Məhkəmə qərarları › İş №e-2-1(116)-180/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-180/2023

10.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-180/2023 10.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunmağı və işə bərpa edilməyinə dair məhkəmə aktı icra edildiyi günədək məcburi buraxılmış iş vaxtına görə əmək haqqının ona ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, işdən azad olunmağı ilə bağlı olan əmri ləğv edərək yenidən işə bərpa olunmağı barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı 10 oktyabr 2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “əmrin ləğv edilməsi, işə bərpa olunma və işə bərpa edilməsinə dair məhkəmə aktı icra edildiyi günədək məcburi buraxılmış iş vaxtına görə əmək haqqının ona ödənilməsi” qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə o, 2016 - 2018-ci illər ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 17 saylı regional idarəsində rəis ,2018-2019-cu il ərzində Qızılbalıq yetişdirmə zavodunun direktoru, 2019-cu ildən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində baş məsləhətçi-müfəttiş vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir. İ dərəcəli Dövlət qulluqçusudur, ailəlidir ,3 övladı var, Yeni Azərbaycan Partiyasının fəal üzvüdür. İşlədiyi müddət ərzində rəhbərlik tərəfindən verilən bütün tapşırıqları layiqincə və şərəflə yerinə yetirmişdir. Dövlət qulluğunda olan 15 illik əmək fəaliyyətinin 12 ilini rəhbər vəzifələrdə çalışmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 135/Ü nömrəli əmri ilə işlədiyi idarədə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan dövr üzrə audit tədbirləri keçirilmişdir. Audit yoxlamanın yekununda akt tərtib edilmiş lakin həmin aktla onları tanış etməmişlər və sonradan ona məlum olmuşdur ki, həmin aktda onunla bağlı hər hansı bir nöqsan qeyd edilməmişdir. İdarənin həmin dövr üzrə rəhbəri vəzifəsində işləyən Şahin Əliyev nazirliyin daxili nəzarət və audit şöbəsinin əməkdaşı Samir Kərimovla əvvəldən aralarında olan mübahisə idi ki, Samir Kərimovla o, həmkəndli olduğu üçün ona qarşı qərəzli mövqe tutmuşdur. Audit tədbiri zamanı onun işi ilə bağlı ona heç bir nöqsan tutulmamış, lakin 01 aprel 2022-ci il tarixdə nazirliyin Hüquq və İnsan resursları şöbəsinin müdiri Aynurə Kərimovanın dəvəti ilə Bakı şəhərində qəbulunda olmuş, qəbul zamanı ona işdən çıxmaq barədə ərizə yazmağını bildirmiş, əks təqdirdə onu maddə ilə çıxaracaqlarını bildirmişlər. O, ərizə yazmaqdan imtina etmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 321/Ü nömrəli əmri ilə həmin tarixdən həvalə olunmuş vəzifələrini lazımı şəkildə yerinə yetirmədiyi bildirilərək "Dövlət qulluğu Haqqında" Azərbaycan respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən dövlət qulluğundan haqsızlığa uğrayaraq azad edilmişdir. Ona əmrin surəti təqdim edilsədə, audit zamanı tərtib edilmiş aktın surətini dəfələrlə tələb etsə də verməmişlər.15 aprel 2022-ci il tarixdə Kürdəmir rayonunda vətəndaş qəbulu zamanı cənab nazir Muxtar Babayevin qəbulunda olmuş və ərizə ilə ona müraciət etmişdir, lakin təqdim etdiyi ərizə onun iştirakı ilə araşdırılmamış və bir daha aydın olmuşdur ki, ona qarşı qərəzli mövqe tutulmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixli etirazında qeyd etmişdir ki, Nazirliyin 15 fevral 2022-ci il tarixli 135/Ü nömrəli Əmrinə əsasən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində (bundan sonra- İdarə) 01 yanvar 2021-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək olan dövr üzrə audit tədbirləri həyata keçirilmişdir. Audit araşdırması zamanı İdarənin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun baş məsləhətçi-müfəttiş vəzifəsində işləmiş İddiaçı tərəfindən 2021-ci il ərzində cəmi 7 ədəd akt, 3 ədəd protokol tətbiq edilməsi, 2 302,52 manat ziyan hesablanması və bundan cəmi 145 manat ziyanın ödətdirilməsinin təmin olunması, ətraf mühitə mənfi təsirin qarşısının alınması məqsədilə cəmi 1 Məcburi göstərişin tətbiq edilməsi və ətraf mühitdən istifadəyə görə ümumiyyətlə ödəmə tətbiq olunmaması müəyyən edilmişdir. Akşin Qafurov üzərinə düşən vəzifə və öhdəliklərini lazımi şəkildə yerinə yetirməmişdir. Belə ki, müvafiq Sərəncamlara əsasən İddiaçı Kürdəmir rayonu üzrə xidmət göstərməsi həvalə edilmişdir. Həmin rayon üzrə 85 ətraf mühitdən istifadə edən fiziki və hüquqi şəxs müəyyən edilməsinə baxmayaraq onun tərəfindən həmin şəxslərə qarşı ümumiyyətlə heç bir ödəmə tətbiq edilməmişdir. Bundan əlavə İddiaçı tərəfindən ətraf mühitə atılan (axıdılan) və yerləşdirilən tullantıların müəyyənləşdirilməsi istiqamətində heç bir tədbir görülməmiş, dövlət ekoloji ekspertiza rəylərinin tələblərinə riayət edilməsinə nəzarət olunmamış, təbii ehtiyyatlardan istifadə və ətraf mühitin mühafizəsi sahəsində ayrı-ayrı fəaliyyət növlərinin həyata keçirilməsi üçün verilən lisenziya və icazənin, təbiətdən istifadə müqavilələrinin şərtlərinə əməl edilməsinə nəzarət edilməsi istiqamətində müvafiq işlər aparılmamışdır. İddiaçı Nazirliyin əsas binasına dəvət edildiyi zaman o fəaliyyətsizliyini, yəni vəzifə təlimatı üzrə öhdəliklərini lazımi şəkildə yerinə yetirməməsini xidməti ərazidə olduğu zaman ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan qanun pozuntularını aşkar etsə də, akt və inzibati xəta haqqında protokol tərtib etmədən təqsirkar şəxslərin maarifləndirilməsi ilə izah etmişdir ki, vəzifə təlimatına əsasən maaarifləndirmə təbdbirlərini həyata keçirmək onun səlahiyyətlərinə aid deyildir. Bundan əlavə İddiaçı 10 noyabr 2016-cı il tarixindən 17 saylı Ərazi Ekologiya və X2 müdiri vəzifəsinə təyin edilsədə 02 noyabr 2020-ci il tarixindən üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirmədiyindən və etimadı doğrultmadığından daha aşağı vəzifə olan 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun baş məsləhətçi-müfəttişi vəzifəsinə keçirilmişdir. Məlumat üçün bildiririk ki, İdarənin 25 oktyabr 2021 -ci il tarixli 71 nömrəli Əmrinə əsasən verilmiş tapşırıqları yerinə yetirmədiyinə görə İddiaçı töhmət verilmişdir. Göründüyü kimi İddiaçı işlədiyi müddətdə həvalə olunmuş vəzifələri lazımi şəkildə yerinə yetirməmişdir. Nəticədə İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən dövlət qulluğundan azad edilmişdir. Məhkəmə iclasında iddiaçı və iddiaçının vəkili (nümayəndəsi iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Aşağıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir : - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2020-ci il tarixli 745/K nömrəli, xx.xx.2016-cı il tarixli 784/K nömrəli, xx.xx.2019-cu il tarixli 422/K nömrəli, xx.xx.2018-ci il tarixli 700/K nömrəli, xx.xx.2018-ci il tarixli 649/K nömrəli, və əmri; - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 321/Ü nömrəli və xx.xx.2021-ci il tarixli 71 nömrəli 8 saylı RETSİ-nin əməkdaşlarının intizam məsuliyyəti barədə əmri; Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.” İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı cavabdehin əmrləri ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin əmrləri mübahisələndirmişdir. Həmçinin, iddiaçı mübahisəli xx.xx.2022-ci il tarixli əmrin ləğvi ilə bağlı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki,iddiaçı 25 may 2022-ci il tarixdə ilkin mediasiya sessiyası üçün ərizə ilə müraciət etmişdir. Cavabdeh mediasiya sessiyasından imtina etdiyində bu barədə 6 saylı Medasiya təşkilatı tərəfindən arayış təqdim edilmişdir. Bu hallara istinadən məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsi nəzərdə tutulmuş müddət çərçivəsində təqdim edilmişdir. Mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkün iddadır.İddia mahiyyət etibarı ilə əsaslıdır. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsaslı hesab edir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun : Maddə 18. Dövlət qulluqçusunun əsas vəzifələri 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: (-); 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; [66] 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. Maddə 20 Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər 20.1. Dövlət qulluqçusunun aşağıdakılara ixtiyarı yoxdur: 20.1.1. dövlət orqanlarında əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa; 20.1.2. elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa; 20.1.3. dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa; 20.1.4. dövlət qulluğuna xitam verildikdən sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə; 20.1.5. qulluq keçdiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getməyə; 20.1.6. qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etməyə; 20.1.7. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə; 20.1.8. dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə və dövlət orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə. 20.2. Seçki komissiyasının həlledici səs hüquqlu üzvü dövlət qulluğunda ola bilməz. 20.3. Dövlət qulluqçusu bu maddənin tələblərinə zidd hərəkət etdikdə, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, xəbərdarlıq aldıqdan sonra otuz gün ərzində o, dövlət qulluğuna, yoxsa başqa fəaliyyətə üstünlük verdiyini özü üçün müəyyən edərək gəldiyi qərar barəsində qulluq keçdiyi dövlət orqanının rəhbərinə məlumat verməlidir. Maddə 25. Dövlət qulluqçusunun məsuliyyəti 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. 25.4. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 25.5. Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. 25.7. Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. Qanun 25.11-ci maddəsinə əsasən dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. Maddə 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: (-); 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; (-). Maddə 34. Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.

32. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanun: Maddə 5.1. Dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Maddə 9. Dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır. Maddə 23.1. Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. İnzibati orqanın qərar qəbul edərkən işin mahiyyətinə yad olan aspektləri nəzərə alıb-almamasını yoxlayarkən, məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini həmin səlahiyyətin məqsədinə (şübhə mövcud olduğu təqdirdə bu məqsəd təfsir vasitəsilə araşdırılır) uyğun həyata keçirib keçirmədiyinə nəzər yetirir. İnzibati orqanın diskresion səlahiyyət daxilində qəbul etdiyi qərar inzibati icraatın gedişində lazımi qaydada və tam şəkildə müəyyən edilmiş faktlara əsaslanmalıdır. Diskresion səlahiyyət əsasında qəbul edilmiş və işin mahiyyətinə uyğun əsaslandırılmış qərarın yoxlanılması zamanı inzibati orqanın inzibati icraatın ümumi prinsiplərini nəzərə alması da həlledici əhəmiyyət kəsb edir. Buraya, həmçinin bərabərlik prinsipinə riayət edilməsi (İİQ-nin 12-ci maddəsi) və mütənasiblik prinsipinin nəzərə alınması (İİQ-nin 17-ci maddəsi) aiddir. Mütənasiblik prinsipinə müvafiq olaraq, inzibati orqanın hüquqlara müdaxilə edən tədbirləri inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, eləcə də həmin məqsədə çatmaq üçün zəruri və yararlı olmalıdır. Mütənasiblik yararlılıq, zərurilik və uyğunluq kimi üç əlamətdən ibarətdir. Şəxsin subyektiv hüquqlarına müdaxilə o halda qeyri-mütənasib hesab olunur ki, o, güdülən məqsədə çatmaq üçün yararsız və ya qeyri-zəruri olsun (məsələn, həmin məqsədə çatmaq üçün daha yumşaq vasitənin olması səbəbindən). Bundan başqa, konkret müdaxilə güdülən məqsədə qeyri-mütənasib ola bilməz. İnzibati orqanın diskresion səlahiyyəti həyata keçirə bildiyi və ya həyata keçirməli olduğu şəraitdə qəbul etdiyi qeyri-mütənasib inzibati akt, təkcə qeyri-mütənasib hissəyə münasibətdə deyil, bütövlükdə qanunsuz hesab olunur. Qeyd olunanlar ayrı-ayrılıqda aşağıdakıları bildirir: İnzibati orqan yararlı olan tədbiri həyata keçirmiş olmalıdır. Bu, o deməkdir ki, inzibati orqan hər hansı bir müdaxilə tədbiri həyata keçirməklə icazə verilən, qanuni məqsəd güdür və həmin tədbir bu məqsədə çatmanı təmin etməlidir. İnzibati orqanın hərəkəti həmçinin zəruri olmalıdır. Dövlətin adından edilən hərəkətin zəruriliyi ona görə vacib amil hesab olunur ki, kiçik problemlərin böyük tədbirlər vasitəsilə aradan qaldırılması hüquqi dövlətin tələblərinə uyğun sayılmır. Tədbir o zaman zəruri olur ki, inzibati orqan mümkün olan bir neçə yararlı davranış variantından maraqlı şəxsə münasibətdə ən yumşağını seçsin. İnzibati orqanın hərəkəti eyni zamanda mütənasib, yəni uyğun olmalıdır. Əgər yararlı və digər vasitələrlə müqayisədə, hətta ən yumşaq olan vasitə belə, vətəndaşın hüquqlarının məhdudlaşdırılmasına münasibətdə ədalətli olmazsa, tətbiq edilə bilməz. Məqsəd və vasitə arasındakı mütənasiblik İİQ-nin 17-ci maddəsində təsbit edilən və bütün inzibati orqanların davranışına şamil edilməli olan prinsipdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 321/Ü nömrəli 8 saylı RETSİ-nin əməkdaşlarının intizam məsuliyyəti barədə əmrindən görünür ki, həvalə olunmuş vəzifələrini lazımi şəkildə yerinə yetirmədiyinə görə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi-müfəttişi İ dərəcə dövlət qulluqçusu İddiaçı “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən dövlət qulluğundan azad edilmişdir. Məhkəmə həmçinin işdə olan sənədlərə hüquqi qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində xx.xx.2022-ci il tarixli əmr verilərkən qanunvericiliyin tələbləri pozulmuş, bütövlükdə icraat natamam aparılmışdır. Belə ki,spzügedən Əmrdə iddiaçının dövlət qulluğundan azad edilməsi aşağıdakı kimi əsaslandırılmışdır: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 fevral 2022-ci il tarixli 135/Ü nömrəli Əmri ilə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində 01 yanvar 2021-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək olan dövr üzrə audit tədbirləri həyata keçirilmişdir. Audit araşdırılması zamanı bir sıra nöqsan və çatışmazlıqlar aşkar edilmişdir. İdarə tərəfindən yoxlama dövrü ərzində cərimələrin könüllü ödənilməməsinə baxmayaraq, əksər işlər üzrə məcburi icra edilməsi üçün iş üzrə materialların aidiyyəti orqanlara göndərilməsi təmin edilməmişdir. İdarənin əməkdaşları tərəfindən aktların tərtib edilməsi zamanı bir sıra nöqsanlara yol verilmiş, eləcə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin məsuliyyət müəyyən edən maddəsi düzgün tətbiq edilməmiş, nəticədə təbiətə dəymiş ziyan düzgün hesablanmamışdır. İdarənin ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun əməkdaşları tərəfindən tərtib edilmiş aktlar yalnız baş vermiş ekoloji pozuntularla əlaqədar olmuş, "Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması”Qaydalarına uyğun olaraq ekoloji sferalar üzrə, monitorinq aparılmamış, xidməti ərazi üzrə ekoloji vəziyyətin qiymətləndirilməsi işləri həyata keçirilməmiş, ətraf mühitə olan təsirlərin kəmiyyət və keyfiyyət göstəricilərinin elmi əsaslarla müşahidəsi və proqnozlaşdırılması istiqamətində qanunamüvafiq işlər görülməmişdir. İdarə tərəfindən ekspertiza rəylərinin icrasına nəzarət edilməmiş, bir sıra məcburi göstərişlər üzrə, o cümlədən, tibbi tullantıların daşınması üçün müqaviləsi olmayan 19 tibb müəssisəsi barəsində heç bir tədbir görülməmiş və müvafiq məcburi göstəriş verilməmişdir. Dislokasiya üzrə 350 sayda müəssisəyə qarşı cəmi 86 müəssisə tərəfindən 2TG hesabatı təqdim edilmişdir. Hesabat təqdim etməyən müəssisələr barəsində heç bir tədbir görülməmişdir. Eyni zamanda, yerin təki üzrə cəmi 3 monitorinq aktı və 1 inzibati xəta haqqında protokol tərtib edilmiş, faydalı qazıntı yataqlarına nəzarət tələb olunan səviyyədə həyata keçirilməmişdir. Araşdırma zamanı bir sıra əməkdaşların fəaliyyətinin qeyri-qənaətbəxş olduğu, həvalə olunmuş əmək funksiyalarının lazımi şəkildə yerinə yetirilmədiyi müəyyən edilmişdir. Audit yoxlamasının nəticəsi üzrə xx.xx.2022-ci ildə audit aktı tərtib olunmuş və həmin akt Ekologiya Nazirliyinə göndərilmişdir. Bununla da həvalə olunmuş vəzifələrini lazımi şəkildə yerinə yetirmədiyinə görə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçimüfəttişi, İ dərəcə dövlət qulluqçusu İddiaçı "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən cavabdehin xx.xx.2022-ci il tarixli, 321Ü nömrəli əmri ilə dövlət qulluğundan azad edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin xx.xx.2022-ci il tarixli 321/Ü nömrəli əmrinə əsasən, iddiaçının "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən dövlət qulluğundan azad edilməsinə əsas 21 fevral 2022-ci il tarixli audit aktı olmuşdur. Məhkəmə qeyd edir ki, intizam tənbeh tədbirinə əsas olmuş audit aktı xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, lakin iddiaçının mübahisələndirdiyi əmr “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 25.2-ci maddəsinin tələblərinə zidd olaraq xx.xx.2022-ci il tarixdə, yəni pozuntu aşkar edildikdən 1 ay 17 gün sonra verilmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh intizam tənbehinə əsas olmuş pozuntunun aşkar edildiyi gündən 1 ay müddətində iddiaçıya intizam tənbehi verməli olduğu halda, qanunda nəzərdə tutulan bu müddəti ötürmüş və həmin müddətin ötürülməsinin üzrlü olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Oxşar işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1188/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarında yuxarıda qeyd olunan hüquqi mövqe təsbit olunmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, hazırki iş üzrə mübahisəli əmrin qanuni və əsaslı olmaması müəyyən olunmuş, cavabdeh orqan əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Odur ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 321/Ü nömrəli 8 saylı RETSİ-nin əməkdaşlarının intizam məsuliyyəti barədə əmri iddiaçıya aid hissədə ləğv edilməli, İddiaçı işə bərpa olunmalı və işə bərpa edildiyi günədək məcburi buraxılmış iş vaxtına görə əmək haqqının ona ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 321/Ü nömrəli 8 saylı əmri iddiaçıya aid hissədə ləğv edilir. İddiaçı işdən azad edildiyi dövr üçün ona məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqı ödənilməklə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi-müfəttişi vəzifəsinə işə bərpa olunması öhdəliyi cavabdehin üzərinə qoyulur. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar