Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1991/2023 06.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçının vəkili X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir İcraiyyə Komitəsinin 07 mart 1980cı il tarixli 102 saylı Qərarına əsasən Yolmaş Zavodunun Sağlamlıq Kollektiv bağçılıq təsərrüfatında iddaçı İddiaçı ayrılmış Mingəçevir Bağlar İdarəsi tərəfindən DƏDRX-nın 17 saylı Ərazi idarəsi tərəfindən olan siyahıda iddiaçının adına 18 sıra nömrəsi ilə qeyd olunmuş, 0.06 ha torpaq sahəsinə adına plan və ölçü hazırlanmaqla mülkiyyət hüquqlarının qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Mingəçevir İcraiyyə Komitəsinin 07 mart 1980-cı il tarixli 102 saylı Qərarına əsasən Yolmaş Zavodunun Sağlamlıq Kollektiv bağçılıq təsərrüfatında iddaçı İddiaçı ayrılmış Mingəçevir Bağlar İdarəsi tərəfindən DƏDRX-nın 17 saylı Ərazi idarəsi tərəfindən olan siyahıda iddiaçının adına 18 sıra nömrəsi ilə qeyd olunmuş, 0.06 ha torpaq sahəsinə adına plan və ölçü hazırlanmaqla mülkiyyət hüquqlarının qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasının onunla əsaslandırmışdır ki, o, uzun illər Yolmaş zavodunda işləmişdir. xx.xx.1980-cı ildə Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 102 saylı qərarına əsasən zavoda Bozdağın ətəyindən bağçılıq üçün 0.06 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi Mingəçevir Bağlar İdarəsi tərəfindən DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən olan siyahıda iddiaçının adına 18 sıra nömrəsi ilə qeyd olunmuşdur. Həmin torpaq sahəsinə dair zavod həmkarlar komitəsinin bölgü siyahəsəna əsasən Mingəçevir şəhər “Sağlamlıq” kollektiv bağçılıq təsərrüfatından iddiaçının istifadəsinə verilmişdir. Torpaq iddiaçının istifadəsinə verildikdən sonra oradan bağ kimi istifadə etmiş, ağac əkib becərmişdir. O, qanuni istifadəsinə verilmiş 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq Çıxarış və texniki pasport verilməsi barədə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin, cavabdeh 12 sentyabr 2022-ci il tarixli **********80 №-li məktubla ərizənin təmin edilməsindən imtina etmişdir. Cavabdeh iddiaya qarşı münasibətində bildirmişdir ki, vətəndaş tərəfindən təqdim olunmuş protokol Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən DƏDRX-nın 17 saylı Yevlax ərazi İdarəsinə təhvil verilmiş arxiv materiallarında öz əksini tapmadığı üçün 0.05 ha sahəsinə plan ölçü sənədinin hazırlanması və mülkiyyət hüquqlarınn dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi idarənin imkanı xaricindədir. Adı siyahıda qeyd olunmuş vətəndaş İddiaçı 0.06 ha torpaq sahəsinin yerləşmə vəziyyətini və döngə nöqtələrinin koordinatlarını özündə əks etdirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənmiş yerquruluşu planını 17 saylı Yevlax ərazi İdarəsinə təhvil edəcəyi təqdirdə onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məsələsinə baxıla bilər. Əlavə olaraq bildirilir ki, Torpaq shaəsi üzərində inventarlaşdırma işləri aparılmış elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin üzərindən 330 kv-luq yüksək gərginlikli hava elektrik xəttləri keçir. Belə olan halda iddiaçıya rəsmi qaydada həmin torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasının qeyri-mümkün olduğu bildirilmiş, eləcə də ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş Gərginliyi 1000 voldan yuxarı olan elektrik səbəkələrinin mühafizə qaydaları”-na əsasən torpaq shaəsi ilə elektrik xətti arasında olan mühafizə zolağı müvafiq olaraq 30 metr təşkil edildiyi diqqətinə çatdırılmışdır. Bununla da torpaq sahəsi ilə elektrik xətti arasında olan qoruma zolağı gözlənilməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə iclasına üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. İş materiallarında olan Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin arxiv sənədlərinə əsasən xx.xx.1980-ci il tarixli 102 nömrəli qərarına Yol maşınları zavodunun bağçılıq üçün torpaq sahəsinin verilməsi qeyd edilmişdir.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2015-ci il tarixli məktubundan görünür ki, iddiaçının adı Yol maşınları zavodunun “Sağlamlıq” kollektiv bağçılıq təsərrüfatının adlı siyasınında 18 sıra nömrəsi ilə qeyd edilmişdir.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-3210/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar (ümumi istifadədə olan torpaq sahəsi) mülkiyyət növü dövlət mülkiyyətidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.İddiaçı ayrılmış 0.06 ha torpaq shaəsinin dəqiq ölçüləri və koordinatları təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb- düşməməsini müəyyən etmək mümkün olmamışdır.Naturada göstərilən torpaq sahəsi elektron bazada olan torpaq sahəsi ilə eyni ərazidə yerləşir.İddia olunan torpaq sahəsi “Yolmaş zavodunun Sağlamlıq Kollektiv” bağçılıq üçün ayrılmış ərazidə yerləşir. Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıda qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə iddianı əsaslı hesab edir. “Torpaq islahatı haqqında” Qanun: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. (-). Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. 19 fevral 2016-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə: Bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir: 1.Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. (-). Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-); 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Mingəçevir şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Həmin sərəncamın 2.2-ci bəndinə əsasən, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlərin görülməsi Nazirlər Kabinetinə tapşırılmışdır. Cavabdeh orqanın iddia tələbinə qarşı dəlili ayrılan torpaq sahəsinin yerləşmə vəziyyətini təsdiq edən sənədin təqdim edilməməsi ilə bağlıdır. İşin Məhkəmə tərəfindən araşdırılmış hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı müddət Yolmaş zavodunda çalışmışdır.İddiaçıya torpaq sahəsinin ayrılmasına dair Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin arxiv sənədlərinə əsasən xx.xx.1980-ci il tarixli 102 nömrəli qərarına əsasən və Mingəçevir şəhər “Sağlamlıq” kollektiv bağçılıq təsərrüfatının adlı siyasına əsasən də iddiaçının istifadəsində olmuş torpaq sahəsinin müvafiq qaydada ayrıldığı təsdiqini tapmışdır. Təqdim edilmiş mütəxəssis rəyindən görünür ki,iddiaçının faktiki istifadəsində 600 kv.m torpaq sahəsi mövcud olmuşdur.İstifadə olunan torpaq sahəsinin yerinin müəyyən edilməsi ilə bağlı məhkəmənin sualına cavab olaraq qeyd edilmişdir ki, iddia olunan torpaq sahəsi “Yolmaş zavodunun Sağlamlıq Kollektiv” bağçılıq üçün ayrılmış ərazi daxilində yerləşir.Bu hal iddia olunan torpaq sahəsinin ona ayrılan torpaq sahəsi ilə eyniləşdirmə aparılmasına imkan yaradır. Yuxarıda qeyd edilmiş işin hallarından göründüyü kimi, iddia olunan torpaq sahəsi İddiaçı ayrılan torpaq sahəsi olmaqla onun qanuni istifadəsindədir. Şərh olunalara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə X2 “Sağlamlıq” kollektiv bağçılıq təsərrüfatı tərəfindən iddaçı İddiaçı ayrılmış,faktiki istifadəsində olan 0.06 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə