən yaranmamışdır. Apardığı əməliyyat üzrə ƏDV və gəlir vergisi hesabatlarını təqdim etmişdir. Bir vacib məsələni də qeyd edir ki, "xxxx" MMC 25 may 2023-cü il tarixdə, hətta ondan əvvəl də Riskli vergi ödəyiciləri siyahısında olmamışdır. Belə ki, Dövlət Vergi Xidmətinin rəsmi internet saytında da bu məsələni yoxlamışdır. Lakin 11 saylı Ərazi Vergilər Baş İdarəsi heç bir əsas olmadan, tamamilə qanunsuz şəkildə iddiaçıya 18846 manat ƏDV borcu hesablamaqla Qərar qəbul etmişdir. O, bu qərarla razı deyil və qərarı mübahisələndirmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, aparılmış araşdırma zamanı İddiaçı MMC-nin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN:**********) xx.xx.2023-cü il tarixli EBDG seriyalı 404047 nömrəli qaimədə qaynaq aparatı və generatorların alındığı rəsmiləşdirilsə də əslində 4 müəssisənin (İddiaçı MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) iştirakı ilə qurulmuş sxem əsasında əmtəəsiz əməliyyatın aparıldığı müəyyən edilmişdir. Əməliyyatın əmtəəsiz aparıldığının vergi orqanı tərəfindən müəyyən edilməsinin mümkünsüz etmək məqsədilə çoxpilləli alqı-satqı əməliyyatları sxeminin qurulduğu müəyyən edilmişdir. Belə ki, sözügedən qaimədə göstərilən malların mənşəyinin müəyyən edilməsi məqsədilə aparılmış inzibati araşdırma ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli EBDG seriyalı 404047 nömrəli qaimədə göstərilən malların "xxxx" MMC tərəfindən "xxxx" MMC-dən (VÖEN:**********), "xxxx" MMC tərəfindən isə "xxxx" MMC-dən (VÖEN:**********) alındığı rəsmiləşdirilmiş, lakin, "xxxx" MMC-nin aldığı malların tərkibində isə EBDG seriyalı 404047 nömrəli qaimədə göstərilən mallar aşkar edilməmişdir. İşin faktiki hallarından və qanunvericiliyin tələblərindən göründüyü kimi “CENCO" MMC ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli EBDG seriyalı 404047 nömrəli elektron qaimə ilə təqdim olunduğu göstərilən mallara münasibətdə əmtəəsiz əməliyyatlar aparıldığı öz təsdiqini tapmışdır. Analoji mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1212/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarında da göstərilmişdir. Göründüyü kimi “CENCO" MMC "xxxx" MMC ilə əmtəəsiz əməliyyat aparmış və bu səbəbdən də “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 13 fevral 2024-cü il tarixli **********661700 nömrəli qərar Vergi Məcəlləsinin 163.1.1-ci, 163.2.2-ci və 175.11-ci maddəsinin tələblərinə uyğun qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Ona görə də vergi ödəyicisi tərəfindən təqdim olunmuş 2023-cü ilin dekabr ayının ƏDV bəyannaməsi kameral qaydada yoxlanan zaman həmin maddənin tələbləri nəzərə alınaraq vergi ödəyicisinin əmtəəsiz əməliyyat rəsmiləşdirdiyi xx.xx.2023-cü il tarixli EBDG seriyalı 404047 nömrəli elektron qaiməyə əsasən əvəzləşdirdiyi 18846 manat ƏDV məbləği əvəzləşmədən çıxarılaraq həmin məbləğə uyğun ƏDV-nin dəqiqləşdirilməklə hesablanması təmin edilmişdir. Bundan başqa həmin bəyannamədə vergi ödəyicisi tərəfindən əvəzləşdirilən dövriyyəyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli EBDO seriyalı 928065 nömrəli və xx.xx.2023-cü il tarixli EBDO seriyalı 974450 nömrəli qaimələrdəki ƏDV məbləğlərinin (99+90=189 manat) 2023-cü ilin noyabr ayında tam məbləğdə əvəzləşdirilən dövriyyəyə əlavə edildiyi müəyyən edilərək 189 manat məbləğində ƏDV-nin hesablanması təmin edilmişdir. Beləliklə də vergi ödəyicisinin 2023-cü ilin dekabr ayı üçün təqdim etdiyi ƏDV bəyannaməsinin kameral yoxlanması nətricəsində 18846+189=19035 manat məbləğində əlavə ƏDV məbləği hesablanmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirakını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 13 fevral 2024-cü il tarixli **********661700 nömrəli qərar;
2. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2024-cü il tarixli **********498200 nömrəli qərar;
3. Cavabdehin etiraz məktubu və ona əlavə edilən sənədlər.
Əsaslandırma hissəsi
Hazırkı iddia, növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formalhüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddihüquqi baxımdan qanunilik). İddiaçı cavabdeh orqanın qərarı ilə onun subyektiv hüquqlarına birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 13 fevral 2024-cü il tarixli **********661700 nömrəli qərarın qərarını mübahisələndirmişdir. İddia ərizəsi xx.xx.2024-ci il tarixində verildiyindən Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddətin buraxılmamışdır. İddia mümkün iddiadır. Aşağıdakı normaları işin hallarına tətbiq edən məhkəmə hesab edir ki,iddia mahiyyət etibarı ilə əsaslıdır. Cavabdehin qərarının əsasını iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli EBDG seriyalı 404047 nömrəli elektron qaiməyə əsasən əvəzləşdirdiyi 18846 manat ƏDV məbləği əvəzləşmədən çıxarılaraq həmin məbləğə uyğun ƏDV-nin dəqiqləşdirilməklə hesablanması, xx.xx.2023-cü il tarixli EBDO seriyalı 928065 nömrəli və xx.xx.2023-cü il tarixli EBDO seriyalı 974450 nömrəli qaimələrdəki ƏDV məbləğlərinin 99+90=189 manat əlavə dəyər vergisi vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyi üçün təqdim edilmiş ƏDV bəyannaməsi üzrə kənarlaşmalar yaranması təşkil etmişdir.Nəticə etibarı ilə ümumilikdə 19035 manat məbləğində əlavə vergi hesablanmaqla iddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 13 fevral 2024-cü il tarixli **********661700 nömrəli qərar qəbul edilmişdir. Mübahisələndirilən qərar riskli hesab olunan elektron qaimə-fakturaları təqdim edən “MOLATER ES" MMC ilə iddiaçı arasında 25 may 2023-cü tarixli müqavilənin bağlanması nəticəsində qəbul edilmişdir. İş materillarından müəyyən edilir ki, iddiaçı ilə “MOLATER ES" MMC ilə arasında alqı-satqı müqaviləsi 25 may 2023-cü il tarixində bağlanmışdır. Təqdim edilən sənədlrədən görünür ki, “MOLATER ES" MMC xx.xx.2024-cü il tarixli qərara əsasən riskli vergi ödəyicisi hesab edilmişdir. Müvafiq əməliyyatlar aparıldıqdan sonra tərəflərdən birinin riskli vergi ödəyicisi hesab edilməsindən irəli gələrək həmin dövr üzrə yoxlamanın həyata keçirilməsi və inzibati aktın qəbul edilməsi əsasları vergi qanunvericiliyində nəzərdə tutulmadığından mübahisə predmeti olan inzibati akt ləğv edilməlidir. Belə ki,Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Yəni, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. İddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. İddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi sənədlər (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı həmin elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur.(Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1234/2023 saylı 22.xx.xx.2024-cü il tarixli qərarında təsbit olunan hüquqi mövqe). Cavabdeh vergi orqanı iddiaçıya Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən ƏDV hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxsin (mal aldığı şəxsin) təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilməsinin baş tutubtutmaması ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-480/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında təsbit olunan hüquqi mövqe). Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Maddə 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. ... Maddə 37.4. kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt;. ... 175.11. Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 28 iyul 2020-ci il tarixdə 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”: 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. “İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 58. İnzibati akta dair ümumi tələblər 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır . İnzibati Prossesual Məcəllənin: 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Mülki Prossesual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı barəsində qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 13 fevral 2024-cü il tarixli **********661700 nömrəli qərarı ləğv edilir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.