Məhkəmə qərarları › İş №e-2-1(116)-1962/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-1962/2024

03.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1962/2024 03.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “JN-0059 kod 40114018 saylı Dövlət Aktının 59F planşet nömrəsində göstərilən koordinatlarına düzəliş edilərək Balakən rayonu N.Nərimanov adına kolxozun xx.xx.1994-cü il tarixli iclas qərarı ilə iddiaçının adına keçirilmiş 0,08 ha həyətyanı torpaq sahəsi, 0,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququnun faktiki istifadəyə uyğun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “iddiaçıya məxsus JN-0059 (kod ********) saylı Dövlət Aktının 59F planşet nömrəsində göstərilən koordinatlara düzəliş edilərək Balakən rayonu N.Nərimanov adına kolxozun xx.xx.1994-cü il tarixli iclas qərarı ilə iddiaçıya verilmiş 0,08 ha həyətyanı torpaq sahəsi, 0,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun faktiki istifadəyə uyğun qeydiyyata alaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə elektron ərizə təqdim edərək “JN-0059 kod 40114018 saylı Dövlət Aktının 59F planşet nömrəsində göstərilən koordinatlarına düzəliş edilərək Balakən rayonu N.Nərimanov adına kolxozun xx.xx.1994-cü il tarixli iclas qərarı ilə iddiaçının adına keçirilmiş 0,08 ha həyətyanı torpaq sahəsi, 0,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququnun faktiki istifadəyə uyğun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi.Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinə əsasən İddiaçı ünvan 1ində yaşayır. ünvan 1i keçmiş N.Nərimanov kolxozunun 14 iyul 1994-cü il tarixli 2 nömrəli ümumi iclas protokoluna əsasən İddiaçı 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı 0.08 ha həyətyanı torpaq sahəsində 1997-ci ildə ümumi sahəsi 97 kvm olan 1 mərtəbəli üç otaqlı fərdi yaşayış evi inşa etmişdir. ünvan 1ində aparılan torpaq islahatı nəticəsində İddiaçı Balakən rayonu Aqrar İslahat komissiyasının 15 avqust 2000-ci il tarixli 08 saylı qərarı ilə 0.71 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Qeyd edilən 0.71 ha torpaq sahəsinə JN-0059 KOD 40114018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanmış və verilmişdir. JN-0059 KOD 40114018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə verilmiş 59F planşet nömrəsində göstərilən 0.18 ha torpaq sahəsi 0.08 ha torpaq sahəsinə bitişikdir. İddiaçı məxsus ünvan 1i ünvanında yerləşən 0,08 ha həyətyanı və 0.18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarış və plan-ölçü sənədi ilə rəsmiləşdirilməsi barədə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla bundan imtina emişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, ərizəsinin icrası ilə bağlıaparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, qeydiyyata alınması nəzərdə tutulan torpaq sahələrinin cizgiləri idarənin xidməti istifadəsində olan DWG xəritələrinə əsasən həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin cizgiləri üzt-üstə düşür. Bu səbəbdən müraciətlərin icrasımümkün olmamış və bu barədə ona xx.xx.2024-cü il tarixli, 3-21-3-47/2- 316/2024 (**********) nömrəli və xx.xx.2024-cü il tarixli, 3-21-3-47/2-315/2024 (**********) nömrəliməktub göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 18 saylı Zaqatala ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-47/2-316/2024 (**********) nömrəli və xx.xx.2024-cü il tarixli, 3-21-3-47/2-315/2024 (**********) nömrəli məktubundan da göründüyü kimi ünvan 1i keçmiş N.Nərimanov kolxozunun 14 iyul 1994-cü il tarixli 2 nömrəli ümumi iclas protokoluna əsasən İddiaçı 0.08 ha həyətyanı torpaq sahəsi ilə Balakən rayonu Aqrar İslahat komissiyasının 15 avqust 2000-ci il tarixli 08 saylı qərarı ilə verilmiş 0.18 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin cizgiləri DWG xəritələrinə əsasən üst-üstə düşür.İddiaçı 0.08 ha həyətyanı torpaq sahəsini islahatdan əvvələldə etmişdir. İddiaçı, ona məxsus olan 0.08 ha həyətyanı və 0.18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Cavabdeh iddiaya münasibət bildirməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etməmişdir.Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının tələbinin icrasından imtina edilmişdir.

2. JN-0059 Kod 40114018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” sənədinin təsdiqlənmiş surətindən görünür ki, 0.71 ha sahəsi Balakən rayon Aqrar İslahat Komissiyasının 15 avqust 2000-ci il tarixli, 08 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.

3. 720 inventar nömrəli, 2003-cü il tarixli texniki pasportu;

4. ünvan 1 icra Nümayəndəliyinin 2000-ci il tarixli 05 nömrəli Təsərrüfatbaşına kitabında İddiaçı təsərrüfatı haqqında məlumat qeyd edilmişdir.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-47/2-2380/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.

6. Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 08 saylı qərarının arxiv nüsxəsinin surəti.

7. JN-0059 (kod ********) saylı Dövlət Aktına münasibətdə subyektlər siyahısından çıxarışın surəti.

8. Dövlət Aktının qeydiyyatı kitabından 59 nömrə il qeydiyyatın aparıldığı səhifənin arxiv nüsxəsinin surəti.

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı Balakən rayonu keçmiş N.Nərimanov adına kolxozun xx.xx.1994-cü il tarixli iclas qərarı ilə ayrılmış 0,08 ha həyətyanı torpaq sahəsi və JN-0059 kod 40114018 saylı Dövlət Aktının 59F planşet nömrəsində göstərilən koordinatlarına düzəliş edilərək 0,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququnun faktiki istifadəyə uyğun qeydə alınaraq çıxarışın verilməsindən ibarətdir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21- 3-47/2-2380/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, mübahisəli 0.08 ha həyətyanı torpaq sahəsinə ünvan 1i ərazisində Akubayev Hicran Məhəmməd oğlunun adına Balakən rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 37 saylı qərarı ilə keçmiş DTXK-si tərəfindən Torpaq sahəsinin planı və ölçüsü sənədi və ünvan 1i ərazisində Balakən rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 8 saylı qərarı ilə İddiaçı adına JN-0059 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənilmişdir. İddiaçı və onun ailə üzvlərinin adına tərtib edilmiş Dövlət Aktının 59 F cizgisində göstərilən 0.18 ha kənd təsərrüfatı təyinatlı topraq sahəsinin cizgiləri ilə AN°092339 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindəki cizgilər üst-üstə düşür. Sənəd üzrə ayrılmış torpaq sahəsi ilə iddiaçı tərəfindən naturada istifadə olunan torpaq sahəsi eyni ərazidə yerləşir. Torpaq sahəsinin naturada yerləşmə vəziyyəti ilə sənədlərdəki ölçülərin üst-üstə düşmə vəziyyəti tətib edilmiş yerquruluşu planında öz əksini tapmışdır. Rəydən və əlavə olunan sxemdən göründüyü kimi iddiaçının istifadəsində naturada 0,26 ha torpaq sahəsi mövcuddur.Cavabdehin imtina dəlili olan cizgilərin üst-üstə düşməsi halı sxemə əsasən də təsdiq olunur.Lakin,burada üst-üstdə düşmə halı Dövlət Aktının 59 F planşetinin texniki baxımdan doğru tərtib edilməməsindən yaranmışdır.Nəticədə üzərində fərdi yaşayış evi inşa edilmiş yaşayış məntəqəsi torpaqları kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olaraq təsbit edilmişdir.Bu da yekunda iki ayrı hüquqmüəyyənedici sənəd əsasında mülkiyyət verilmiş 0,26 ha torpaq sahəsinin (0,08 ha və 0,18 ha olmaqla) üzərində mülkiyyət hüququnun təkrar qeydiyyata alınması zamanı anlaşılmazlığa səbəb olmuşdur. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsaslı hesab edir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası xx.xx.1996-cı il tarixli Qanununun 12.1-ci maddəsinin 2-ci yarımbəndinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Həmin Qanunun 14-cü maddəsinin birinci abzasına əsasən, torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Sadalanan maddi hüquq normalarının tələblərindən görünür ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərin tərkibinə daxil edilmişdir. Həmçinin qanunverici orqan müəyyən etmişdir ki, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir və torpaq torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun : Maddə 3. İslahatın obyektləri və subyektləri İslahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Maddə 4. İslahatı aparan orqanlar İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən rayon aqrar islahat komissiyası rayon ərazisində aqrar islahatın aparılmasını təmin edir; Maddə 8. Yerli aqrar islahat komissiyası Yerli aqrar islahat komissiyası sovxozun və kolxozun ümumi yığıncağı tərəfindən təşkil edilir və onun tərkibi rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilir. Komissiya islahatın gedişi haqqında rayon aqrar islahat komissiyasına hesabat verir. Komissiyanın tərkibinə təsərrüfatın rəhbəri, əmək kollektivinin, icra hakimiyyətinin, təsərrüfatın ərazisində yaşayan vətəndaşların nümayəndələri daxil edilir. Komissiya: aqrar islahat haqqında izahat işi aparır; əmək kollektivi və ərazidə yaşayan vətəndaşların rəyi nəzərə alınmaqla torpaq və əmlak bölgüsü, təsərrüfat formalarının seçilməsi və digər mühüm məsələlər haqqında təkliflər hazırlayır, aidiyyəti üzrə təqdim edir, səlahiyyətinə aid məsələlər üzrə qərarlar qəbul edir və icrasını həyata keçirir; islahatın qanunvericiliyə uyğun həyata keçirilməsini təmin edir; ləğvetmə komissiyasının funksiyalarını yerinə yetirir; islahatla əlaqədar daxil olmuş müraciətlərə baxır və s. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə JN-0059 kod 40114018 saylı Dövlət Aktının 59F cizgisini faktiki istfadəyə uyğunlaşdıraraq Balakən rayonu N.Nərimanov adına kolxozun xx.xx.1994-cü il tarixli iclas qərarı ilə ayrılmış 0,08 ha həyətyanı torpaq sahəsi və JN-0059 kod 40114018 saylı Dövlət Aktının 59F cizgisində göstərilən 0,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı,X3,X2 və X1 ümumi birgə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar