Məhkəmə qərarları › İş №e-2-1(116)-1926/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-1926/2025

23.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1926/2025 23.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli **********5917 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli **********5917 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - cavabdehin “Operav vergi nəzarənin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********7406 nömrəli qərarı ilə iddiaçının sahibkarlıq fəaliyyət göstərdiyi Mingəçevir şəhəri, H.Əliyev prospekti 49 ünvanında yerləşən “lombardda” nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsinə dair operativ vergi nəzarət tədbiri təyin edilmiş və aparılmış nəzarətin nəticəsi üzrə xx.xx.2024-cü il tarixli DVX 001466 nömrəli “Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl edilməsinə riayət olunması vəziyyəti haqqında” Akt tərtib edilmişdir. Sözügedən akta əsasən vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 1230215.0 manat kreditin nağd qaydada verildiyi və təqvim ili ərzində birinci dəfə belə hala yol verdiyini nəzərə alaraq Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 10 faiz miqdarında, yəni 123021.50 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Qeyd edilən akta əsasən xx.xx.2024-cü il tarixli **********5917 nömərli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Həmin qərarla vergi ödəyicisinə 123021.50 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. Hesab edilmişdir ki, vergi orqanın operativ vergi nəzarət tədbirinin nəticəsi üzrə qəbul etdiyi inzibati akt aşağıdakı səbəblərə görə əsassız və qanunsuzdur:

1. Operativ vergi nəzarətinin keçirilməsi haqqında qərar əsaslandırılmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra mətndə VM-in) 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və VM-nin 50.1.1-50.1.14-cü maddələrində nəzərdə tutulan məsələləri əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar müəyyən edilmişdir. Bunlar aşağıdakılardır: 1) vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 2) vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 3) vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 4) vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 5) vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Sözügedən Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Beləliklə, hazırkı iş üzrə vergi orqanı tərəfindən yuxarıda qeyd olunan normaların tələblərinə tam riayət edilməmişdir. Belə ki, vergi orqanın operativ vergi nəzarənin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hansına görə (məs.: cavabdeh tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktların və ya cavabdeh tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdiyi məlumatların olması; iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə cavabdehin tələblərinin bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilməməsi; cavabdehin bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin iddiaçı tərəfindən pozulması barədə kifayət qədər əsasının olması və vergi ödəyicisinin riskli vergi ödəyicisinin olması) operativ vergi nəzarətinin həyata keçirilməsi öz əksini tapmamış, bununla da VM-nin 50.2-ci maddəsinin tələbləri pozulmuşdur. Cavabdeh qərarda yalnız qanunvericiliyin tələblərinin pozulması barədə kifayət qədər əsasın olmasını qeyd etməsinə baxmayaraq, həmin əsasların nələrdən ibarət olmasını, hansı məlumatlara istinad etməsini qeyd etməmişdir. Eyni zamanda, qeyd edilmişdir ki, operativ vergi nəzarətin həyata keçirilməsi haqqında qərarların əsaslandırılmaması, yəni nəzarətin başlanması üçün qanunla nəzərdə tutulmuş əsasların qərarda qöstərilməməsi operativ vergi nəzarətin tamamilə qanunsuz hesab edilməsi üçün əsas kimi qəbul edilir. Qeyd olunan hüquqi mövqe AR Ali Məhkəmənin bir neçə qərarlarında formalaşdırdığı məhkəmə təcrübəsində də öz əksini tapıbdır. Belə ki, operav vergi nəzarətinin keçirilməsi ilə bağlı mübahisəyə aid olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin 18 aprel 2018-ci il tarixli 2- 1(102)-510/2018 nömrəli, 31 oktyabr 2018-ci il tarixli 2-1(102)-1754/2018 nömrəli, 27 noyabr 2019-cu il tarixli 2- 1(102)-3327/2019 nömrəli və 28 oktyabr 2020-ci il tarixli 2-1(102)-1947/2020 nömrəli xx.xx.2022-ci il tarixli 2-1(102)-1335/2022 nömrəli qərarlarınının məzmununda da vergi orqanının kassasiya şikayənin təmin edilməməsi əsaslarından biri kimi, operativ vergi nəzarətin həyatakeçirilməsi haqqında qərarın əsaslandırılmaması göstərmişdir.

2. Məsuliyyətə cəlb edilməsi barədə qərar əsaslandırılmadan qəbul edilmişdir. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şərait, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. “İnzibati icraat haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Vergi Məcəlləsinin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Göstərilən normaların tələblərinə zidd olaraq, vergi orqanı operativ vergi nəzarəti tədbirinin materiallarına baxılmasının nəticəsi üzrə qəbul etdiyi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə qərar ümumiyyətlə əsaslandırılmamış, iddiaçının özünün müdafiəsi üçün gətirdiyi dəlillər ümumiyyətlə yoxlanılmamış, yalnız vergi nəzarət tədbirinin nəticəsi üzrə tətbiq edilmiş maliyyə sanksiyasının qeyd edilməsi ilə kifayətlənmişdir.

3. Vergi orqanı operativ vergi nəzarət tədbiri zamanı vergi qanunvericiliyinin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Vergi Məcəlləsinin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 36.3-ci maddəsinə görə bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Sözügedən Məcəllənin 50.1-ci maddəsinə görə Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəyi ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti" formasıdır. Həmin Məcəllənin 50.1.1-50.1.14-cü maddələrinə əsasən operativ nəzarət tədbiri aşağıdakı qeyd olunan halların aşkar edilməsi ücün həyata keçirilir: 1. Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 2. Aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 3. Nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 4. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 5. Valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 6. Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi;

7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi;

8. İstehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 9. Aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət edilməsi; 10.Vergi Məcəlləsinin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" almayan vergi ödəyicilərinin aşkar edilməsi; 11. Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 12. Pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 13. Malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi; 14. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS- terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. Sadalanan qanun normalarından görünür ki, qanunvericilik vergi sahəsində yoxlama adı altında kameral və səyyar vergi yoxlamalarını müəyyən etmiş, operativ vergi nəzarət tədbirini isə yoxlama kimi deyil, VMnin 50.1-ci maddəsinə nəzərdə tutulmuş məsələlərə əməl edib edilməməsinə vergi nəzarət forması kimi təsbit etmişdir. Başqa sözlə desək, vergi qanunvericiliyi ilə yoxlama dedikdə operativ vergi nəzarət tədbiri deyil, yalnız kameral və səyyar vergi yoxlamaları basa düşülməlidir. Vergi Məcəlləsinin 2024-cü ildə qanuni qüvvəyə minmiş 50.4-1-ci maddəsinə əsasən bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. Həmçinin məhkəmənin nəzərinə çatdırlmışdır ki, mübahisələndirilən “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərara əsasən vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsi üzrə operativ nəzarət tədbiri keçirilmişdir. Vergi orqanı sahibkarın son 3 üçillik fəaliyyətini yoxlamışdır. Halbuki, müvafiq maddə 2024-cü ildə qəbul olunduğundan, cavabdeh yalnız sahibkarın 2024-cü ildə olan fəaliyyətini yoxlaya bilərdi. Azərbaycan Respublikasinin Konstusiyasinin 149-cu maddəsinin 7-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Qeyd olunanlara baxmayaraq cavabdeh qanunvericiliyin tələblərini kobud surətdə pozaraq yoxlama aparmışdır. VM-nin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. VM-nin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Göründüyü kimi operativ vergi nəzarət tədbirinin operativ vergi yoxlanılması müddətindən əvvəlki dövrü əhatə edilməsi hüququ vergi orqanlarına 2024-cü ilin 1 yanvar tarixindən nəzərdə tutulub. Qeyd etmək istəyirik ki, yoxlamada sahibkarın və ya səlahiyyətli nümayəndənin iştirakı təmin edilməmişdir. Yoxlamaya dair hər hansı bir sənəd (qərar, reyestrdən çıxarış, akt) onlara təqdim edilməmişdir. Həmçinin bildirilmişdir ki, cavabdehin nümayəndələri yoxlama zamanı bir çox qanunsuz hərəkətlərə yol verərək sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələr etmişlər. Cavabdehin maliyyə sanksiyasının tətbiq etmək əsası bugünki tarixədək bizim üçün qeyri-müəyyən olaraq qalır. İnzibati orqan sənədlərin götürülməsinə dair qərarı iddiaçıya təqdim etmədən sahibkarın fəaliyyətinə qanunsuz müdaxilə etmişdir. Sahibkara aidiyyəti olmayan qara-mühasibatlıq sənədlərinə əsasən maliyyə sanksiyası tətbiq etmişdir. Belə ki, təsərrüfat subyektinin uçota alınması haqqında arayışdan da məlum olur ki, təsərrüfat subyekti xx.xx.2024-cü il tarixdə uçota alınmış və həmi tarixdəndə iddiaçı sahibkarlıq fəaliyyətinə başlamışdır. Qeyd olunan məlumatlardan da müəyyən olunur ki, cavabdehin istinad etdiyi qara-mühasibatlıq sənədlərinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Qanunvericiliyin tələbindəndə göründüyü kimi, cavabdeh VM-nın 43-cü maddəsinin tələblərinə zidd olaraq iddiaçıya aidiyyəti olmayan sənədlərin götürülməsini həyahata keçirmiş, götürülmə zamanı və sonrakı hərəkətlərdə iddiaçının iştirakını təmin etməmişdir. Ümumiyyətlə iddiaçıya sənədlərin götürülməsi barədə qərar təqdim olunmamışdır, hətta qərarın mövcudluğu onlara qeyri-müəyyəndir. Halbuki, cavabdeh maliyyə sanksiyasını tərtib edərkən şübhəli hallara söykənməməli, şübhəli hallar var idisə, belə sənədlərin götürülməsini həyata keçirərək inzibati icraataparmalı idi. 4.Yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin pozulması ilə keçirilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.18-ci yarımbəndinə əsasən yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları istisna olmaqla) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunub-olunmaması) və həmin Əsasnamənin 3.4.19-ci yarımbəndinə əsasən aşkarlanmış qanun pozuntusunun məzmunu, pozuntuda cinayət, inzibati xəta və ya digər əlamətlərin olması, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməli olan məlumatlar təşkil edir. Sözügedən Əsasnamənin 4.7-ci bəndinə əsasən yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirildiyi barədə, sonrakı 15 iş günü ərzində (vergi yoxlamalarının materiallarına baxılmanın nəcələri üzrə vergi orqanının qərarının qəbulundan sonra 5 iş günü ərzində) isə 3.4.18-ci və 3.4.19-cu yarımbəndlərdə nəzərdə tutulmuş məlumatları Reyestrə təqdim edir. Qanunvericiliyinin sözügedən müddəalarına baxmayaraq cavabdeh vergi orqanı səyyar vergi yoxlamasının nəcəsi üzrə 6 dekabr 2024-cü il tarixdə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul etsə də, bu günədək yoxlamanın nəticəsi, aşkar olunmuş qanun pozuntusunun məzmunu və pozulmuş normav hüquqi aktların konkret struktur elementrləri barədə məlumatlaryoxlamailə bağlı reyestrməlumatlarına daxil edilməmişvə bununla dakobud qanun pozuntusunayol vermişdir. Eyni zamanda, qeyd edilmişdir ki, nəinki yoxlmanaın, həmçinin yoxlamaya aid digər məlumatların dövlət reyestrində qeydiyyata alınmaması yoxlamanın tamamilə qanunsuz hesab edilməsi üçün əsas kimi qəbul edilir. Qeyd olunan hüquqi mövqey artıq Ali Məhkəmənin bir neçə qərarlarında dövlət reyestrində qeydiyyata alınmayan yoxlamaların və yoxlamaya aid digər məlumatların həmin yoxlamaların hüquqi nəcəsinin olmamasına dair formalaşdırdığı məhkəmə təcrübəsində də öz əksini tapmışdır. Cavabdeh etirazını aşağıdakı kimi əsaslandırmışdır: 11 saylı Ərazi Vergilər Baş İdarəsinin (bundan sonra - Baş İdarə) əməkdaşları tərəfindən Baş idarənin “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********7406 nömrəli qərarına əsasən İddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 49 ünvanda yerləşən “Lombard” adlı obyektdə xx.xx.2024-cü il tarixdə saat 11:39-da keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı bir nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi halı aşkar edilmiş və bu hal DVX seriyalı 005697 nömrəli aktla rəsmiləşdirilmişdir. Eyni tarixdə saat 14:00-da keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 49 ünvanda yerləşən “Lombard” adlı obyektdə 981 halda ümumi məbləği 1.130.215,00 manat məbləğində kreditin nağd şəkildə verildiyi aşkar edilərək xx.xx.2024-cü il tarixli DVX seriyalı 001466 nömrəli “Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl edilməsinə riayət edilməsi vəziyyəti haqqında” aktla rəsmiləşdirilmişdir. Vergi ödəyicisi tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmiş Şahid1 tərtib edilmiş aktları almaqdan və bir nüsxəsini imzalamaqdan imtina etmiş və bu barədə aktda müvafiq qeydlər edilmişdir. Vergi ödəyicisi tərtib edilmiş aktı almaqdan və bir nüsxəsini imzalamaqdan imtina etdiyindən həmin aktlar Baş İdarənin xx.xx.2024-cü il tarixli **********000200 nömrəli və xx.xx.2024-cü il tarixli **********104100 nömrəli bildirişləri ilə fərdi sahibkara göndərilərək Vergi Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən barəsində qəbul ediləcək qərar üzrə materiallara baxılmada iştirak etmək məqsədilə müvafiq olaraq xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə saat 10:00-da vergi orqanına dəvət olunmuşdur. Tərtib edilmiş xx.xx.2024-cü il tarixli DVX seriyalı 001466 nömrəli akt əsasında Baş İdarə tərəfindən Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********5917 nömrəli qərar qəbul olunaraq, vergi ödəyicisinə 123.021,50 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş idarənin xx.xx.2024-cü il tarixli **********042000 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına və elektron qutusuna göndərilmiş, xx.xx.2024-cü il tarixdə elektron qutuda oxunmuşdur.Cavabdeh iddiaçının iddia ərizəsinin göstərilən dəlillərinə münasibətdə isə aşağıdakı hallara və qanunvericilik normalarına əsaslanaraq etiraz edir: İddiaçı iddia ərizəsini formal olaraq 4 bənd üzrə əsaslandırmağa çalışmışdır. İddia ərizəsinin əsasları üzrə 1-ci bənddə göstərilənlərə münasibətdə bildirilmişdir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli **********7406 nömrəli qərardan və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan da göründüyü kimi operativ vergi nəzarətinin aparılmış təhlillər və müşahidələr nəticəsində Vergi Məcəlləsinin konkret olaraq 50.2.4-cü maddəsinə əsasən keçirildiyi göstərilmişdir. Vergi Məcəlləsinin 50.2.4-cü mddəsinə əsasən vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsasının olması operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasdır. Belə ki, aparılmış təhlillər nəticəsində İddiaçı kredit verilməsi ilə məşğul olsa da bank hesabının olmadığı müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-nin "Gəncə" filialında açdığı AZ56İBAZ******************** nömrəli bank hesabının öz müraciətinə əsasən xx.xx.2019-cu il tarixdə bağlandığı müəyyən edilmişdir. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən nağdsız hesablaşma dedikdə, aşağıdakılar nəzərdə tutulur: 3.1.1. bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar; 3.1.2. ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar; 3.1.3. birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar. Həmin qanunun 3.4-cü maddəsinə əsasən bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir: 3.4.1. vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi; Yuxarıda göstərilən qanunvericilik normalarının tələbindən göründüyü kimi, lombard, yəni kredit verilməsi fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin bank hesabının olmaması onun tərəfindən kredit verilərkən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.1-ci maddəsini tələbinə əməl olunmasını mümkünsüz edir. xx.xx.2024-cü il tarixli DVX seriyalı 001466 nömrəli “Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl edilməsinə riayət edilməsi vəziyyəti haqqında” aktdan da göründüyü kimi vergi orqanı tərəfindən operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün əsasların düzgün müəyyən olunması operativ vergi nəzrəti tədbiri zamanı öz təsdiqini tapmış, vergi ödəyicisi tərəfindən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4.1-ci maddəsinin tələbləri pozulmaqla kreditin nağd qaydada verilməsi halları aşkar edilmişdir. Operativ vergi nəzarətinin keçirilməsi barədə qərarda göstərilməsi zəruri olan məlumatlar Vergi Məcəlləsinin 50.3-cü maddəsində konkret qeyd edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Odur ki, vergi orqanının əsaslandırılmış qərarına əsasən operativ vergi nəzarətinin keçirilməsi dedikdə məhz Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilmiş 5 əsasdan hər hansı biri və ya bir neçəsi əsasında operativ vergi nəzarətinin keçirilməsi başa düşülməlidir. İddia ərizəsinin əsasları üzrə 2-ci bənddə göstərilənlərə münasibətdə bildirilmişdir ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********5917 nömrəli qərarda həmin qərarın DVX seriyalı 001466 nömrəli akt və iş materiallarına əsasən qəbul edildiyi göstərilmiş, DVX seriyalı 001466 nömrəli aktda isə vergi qanunvericiliyinin pozulmasının şəraiti göstərilmiş, akta həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar əlavə edilmiş, akt tanış olmaq və öz qeydlərini etmək və imzalamaq üçün vergi ödəyicisnin nümayəndəsinə təqdim olunsa da o, aktı imzalamaqdan və nüsxəsini qəbul etməkdən imtina etmişdir. İddia ərizəsinin əsasları üzrə 3-cü bənddə göstərilənlərə münasibətdə bildirilmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində “Vergi nəzarəti” adlı İV fəsil mövcuddur. Həmin fəslin 32-ci maddəsində isə Vergi nəzarəti və onun formaları göstərilmişdir. Məcəlləsinin 32.1-ci maddəsinə əsasən vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. Vergi ödyicilərinin uçotu, kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti məhz vergi nəzarətinin formaları kimi Vergi Məcəlləsinin İV fəslində qruplaşdırılmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrin”də qeydə alınmasından da göründüyü kimi operativ vergi nəzarəti heç də iddiaçının iddia etdiyi kimi yoxlama olmayan nəzarət tədbiri deyil. Bundan başqa iddiaçının Vergi Məcəlləsinə 50.4-1 -ci maddənin 5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edildiyini, həmin maddənin xx.xx.2024-cü il tarixdən qüvvəyə mindiyini əsas gətirərək vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsi üzrə operativ vergi nəzarəti tədbiri keçirilməsini qanunsuz hesab etməsinə etiraz olaraq bildiririk ki, sözügedən maddənin Vergi Məcəlləsinə əlavə edilməsinə səbəb bir çox hallarda operativ vergi nəzarətinin yalnız nəzarət tədbiri keçirilən anda baş verən vergi qanunvericiliyinin pozulması hallarının aşkar edilməsi məqsədilə keiçirilən nəzarət tədbiri olması barədə yanlış təsəvvürün olmasıdır. Operativ vergi nəzarəti tədbiri ilə vergi ödəyicisinin son 3 ildəki fəaliyyətinin yoxlanmasının əsasını təkcə Vergi Məcəlləsinin 50.4-1-ci maddəsi deyil, həm də 56.1 və 85.4-cü maddələri təşkil edir. Etirazda Vergi Məcəlləsinin 56.1, 85.4, 50.1-ci maddələrinə istinad edilərək bildirilmişdir ki, vergi nəzarətinin bu növü digər növlərindən fərqli olaraq sürətli və çevik şəkildə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində sadalanan məsələlərə riayət olunub-olunmamasını yoxlamaq imkanı verir. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin keçirilmə əsasları, 50.3-cü maddəsində nəzarət tədbirinin keçirilməsi barədə qəbul edilmiş qərarın məzmununda qeyd edilməli olan məsələlər, 50.4-50.6-cı maddələrində isə nəzarət tədbirinin keçirilməsi qaydaları ilə bağlı normalar öz əksini tapmışdır. Sadalanan maddələrlə əksini tapmış normalarda operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı nəzarət olunan əməliyyatlar və hallar xüsusi olaraq hər hansı bir müddətlə məhdudlaşdırılmamışdır. Operativ vergi nəzarətinin (OVN) keçirilməsi üçün əsasları müəyyən edən Vergi Məcəlləsinin 50.2-ci maddəsi bir daha buna dəlalət edir. Belə ki, vergi orqanı vergi ödəyicisi tərəfindən qanunvericiliyin pozulması barədə kifayət qədər əsaslar aşkar etdikdə operativ vergi nəzarəti həyata keçirərək həmin pozuntunun həqiqətən də baş veribvermədiyini müəyyən etmək üçün operativ vergi nəzarəti keçirir. Yəni, hər bir halda operativ vergi nəzarətinin məqsədi təkcə cari fəaliyyəti yoxlamaq yox, həmçinin artıq baş vermiş qanun pozuntusu faktını aşkar edərək şəxsi məsuliyyətə cəlb etməkdən ibarətdir. Bu baxımdan nəzarət tədbirlərinin şamil olunduğu əməliyyatlar və hallarla bağlı yeganə müddət məhdudiyyəti Vergi Məcəlləsinin 56.1-ci maddəsində müəyyən olunmuşdur. Belə ki, Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Göründüyü kimi Vergi Məcəlləsinin 56.1-ci maddəsi ümumi norma kimi vergi qanunvericiliyi ilə bağlı bütün növ hüquqpozuntularına görə məsuliyyətə cəlb etmənin müddətini müəyyən etmişdir. Buna əsasən qeyd edilmişdir ki, vergi qanunvericiliyində operativ vergi nəzarəti zamanı tədbir görülməsi üçün aşkar olunan hər hansı hüquqpozuntusuna dair tələb kimi həmin pozuntunun yoxlama keçirilən anda baş verməsi tələb olunmur. Operativ vergi nəzarətinin əhatə etdiyi məsələlərin siyahısına nəzər saldıqda bir daha aydın olur ki, nəzarətin bu forması yalnız cari fəaliyyətlə məhdudlaşmır. VM-nin 50.1.11-ci maddəsinə müvafiq olaraq OVN-nin əhatə etdiyi məsələlərdən biri kimi hazırkı iş üzrə iddiaçının sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş OVN tədbirində olduğu kimi nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi çıxış edir. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinə əsasən ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Başqa sözlə, konkret şəxslərə münasibətdə bir təqvim ayı ərzində nağd hesablaşmaların aparılması üçün yuxarı hədd müəyyən edilmişdir. Bu qaydaya əməl edilib-edilməməsi vəziyyətinə operativ vergi nəzarəti həyata keçirmək üçün hər bir halda bir təqvim ayı ərzində baş vermiş əməliyyatlar əhatə olunmalıdır. Göründüyü kimi qanunvericilik birbaşa olaraq OVN vasitəsilə keçmiş zaman kəsiyində baş vermiş əməliyyatların təftiş edilməsinə imkan verir. Eyni nümunələri VM-nin 50.1.9-cu, 50.1.13-cü və digər maddələrinin timsalında davam etdirmək mümkündür. Bundan əlavə Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Məcəllənin qeyd olunan tələbindən göründüyü kimi operativ vergi nəzarətində vergi ödəyicisindən sənədlər istənilir və bunun üçün də 1 iş günü vaxt müəyyən olunur. Əgər operativ vergi nəzarəti yalnız keçirildiyi zaman yol verilən hüquqpozmaları aşkar etmək üçündürsə, onda niyə qanunvericilik 1 iş günü müddətində sənədlərin verilməsi ilə bağlı tənzimləmə müəyyən edir? Normativ hüquqi aktın normasına məqsəd və məna baxımından baxılsa, buradan çıxan nəticə odur ki, sənəd tələb etməkdə məqsəd həm də tədbir başlayana kimi vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinə əməl edilib-edilməməsini yoxlamaqdan ibarətdir. Həmçinin Vergi Məcəlləsinin 58.17-ci maddəsi də operativ vergi nəzarətinin məhz tədbir keçirilən anda baş verən hüquq pozuntusu ilə məhdudlaşmadığına işarə edir. Yoxlama zamanı sahibkarın və onun nümayəndəsinin iştirakının təmin edilməməsi, yoxlamaya dair sənədlərin (qərar, reyestrdən çıxarş, akt) vergi ödəyicisinə təqdim edilməməsi barədə iddiaçının qeyd etdiklərinə etiraz olaraq bildirilmişdir ki, qeyd edilən sənədlər vergi ödəyicisinin özü operativ vergi nəzarətinin keçirilməsində itirak etmədiyi üçün nümayəndəsi (işçisi) Şahid1 təqdim edilsə də o, sənədləri imzalamaqdan və nüsxəsini qəbul etməkdən imtina etmişdir. Bu hal, qeyd edilən sənədlərdə göstərilməklə xx.xx.2024-cü il tarixli sərbəst formada tərtib edilmiş aktla da rəsmiləşdirilmişdir. İddiaçının sahibkara aidiyyəti olmayan qara mühasibatlıq sənədlərinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsinə dair qeyd etdiklərinə etiraz olaraq bildirilmişdir ki, vergi ödəyicisi tərəfindən nağd qaydada verilmiş kreditlərə aid məlumatlar vergi ödəyicisinə məxsus təsərrüfat subyektindən onun nümayəndəsi tərəfindən təqdim edilmiş və həmin məlumatların məhz iddiaçının sahibkarlıq fəaliyyətinə aid olan məlumatlar olması bir çox hallarda kredit müqavilələri, ödəniş qəbzləri və girov biletləri ilə də öz təsdiqini tapmışdır. İddiaçının qara mühasibatlıq sənədlərinə münasibətdə Ali Məhkəmənin qərarlarındakı hüquqi mövqe ilə bağlı qeyd etdiklərinə etiraz olaraq isə bildirilmişdir ki, yuxarıdakı abzasda da qeyd edildiyi kimi iddiaçıya maliyyə sanksiyasının tətbiq edilməsinə əsas olmuş kredit məbləğləri barədə məlumatların məhz iddiaçının sahibkarlıq fəaliyyətinə aid olması bir çox hallarda kredit müqavilələri, ödəniş qəbzləri və ciddi hesabat blankı olan girov biletləri ilə öz təsdiqini tapmışdır. Hazırkı iş üzrə isə vergi ödəyicisi tərəfindən nağd qaydada verilmiş kreditlərə aid məlumatlar vergi ödəyicisinə məxsus təsərrüfat subyektindən onun nümayəndəsi tərəfindən təqdim edilmiş və həmin məlumatların məhz iddiaçının sahibkarlıq fəaliyyətinə aid olan məlumatlar olması bir çox hallarda kredit müqavilələri, ödəniş qəbzləri və girov biletləri ilə də öz təsdiqini tapmışdır. Beləliklə də vergi ödəyicisinə münasibətdə maliyyə sanksiyası elektron fayllardakı məlumatlara əsasən deyil, mötəbərliyi və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinə aidiyyəti kredit müqavilələri, ödəniş qəbzləri və girov biletləri ilə də öz təsdiqini tapmış və vergi ödəyicisinin nümayəndəsinin öz imzası ilə təsdiq etdiyi siyahılardakı məlumatlara əsasən tətbiq edilmişdir.İddia ərizəsinin əsasları üzrə 3-cü bənddə göstərilənlərə münasibətdə bildirilmişdir ki, iddiaçının istinad etdiyi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 3.4.18-ci maddəsinin tələblərindən də göründüyü kimi vergi yoxlamalarına münasibətdə yoxlamanın nəticəsinin reyestrə daxil edilməsi istisna edilir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 3.4-cü bəndinə əsasən reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: 3.4.18. yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı aparılan, həmçinin bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş yoxlamalar istisna olmaqla) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunub-olunmaması); Etirazda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1, 23.2, 24.0.1, 24.0.2, 50.1, 50.4, 50.6, 58.7-1, 58.7-1.2, 70.2-1.3-cü maddələrinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 302.1, 302.2, 302.4, 302.8, və 743.3-cü maddələrinə istinad olunaraq və yuxarıda göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmədə iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilən Şahid1 ona verilən suallara cavab olaraq bildirdi ki, Amidə xanımı “lombardın” rəhbəri kimi tanımışdır. Oranın işçisi olmamışdır, aralarında heç bir müqavilə bağlanmamışdır. Ayın 1-dən təcrübə keçmək üçün gəlmişdir, cəmi 17 gün təcrübə keçmişdir. Əmək müqaviləsi ilə çalışmamış sadəcə təcrübədə olmuşdur. Hər hansı vəzifə sahibi olmamışdır. Həftədə 2 dəfə, 2 gündən bir işi öyrənmək üçün ora gedirmiş. Hadisə günü iki nəfər içəri daxil olmuşdurr, içəri daxil olan kimi özlərini təqdim etmədən bildirmişlər ki, “əlinizi sakit saxlayın, heç bir işə müdaxilə etməyin, komputerdən qalxın”. Bir anlıq özünü cinayətkar kimi hiss etmiş, nə baş verdiyini anlamamışdır. Onlara təkilif etmişdir ki, rəhbərliyi çağırsınlar, kimlərəsə məlumat verilsin, lakin onun sözünə məhəl qoymayaraq, hər yeri açıb tökmüşlər, çəkməcələri yoxlamışlar. Möhürü şkafdan çıxartmışlar Heç bir sənəd olmamışdır, 2-3 müqavilə olmuşdur. Onları özü təqdim etmişdir. Qalan heç bir sənəd olmayıb. Özlərinin flash kartlarını kompyuterə qoşmuşlar. Bir neçə saat kompyuterin qarşısında oturmuşlar. Komputerdən nəsə çıxartmışlar. Ona təkidlə sənədlərə imza atın demişlər, onun öz dəsti xətti ilə heç bir imza yoxdur. Onun qarşısına imzalamq üçün kağızlar qoymuşlar, imzalamaqdan imtina etsə də, onu imzalmağa məcbur etmişlər, o da imzalamışdır. Sonra sahibkara məxsus möhürü götürüb ona məlum olmayan sənədləri möhürləmişlər.Ona bilmədiyi bir neçə sənədə qol çəkdirmişlər. Məhkəmədə iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilən Şahid2 bildirdi ki, video görüntülərdəki şəxs odur. Amidə xanımın özünü şəxsən tanımır. Sahibkar olaraq onun adına açılmış qərar olmuşdur. Şahid1 yoxlama keçirərkən obyektdə işçi kimi görmüşdür. Şahid1 sənədləri imzalamaq səlahiyyətinin olub-olmamasını araşdırmamışılar. Əmək müqaviləsinin olub-olmamasını soruşmuşlar, o da əmək müqaviləsinin olmadığını bildirmişdir. Yoxlamadan əvvəl axtarış sistemindən çıxartdığqları siyahıda adı olmayıb, obyektdə olduqları vaxt orda səlahiyyətli şəxs kimi onu qəbul etməmişlər, obyektin sahibkarı özü yoxlamada iştirak etmədiyinə görə yoxlama aktında qeyd etmişlər ki,” sahibkar özü iştirak etmədi nümayəndə-işçi Şəbnəm xanım imzlamaqdan imtina etdi”. Onlar obyektdə daxil olduğunda Şahid1 obyektdə olmuşdur, iş başında olmuşdur, obyektə qərarla daxil olmuşlar. Qərarda da həmin punkt qeyd olunmuşdur ki, “Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada fiziki şəxslərin hər hansı işlərini, xidmətlərini yerinə yetirləməsinə cəlb olunması faktının aşkar edilməsi”. İçəri daxil olduqdan sonra xanımın ad familiyasını soruşmuşlar, İddiaçı tanıdığını, onun işçisi olduğunu bildirdiyindən akt tərtib edərəkk, izahatı alınmışdır. Məhkəmədə iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilən Şahid3 bildirdi ki, video görüntüdəki şəxs odur. Həmin əraziyə nə Şahid2, nə də o təhkim olunmamışlar. Ümumiyyətlə həmin ərazidən məlumatsız olmuşlar. Onlar yoxlama prosesində olanda Amidə xanım və digər bir şəxs olmadığına görə yoxlamanı Şahid1 iştirakı ilə aparmışlar. Yoxlama prosesi uzun çəkmiş və ora heç kim gəlməmişdir. Şəbnəm xanım ora gələn müştərilərə xidmət göstərirdi, başqa bir şəxs də olmadığına görə onu nümayəndə kimi qəbul etmişlər. Şəbnəm xanım lombardla bağlı sənəd vermiş, məlumatları götürmək üçün kompyuterdə onlara şərait yaratmışdır. Mart ayında qeydiyyata düşsə də ondan əvvəl də bu fəaliyyətlə məşğul olmuşdur və bu da onu vergidən azad etmir. Sahibkarın öz kompyuterində olan məlumatlardır. Ərazini yaxşı tanımadığından, nə vaxtdan fəaliyyət göstərməsi barədə dəqiq nəsə deyə bilmir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - xx.xx.2024-cü il tarixli operativ vergi nəzarətinin keçirilməsi haqqında **********7406 nömrəli qərar; - xx.xx.2024-cü il tarixli nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl edilməsinə riayət olunması vəziyyəti haqqında DVX seriyalı 001466 nömrəli akt,; - xx.xx.2024-cü il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY242206048 nömrəli çıxarış; - xx.xx.2024-cü il Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə VMnin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında DVX seriyalı 005697 nömrəli akt və əlavələ; -Vergi ödəyicisinin filialının,nümayəndəliyinin və təsərrüfat subyektinin(obyektinin) olduğu yer üzrə uçota alınması haqqında arayış. - xx.xx.2024-cü il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********5917 nömrəli qərar;

II. TƏTBİQ EDİLƏN HÜQUQ:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.[26] 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları - 3.8 heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11 vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1 vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2 vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 36.3 bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Maddə 41. Baxış protokolu - 41.1 vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. 41.2. Bu Məcəllənin 41.1-ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Foto və (və ya) video çəkilişin nəticələri üçüncü şəxslərə yalnız vergi ödəyicisinin yazılı razılığı əsasında açıqlana bilər. Maddə 49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması - 49.2 vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. 49.5 vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə 50. Operativ vergi nəzarəti - 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: -50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39- 49cu maddələrinin müddəaları tətbiq edilir. Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları - 53.3 bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 56. Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmənin və maliyyə sanksiyalarının alınmasının müddəti 56.1 Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları. - 58.7-1. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir: 58.7-1.2. həmin Qanunun 3.4.1-ci maddəsinin tələblərini pozmaqla pul vəsaitlərini nağd qaydada qəbul edən lizinq verənə, kreditləri nağd qaydada verən kredit verənə; Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi - 85.4 vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 08 may 2023-cü il tarixli **********083400 nömrəli əmri ilə təsdiq edilmiş Dövlət vergi orqanları tərəfindən operativ vergi və digər nəzarət tədbirlərinin həyata keçirilməsi qaydaları - 1.14 nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. - 2.5 tərtib olunmuş aktlar, protokollar və digər sənədlər operativ vergi nəzarətinin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. -2.6. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır.

İİİ. MƏHKƏMƏNİN MÖVQEYİ

İddianın növü və mümkünlüyü. İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində ... qaldırıla bilər. Mübahisələndirilən qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, iddia ərizəsi isə məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddəti ilə bağlı xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. İddianın əsaslılığı: Məhkəmə iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli və cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar ləğv edilməlidir. Cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********7406 nömrəli qərarında operativ vergi nəzarətinin həyata keçirilməsi əsası kimi Vergi Məcəlləsinin 50.2.4-cü maddəsinə istinad edilmişdir.(Vergi nəzarəti tədbirlərinin təşkili və təhlili şöbəsinin xx.xx.2024-cü il tarixli, **********448100 nömrəli xidməti məruzəsinə əsasən vergi ödəyicisinə məxsus obyektdə nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsinin həyata keçirilməsi (VM -50.1.11) məqsədə müvafiq hesab olunur). “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********7406 nömrəli qərarda nəzarət tədbirinin keçirilməsi əsası kimi istinad olunan Vergi nəzarəti tədbirlərinin təşkili və təhlili şöbəsinin xx.xx.2024-cü il tarixli, **********448100 nömrəli xidməti məruzəsində vergi ödəyicisinə məxsus obyektdə nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmamasına dair əsaslar mövcud olmamış, yalnız iddiaçıya məxsus ümumi məlumatlar qeyd edilmişdir. Yuxarıda sadalanan normaların təhlilindən aydın olur ki, vergi orqanı nəzarət tədbirini əsaslandırılmış qərarına əsasən həyata keçirməli olmasına baxmayaraq qərarda yalnız qanunvericiliyin tələblərinin pozulması barədə kifayət qədər əsasın olmasını qeyd etmiş, həmin əsasların nələrdən ibarət olmasını qeyd etməmişdir. Cavabdeh orqan həqiqiliyi şübhə doğuran, yoxlanılmamış ilkin məlumata əsaslanaraq Vergi Məcəlləsinin 50.2.4-cü maddəsini tətbiq etmiş, müvafiq yoxlama aparıldıqdan sonra həmin məlumatların doğruluğunu müəyyən etmişdir. Bu isə onu göstərir ki, vergi orqanı yoxlamaya qədər "kifayət qədər əsas"a malik olmamış, əksinə, bu əsası sonradan keçirdiyi yoxlama ilə yaratmışdır. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 50.2.4-cü maddəsi vergi orqanına yalnız 50.1-ci maddədə nəzərdə tutulan halların mövcudluğu şəraitində operativ vergi nəzarəti həyata keçirmək səlahiyyəti verir. Bununla belə, belə nəzarət tədbirinin başlanması üçün sadəcə ehtimal və ya ümumi xarakterli məlumatlar deyil, ilkin qiymətləndirməyə əsaslanan və real faktlara söykənən əsaslandırılmış şübhə – yəni “kifayət qədər əsas” olmalıdır. Sahibkarlıq subyektlərində “kifayət qədər əsas” olmadan bu cür “məlumatlar” əsasında yoxlamaların aparılması özbaşınalığa və səlahiyyətlərdən sui-istifadələrə səbəb ola bilər. Vergi orqanlarının subyektiv yanaşmalar əsasında yoxlama aparmasının və sahibkarlıq fəaliyyətinə əsassız müdaxilələrin qarşısını almaq məqsədilə qanunverici məhz “kifayət qədər əsas” ifadəsini normaya daxil etmişdir. Bu anlayış subyektiv qənaətlərə və ya adi şikayət müraciətlərinə deyil, obyektiv dəyərləndirmə ilə təsdiqlənən konkret hallara əsaslanmalıdır. Beləliklə, cavabdeh orqan informativ xarakterli məlumatlarla kifayətlənməməli, həmin məlumatların hüquqi əsas yaratmaq qabiliyyətini ilkin mərhələdə dəyərləndirməklə “kifayət qədər əsas”ın mövcudluğunu müəyyən etməlidir. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(102)-1335/2022 nömrəli qərarında istinad olunmuş mövqeyinə əsasən cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 18 avqust 2020-ci il tarixli, **********3814 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir (qərarda sadəcə Vergi Məcəlləsinin 50-ci maddəsinə ümumi şəkildə istinad olunmuşdur). Qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Artıq yuxarıda qeyd edildiyi kimi, cavabdeh vergi orqanı bu və ya digər növ yoxlamanı seçməkdə, həmçinin VM-nin 50.2-ci maddəsində sadalanan əsaslardan birinə görə, operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Bu mənada hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 36.1, 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. Azərbaycan Respublikasinin Konstitusiyasinin 149-cu maddəsinin 7-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Vergi Məcəlləsinin 2024-cü ildə qanuni qüvvəyə minmiş 50.4-1.-ci maddəsinə əsasən bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərara əsasən vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsi üzrə operativ nəzarət tədbiri keçirilmişdir. sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reystrindən çıxarışdan (KY2********) müəyyən olunur ki,yoxlanılan dövr kimi cari fəaliyyət nəzərdə tutulmuşdur. Normaların təhlilindən aydın olur ki, Vergi Məcəlləsinin 50.4-1-ci maddəsi 2024-cü ildə qanuni qüvvəyə mindiyindən cavabdeh Azərbaycan Respublikasinin Konstitusiyasinin 149-cu maddəsinin 7-ci bəndinə və Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.2-ci maddəsinə zidd olaraq iddiaçının son üç illik fəaliyyətini yoxlamışdır. İşə əlavə olunmuş vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında ********** nömrəli arayışdan müəyyən olunur ki, təsərrüfat subyekti xx.xx.2024-cü il tarixdə uçota alınmışdır. Cavabdeh tərəfindən təqdim olunmuş cədvəldən müəyyən olunur ki, maliyyə sanksiyasının tətbiq edilməsi üçün əsas olmuş məlumatların tarix aralığı xx.xx.2022xx.xx.2024 illərdir. Məhkəmə qeyd edir ki, iş materiallarında iddiaçının müvafiq təsərrüfat subyekti üzrə uçota alınma tarixindən qabaq fəaliyyət göstərməsinə dair sübut mövcud deyildir. İş materiallarına əlavə edilmiş video görüntülərə əsasən nəzarət tədbirini həyata keçirən şəxslərin pozuntuya yol verərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 08 may 2023-cü il tarixli **********083400 nömrəli əmri ilə təsdiq edilmiş Dövlət vergi orqanları tərəfindən operativ vergi və digər nəzarət tədbirlərinin həyata keçirilməsi qaydalarının 2.5-ci və 2.6-cı bəndinə zidd olaraq iddiaçıya məxsus olması sübut olunmayan sənədlərin möhürləməsi və səlahiyyətli olmayan şəxsə imza etdirməsi müəyyən olunur. Belə ki, qara mühasibatlıq sənədlərinə imza edən şəxs Şahid1 Nürəddin qızının əmək müqaviləsi olmadan işə cəlb edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli DVX seriyalı 005697 nömrəli akt tərtib olunmuşdur. Bu hal bir daha onu sübut edir ki, qara mühasibatlıq sənədləri vergi orqanı tərəfindən səlahiyyəti olmayan şəxsə imza etdirilmişdir. Cavabdehin iddia etdiyi pozuntular üzrə Vergi Məcəlləsinin 50.6-cı, 41.1-ci, 41.2-ci maddələri və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 08 may 2023-cü il tarixli **********083400 nömrəli əmri ilə təsdiq edilmiş Dövlət vergi orqanları tərəfindən operativ vergi və digər nəzarət tədbirlərinin həyata keçirilməsi qaydalarının 1.14-cü bəndinə tələbinə uyğun olaraq hər hansı bir foto və ya video çəkilişi mövcud deyildir. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-840/2024 nömrəli qərarında qeyd olunmuş mövqeyinə əsasən məhkəmə kollegiyası cavabdeh tərəfindən “qara mühasibatlıq” sənədləri əsasında aparılan hesablamalara münasibətdə kassasiya məhkəməsinin formalaşmış hüquqi mövqeyinə sadiqliyini bir daha vurğulayaraq qeyd edir ki, “qara mühasibatlıq” sənədləri vergilərin hesablanması üçün digər təkzibolunmaz və dəstəkləyici mənbələrlə birlikdə qiymətləndirilməlidir. Bununla bağlı xüsusilə qeyd olunmalıdır ki, nə vergi öhdəliyinin müəyyən olunması üzrə inzibati icraatda, nə də vergi öhdəliyinə dair mübahisə üzrə inzibati məhkəmə icraatında “qara mühasibatlıq” sənədləri müstəqil sübut qismində qəbul edilə bilməz. Bununla belə, cavabdehin həmin sənədlərdə əksini tapmış məlumatlardan vergi ödəyicisinə aid digər rəsmi sənədlərdəki (vergi bəyannamələrində və ilkin mühasibatlıq sənədlərində olan) məlumatlarla və ya cavabdehin informasiya sistemində olan mənbəyi bəlli və mötəbərliyi şübhə doğurmayan digər baza məlumatları ilə əlaqəli şəkildə istifadə haqqı da tanınmalıdır. Belə yanaşma vergi ödəyiciləri tərəfindən vergilərin tam və lazımi qaydada ödənilməsi, eləcə də vergi ödəyicilərinin uçot məlumatlarının rəsmiləşdirilməsinə və vergi inzibatçılığına dair tələblərə riayət etməli olduqları ilə bağlı ictimai maraqdan irəli gəlir. Bu mənada, cavabdeh “qara mühasibatlıq” sənədlərindən yalnız həmin sənədlərin aşağıdakı aidiyyət, məzmun və yetərliliklə bağlı tələblərə cavab verdiyi təqdirdə istifadə edə bilər. İlk növbədə, həmin sənədlərin vergi ödəyicisinə aidiyyəti müəyyən olunmalı, yəni sənədlərin barəsində vergi yoxlaması və hesablama aparılan şəxsə məxsus olduğu müəyyən və təsdiq olunmalıdır. Bu zaman “qara mühasibatlıq” sənədlərinin elektron və ya kağız daşıyıcıda olması hər hansı əhəmiyyət kəsb etmir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən təqdim olunmuş cədvəl üzrə məlumatların mötəbərliyi sübut olunmur. Eyni zamanda məhkəmə kassasiya məhkəməsinin formalaşmış hüquqi mövqeyinə vurğulayaraq qeyd edir ki, “qara mühasibatlıq” sənədləri vergilərin hesablanması üçün digər təkzibolunmaz və dəstəkləyici mənbələrlə birlikdə qiymətləndirilməlidir. Bununla bağlı xüsusilə qeyd olunmalıdır ki, nə vergi öhdəliyinin müəyyən olunması üzrə inzibati icraatda, nə də vergi öhdəliyinə dair mübahisə üzrə inzibati məhkəmə icraatında “qara mühasibatlıq” sənədləri müstəqil sübut qismində qəbul edilə bilməz. Məhkəmə Vergi Məcəlləsinin 3.8, 36.2, 53.3-cü, İnzibati Prosessual Məcəllənin 14.1-ci maddələrinə əsasən belə nəticəyə gəlir ki, iddiaçıya operativ vergi nəzarəti nəticəsi olaraq maliyyə sanksiyası hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, mübahisələndirilən xx.xx.2024-cü il tarixli **********5917 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ləğv edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********5917 nömrəli “vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ləğv edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X4 Əsədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar