Məhkəmə qərarları › İş №e-2-1(116)-2332/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-2332/2025

07.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2332/2025 07.01.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi ilə Tərəflərin və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsin iştirakı olmadan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində Yevlax rayonu Havarlı bələdiyyəsi cəlb olunmaqla) «torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Yevlax rayonu Havarlı bələdiyyəsinin 13 sentyabr 2006-cı il tarixli 130 nömrəli qərarı ilə həyətyanı məqsədilə 500 kv.m torpaq sahəsi İddiaçı satılmışdır. Həmin torpaq sahəsinə dair aidiyyəti qurumların nümayəndələri və iddiaçı tərəfindən torpaqların alqı-satqı aktı tərtib olunmuşdur. İddiaçı həmin qərarı əsas götürərək 500 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh həmin məsələnin həllindən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. İddiaçı cavabdeh DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi» tələbi ilə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, Yevlax rayon Havarlı bələdiyyəsinin 13 sentyabr 2006-cı il tarixli 130 saylı qərarı ilə ona bələdiyyə mülkiyyətində olan torpaqdan 0,05 ha həyətyanı torpaq sahəsi satılmışdır. Bununla bağlı alqı-satqı aktı tərtib edilmiş və o, satılan torpaq sahəsinin dəyərini 13 sentyabr 2006-cı il tarixli qəbz əsasında Havarlı bələdiyyəsinin hesabına ödəmişdir. Alqı-satqı aktı Havarlı bələdiyyəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən möhürlə təsdiq edilmiş, həmin şöbədə 14 fevral 2007-ci il tarixdə 1131 nömrə ilə qeydiyyata alınmışdır. Torpaq sahəsi DTXK Yevlax rayon şöbəsinin rəyi və razılığı alınaraq yerində ölçülüb ona təhvil verilmiş, torpaq sahəsinin yerquruluşu planı həm şöbə, həm də bələdiyyə tərəfindən möhürlə təsdiq edilmişdir. Həmin vaxtdan ona satılan və mülkiyyətinə verilən 0,05 ha torpaq sahəsindən maneəsiz istifadə edir. Torpaq sahəsi onun mülkiyyətindədir və 13-cü küçədə yerləşir, evlərlə əhatə olunmuşdur. O, həmin 0,05 ha torpaq sahəsinin adına rəsmiləşdirilməsi və reyestrdən çıxarış verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh 22 yanvar 2025ci il tarixli məktubla məsələnin həllindən imtina etmiş və bildirmişdir ki, elektron baza məlumatlarınada qeyd edilən torpaq sahəsi kənd təsərrüfatı torpaqlarına aiddir. İddiaçı imtina ilə razı deyil. DTXK Yevlax rayon şöbəsi həmin vaxt satılan torpağın təyinatını bilirdi. Həmin torpaq sahəsinin baza məlumatlarında düzəlişlər edilərək işlənməsi zamanı təyinatının düzgün göstərilməməsi onun (iddiaçının) təqsiri deyil, ətrafdakı evlər də həmin ərazinin kənd təsərrüfatı təyinatlı yox, həyətyanı sahə olmasının sübutudur. Torpaq sahəsi tikintialtı sahədir, ətrafdakı digər torpaqlara və evlərə cavabdeh orqan tərəfindən sənədlər verilmişdir. İddiaçı cavabdehin imtinasını mübahisələndirir. DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsi məhkəməyə ünvanladığı 30 may 2025-ci il tarixli etiraz məktubunda iddiaya etiraz edir və bildirir ki, iddiaçı Rzayev X3 rayonu Havarlı kəndində yerləşən 0,05 ha torpaq sahəsinə dair reyestrdən çıxarışın verilməsi ilə bağlı Ərazi İdarəsinə müraciət etmişdir. Zəruri inventarlaşdırma işləri aparılmış, torpaq sahəsi müayinə edilmiş və sözügedən ərazi elektron kadastr baza məlumatlarına əsasən məlum olmuşdur ki, torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. Bu səbəbdən də iddiaçının hüququnun qeydiyyata alınması mümkün deyildir. Məhkəmə icraatında DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsindən müvafiq suallar üzrə aşağıdakı məzmunda mütəxəssis rəyi alınmışdır: - İddiaçı naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları, naturadakı sahəsi və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Elektron məlumat bazasında mövcud olan Yevlax rayonu Havarlı bələdiyyəsinin X2 X1 xəritəsinə əsasən iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası təmiz örüş, mülkiyyətçisi Havarlı bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi ilə sənəd üzrə ayrılmış torpaq sahəsi eynilik təşkil etmir və üst-üstə düşmür. Torpaq sahəsi hasar daxilində deyil, həmçinin üzərində tikili mövcud deyil. İş materiallarında olan torpaq sahəsinin yerquruluşu planında göstərilən 13-cü və 14-cü küçələrin arasında olan ərazidəki bütün torpaq sahələrinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası təmiz örüş, mülkiyyətçisi Havarlı bələdiyyəsidir. Məhkəmənin 7 may 2025-ci il tarixli qərardadı ilə Yevlax rayonu Havarlı bələdiyyəsi hazırkı inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə icraatının gedişində Əmlak Məsələləri Dövlət Xidmətinin Ali Məhkəməyə ünvanlanmış 1 dekabr 2025-ci il tarixli məktubundan məlum olmuşdur ki, İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli 3-21/3-1-F-110/2025 nömrəli əmri ilə Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 58-ci maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Məhkəmə iş üzrə cavabdeh DƏDKR publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsini DƏDKR publik hüquqi şəxsi ilə əvəz etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsə bildiriş ünvanlanmışdır. Tərəflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Əsaslandırma hissəsi : Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, əsassızdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müvafiq inzibati orqan tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina edildiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Yevlax rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Yevlax rayonu ərazisində yerləşir. Belə olan halda, məhkəmənin mövqeyinə görə hazırkı işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.1-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsassızdır. Məhkəmənin qənaətinə görə DƏDKR PHŞ 17 saylı Yevlax Ərazi İdarəsinin iddiaçının mülkiyyətinə Havarlı bələdiyyəsinin 13 sentyabr 2006-cı il tarixli 130 nömrəli qərarı ilə verilmiş 500 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 6.3-cü maddəsinə görə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Həmin Qanunun 7.1-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: - (7.1.1) yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; - (7.1.2) kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatı üçün əsasların dairəsini konkret müəyyən etmiş və bələdiyyə tərəfindən ona məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktları bu əsaslar sırasında nəzərdə tutmuşdur. Bundan başqa, qanunvericiliyə görə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqlardan kənd təsərrüfatına yararlı torpaqların xüsusi mülkiyyətə verilməsi yolverilməzdir. Hazırkı işin hallarına görə torpaq sahəsi iddiaçıya ayrılan zaman DTXK-nın yerli qurumu onun kənd təsərrüfatına tam yararlı olması barədə rəy vermişdir. Bu xüsusatı təkzib edən hər hansı dəlil, arqument hazırkı inzibati məhkəmə icraatında müəyyən olunmur. Yalnız, məhkəmə icraatında alınmış növbəti mütəxəssis rəyində iddiaçının iddia etdiyi torpaq sahəsi ilə müəyyən qədər aralı məsafədə yerləşməklə qonşu olan torpaq sahələrinin islahat uqodiyası üzrə kənd təsərrüfatına az yararlı olması bildirilmişdir. Halbuki, qanunvericliyə görə bələdiyyə həmin torpağı ayrılan zaman xüsusi mülkiyyətə verə bilməz. Bundan başqa, hər iki sahə Havarlı bələdiyyəsinin mülkiyyətinə aid olsa da, iddiaçı ona ayrılmış torpaq sahəsinə deyil, fərqli koordinatlarda yerləşən torpaq sahəsinə iddia edir. Bununla da belə nəticə əldə olunur ki, İddiaçı qanunla xüsusi mülkiyyətə verilməsi qadağan olunan, həmçinin ona qanuni əsaslarla ayrılmamış torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını iddia edir. Odur ki, həmin torpaq sahəsinə onun hüququnun qeydiyyat alınması üçün əsas mövcud deyil. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. İPM-in 108.1-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. İPM-in 109-cu maddəsinə görə prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. İPM-in 110-cu maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir (maddə 110.1). Yalnız üçüncü şəxs qismində icraata cəlb olunması barədə ərizə verdiyi və ya hər hansı qərardan şikayət verdiyi, yaxud prosessual xərclər həmin şəxsin təqsiri üzündən meydana gəldiyi hallarda, məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxsin üzərinə prosessual xərcləri ödəmək vəzifəsi qoyula bilər (maddə 110.4). MPM-in 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. İş materiallarından görünür ki, hazırkı məhkəmə icraatında aidiyyəti suallar üzrə mütəxəssis rəyinin alınması üçün İddiaçı DƏDKR publik hüquqi şəxsinin müvafiq bank hesabına 95 manat pul vəsaiti ödəmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə icraatda 95 manat məbləğində mütəxəssisə ödənilmiş prosessual xərc inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslərin təqsiri üzündən yaranmamışdır. Odur ki, məhkəmə məsrəfi kimi İddiaçı tərəfindən məhkəmə icraatında mütəxəssis rəyinin alınması üçün ödənilmiş 95 manat pul vəsaiti iddiaçının özünə aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi» tələbinə dair iddiası təmin edilmir. Məhkəmə məsrəfi kimi İddiaçı tərəfindən məhkəmə icraatında mütəxəssis rəyinin alınması üçün ödənilmiş 95 manat pul vəsaiti iddiaçının özünə aid edilir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar