Məhkəmə qərarları › İş №e-2-1(116)-2487/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-2487/2025

04.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2487/2025 04.11.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Zəkəryəyeva Gülnarə Hikmət qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “sərəncamın əsasının dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Cavabdeh 14 aprel 2022-ci il tarixli, 43 saylı sərəncamının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) yarımbəndinə və Dövlət qulluğu haqqında qanunun 25.2.6-cı maddəsinə dair müddəalar çıxarılmaqla dəyişdirilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili (nümayəndəsi) xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək “Cavabdeh 14 aprel 2022-ci il tarixli, 43 saylı sərəncamının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) yarımbəndinə və Dövlət qulluğu haqqında qanunun 25.2.6-cı maddəsinə dair müddəalar çıxarılması və onun öz xahişi ilə işdən azad olunması əsası ilə dəyişdirilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - O, 11 aprel 1994-cü il tarixdən Cavabdeh başçısının köməkçisi vəzifəsində işləmişdir. Lakin 2022-ci ilin mart ayının əvvəllərində prokurorluq orqanı tərəfindən barəsində cinayət işi başlanılmaqla həbs qətimkan tədbiri seçilmiş, həmin ilin may ayında seçilmiş qətimkan tədbiri dəyişdirilmişdir. Cinayət işi məhkəməyə göndərilmiş, məhkəmədə cinayət işi üzrə bəraət hökmü çıxarılmışdır. Hazırda ona məlum olmuşdur ki, onun barəsində həbs qətimkan tədbiri seçiləndən sonra başçının səlahiyyətlərini həyata keçirən şəxsin 14 aprel 2022-ci il tarixli, 43 saylı sərəncamı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə köməkçi vəzifəsindən azad edilmişdir. Əmrin surəti ona təqdim edilmədiyindən İcra Hakimiyyətinə müraciət edərək əldə etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin ləğv edilməsinin əsasları açıq aydın təsbit edilmişdir. Məlum edir ki, sərəncamda göstərilənlər işdən azad edilməyi üçün əsas ola bilməz. İstintaq orqanı tərəfindən onun işdən kənarlaşdırılmağı barədə təqdimat və ya müraciəti, həmçinin məhkəmə qərarı olmamışdır. Həbs olunmağı isə onun işdən müvəqqəti kənarlaşdırımağı üçün əsas ola bilər. Lakin sərəncam verilərkən qanunvericiliyin tələbləri kobud pozulmuşdur. Həmçinin sərəncamda Dövlət qulluğu haqqında qanunun 25.2.6-cı maddəsinə istinad edilmişdir. Lakin məlum edir ki, onun hərəkətlərində Dövlət qulluğu haqqında və Korrupsiyaya qarşı mübarizə haqqında qanunların pozulması halları da olmamışdır. Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə görə əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Onun hərəkətlərində Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallara uyğun əmək vəzifələrini kobud şəkildə pozulmasının əlamətləri də yoxdur. Əmək Məcəlləsinin 72-ci maddəsinin f) yarımbəndində göstərilən iş vaxtı ərzində bilavasitə iş yerində cinayət tərkibi olan ictimai təhlükəli əməllərə yol verməsi hissəsinə dair bildirilmişdir ki, o, cinayət əməllərini törətməsi məhkəmənin hökmü ilə təsdiq olunmalıdır. Məhkəmə hökmü olmadan kiminsə cinayət əməli törətməsi qənaətinə gəlmək olmaz. Ona görə də hesab edir ki, barəsində işdən azad olunmağı barədə sərəncamdan Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) yarımbəndinə və Dövlət qulluğu haqqında qanunun 25.2.6-cı maddəsinə dair müddəalar çıxarılmaqla dəyişdirilməlidir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı Cavabdehnə qarşı «sərəncamın dəyişdirilməsi» barədə iddia tələbinə dair yazılı münasibətin (etiazın) bildirilməsi barədə Şəki İnzibati Məhkəməsinin sərəncamına baxılmışdır. Bildirilmişdir ki, İddiaçı 11 aprel 1994-cü il tarixdən 14 aprel 2022-ci il tarixədək Cavabdeh başçısının köməkçisi vəzifəsində işləmişdir. 2022-ci ilin mart ayının əvvəllərindən başlayaraq İddiaçı prokurorluq orqanı tərəfindən saxlanılmış, barəsində cinayət işi başlanılmaqla həbs qətimkan tədbiri seçilmişdir. İddiaçı haqqında cinayət işi başlanılmaqla həbs qətimkan tədbiri seçildiyi üçün iddiaçının işdən azad edilməsinə zərurət yaranmışdır. Göstərilən səbəblərdən İddiaçı rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən şəxsin 43 nömrəli, 14 aprel 2022-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən Cavabdeh başçısının köməkçisi vəzifəsindən azad edilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. II. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 34.1.Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. “Dövlət qulluğu haqqında” Qanun: Maddə 18. Dövlət qulluqçusunun əsas vəzifələri 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: (-); 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; [66] 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; (-); 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. Maddə 20 Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər 20.1. Dövlət qulluqçusunun aşağıdakılara ixtiyarı yoxdur: 20.1.1. dövlət orqanlarında əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa; 20.1.2. elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa; 20.1.3. dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa; 20.1.4. dövlət qulluğuna xitam verildikdən sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə; 20.1.5. qulluq keçdiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getməyə; 20.1.6. qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etməyə; 20.1.7. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə; 20.1.8. dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə və dövlət orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə. 20.2. Seçki komissiyasının həlledici səs hüquqlu üzvü dövlət qulluğunda ola bilməz. 20.3. Dövlət qulluqçusu bu maddənin tələblərinə zidd hərəkət etdikdə, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, xəbərdarlıq aldıqdan sonra otuz gün ərzində o, dövlət qulluğuna, yoxsa başqa fəaliyyətə üstünlük verdiyini özü üçün müəyyən edərək gəldiyi qərar barəsində qulluq keçdiyi dövlət orqanının rəhbərinə məlumat verməlidir. Maddə 25. Dövlət qulluqçusunun məsuliyyəti 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: (-); 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. 25.4. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 25.5. Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. 25.7. Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. Maddə 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: (-); 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; (-). Maddə 34. Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.

32. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanun: Maddə 5.1. Dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Maddə 9. Dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır. Maddə 23.1. Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Əmək Məcəlləsi: Maddə 5. Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular

1. Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.

2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: (-); ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; (-). Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər (-).

2. Bu Məcəllənin 70-ci maddəsinin ç) bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; (-). Maddə 74 Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları.

2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Maddə 80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar

1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

“İnzibati İcraat Haqqında” Qanun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17).

İİİ. MƏHKƏMƏNİN MÖVQEYİ

İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Mübahisələndirilən qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmiş və iddiaçı tərəfindən İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti ərzində mübahisələndirilməsə də, məhkəmə hesab edir ki, nə qədər ki, sərəncamda hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat tam düzgün şəkildə göstərilməmiş, müddət ötürülməmiş hesab edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Göyçay İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli sərəncamı İddiaçı Zahid oğluna göndərilmişdir. İş materiallarında olan xəbərnamədən görünür ki, həmin sərəncam xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. İnzibati İcraat Haqqında qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Göründüyü kimi hüquqi müdafiə vasitələri və onlardan istifadə müddəti barədə məlumatın aktda tam və düzgün göstərilməməsi maraqlı şəxsin öz müdafiə imkanlarını vaxtında həyata keçirməsinə obyektiv maneə yaratdığından, inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət nəzərdə tutulmuşdur ki, iddiaçı da qeyd edilən müddət ərzində şikayət verərək, qanunun tələbinə riayət etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarında olan Göyçay İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli sərəncamından görünür ki, İddiaçı rayon icra hakimiyyəti başçısının köməkçisi vəzifəsindən azad edilərək dövlət qulluğuna və rayon icra hakimiyyəti ilə arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(091)-12/2023 nömrəli hökmdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulan əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmiş, cəzaçəkmə müddətinin başlanğıcı 09 mart 2022-ci il tarixdən hesablanmış, İddiaçı təyin edilmiş 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmə əlavə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 02 (iki) il müddətə şamil edilsin. İddiaçı barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(107)-136/2023 nömrəli hökmdən görünür ki, İddiaçı müdafiəçisi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(091)-12/2023 nömrəli hökmü ləğv edilmiş, İddiaçı təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmış və ona izah edilmişdir. Hökm çıxarıldığı andan qanuni qüvvəyə minmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(102)-2278/2023 nömrəli qərarından görünür ki, kassasiya protesti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin iş materiallarından görünür ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 1(091)-12/2023 nömrəli qərarı ilə İddiaçı CM-in 73-1.2-ci maddəsinə əsasən CM-in 178.2.2 və 178.2.3-cü maddələri ilə cinayət təqibinə xitam verilməklə həmin maddələrlə cinayət məsuliyyətindən azad edilmişdir. Yuxarıda sadalanan işin halları iddia tələbinin əsassız olmasına dəlalət edir. Belə ki, İddiaçı qarşı cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə yalnız Cinayət Məcəlləsinin 32.4 və 312.2-ci maddələri üzrə bəraət hökmü çıxarılmış, yəni o, məhz bu konkret maddələr üzrə tam bəraət almış, təqsirsiz hesab edilmiş və bu maddələr üzrə cinayət məsuliyyəti tam şəkildə istisna edilmişdir. Lakin cinayət işinin tərkibində olan digər epizodlar üzrə yəni, CM-nin 178.2.2 və 178.2.3cü maddələri üzrə cinayət təqibinə CM-nin 73-1.2-ci maddəsi tətbiq edilməklə xitam olunmuşdur ki, bu hal hüquqi mahiyyəti etibarilə bəraətverici əsas deyil. Yəni şəxsin həmin əməli törətməməsi və ya əməli cinayət tərkibi daşımaması, yaxud sübutların yetərsizliyi səbəbilə təqsirsiz hesab olunması mənasına gəlməyərək, sırf mülkiyyət əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmənin tətbiqi ilə cinayət məsuliyyətinin aradan qaldırılmasını nəzərdə tutur və bu isə “bəraət hökmü” ilə eyniləşdirilə bilməyən, yəni şəxsin davranışının təqsirsizliyinə dəlalət etməyən, yalnız müəyyən əsaslar ilə cinayət məsuliyyətindən azad edilmənin tətbiq edilməsidir. Belə ki, Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən həmin məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmçinin nəzərə alınmalıdır ki, Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, məhkəmə yalnız cinayət hadisəsi olmadıqda (42.1.1), əməldə cinayət tərkibi olmadıqda (42.1.2), şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda (42.1.3) və ya təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4) təqsirləndirilən şəxs barədə bəraət hökmü çıxarılması nəzərdə tutuluğundan, CM-nin 73-1.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azadolma həmin maddədə sadalanan bəraətverici əsaslardan heç birinə uyğun gəlmir. Qeyd edilənlərdən göründüyü kimi iddiaçının yuxarıda qeyd edilən maddələr üzrə CM-nin 73-1.2-ci maddəsi tətbiq olunmaqla cinayət məsuliyyətindən azad edilməsi, onun həmin əməlləri törətmədiyini və ya əməllərində cinayət tərkibinin əlamətlərinin olmaması ilə bağlı hüquqi nəticə doğurmur və nəticə etibarilə bu fakt, inzibati orqanın xx.xx.2022-ci il tarixli 43 saylı sərəncam qəbul edilərkən mövcud olan faktiki-hüquqi vəziyyəti sonradan şəxsin qeyd edilən neqativ hallar ilə bağlı tam məsuliyyətinin olmaması kimi başa düşülməməlidir. Beləliklə, nə qədər ki, iddiaçının barəsində digər maddələr üzrə bəraətverici əsaslarla xitam verilməmiş, yəni həmin maddələr üzrə məhkəmə hökmü ilə onun təqsirsizliyi təsbit edilməmiş, və nə qədər ki, cinayət məsuliyyətindən azadolma yalnız CM-nin 73-1.2-ci maddəsinin tətbiqinə əsasən həyata keçirilmiş, bu halda iddiaçının cinayət işindəki bütün epizodlar üzrə tam şəkildə bəraət aldığı və buna görə də işdən azad olunma haqqında sərəncamın qəbul edilməsinin əsassız olduğu iddia edilə bilməz. Çünki bəraət hökmü ilə mülkiyyət əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə arasında hüquqi nəticələr baxımından kəskin fərq mövcud olmaqla, sonuncu heç bir halda “təqsirsizliyin sübutu” təsiri doğurmur və bu isə inzibati orqanın sərəncamının qəbul edildiyi tarixdə mövcud olmuş neqativ halların inzibati orqan üçün hüquqi əhəmiyyətini aradan qaldırmır. Bundan başqa, iddiaçının işə bərpa olunma tələbi irəli sürmədiyi, yalnız işdən azad edilmə əsası olan Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və Dövlət qulluğu haqqında qanunun 25.2.6-cı maddəsinin sərəncamdan çıxarılaraq əvəzində “öz xahişi ilə azadetmə” qeydinin daxil edilməsini tələb etməsi, hüquqi mahiyyəti etibarilə inzibati aktın hüquqi əsaslarının dəyişdirilməsi tələbi olmaqla, işdən azad edilmə nəticələrinin ləğvinə deyil, yalnız həmin nəticənin normativ-hüquqi qiymətləndirilməsinin dəyişdirilməsinə yönəlmiş tələbi təşkil etdiyindən, CM-in 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmə faktı belə bu nəticənin dəyişdirilməsi üçün hüquqi əsas yarada bilməz. Çünki dövlət qulluqçusunun vəzifədən azad edilməsinə gətirib çıxaran səbəblərin hüquqi mahiyyəti inzibati orqanın sərəncam verdiyi tarixdə mövcud olan faktikihüquqi vəziyyətə əsaslanır və sonradan bəzi epizodlar üzrə məsuliyyətin CM-nin qeyd edilən maddəsi üzrə tələblərinə əsasən aradan qaldırılması, inzibati orqanın həmin dövrdə qəbul etdiyi qərarın qanuniliyinə təsir edən hal hesab edilmir. Nəticə etibarilə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının yalnız bəzi maddələr üzrə bəraət alması, lakin digər maddələr üzrə bəraətverici əsaslarla tam xitam verilməməsi və bunun əvəzinə CM-nin 73-1.2-ci maddəsinin tətbiqi ilə məsuliyyətdən azad olunması şəraiti, o cümlədən iddiaçının işə bərpa tələbi irəli sürməməsi və yalnız işdən azad olma əsasında dəyişiklik edilməsini xahiş etməsi faktı, Cavabdeh xx.xx.2022-ci il tarixli 43 saylı sərəncamının ləğvi və ya dəyişdirilməsi üçün qanunvericilik baxımından kifayət edən əsaslar təşkil etmir və beləliklə də bu hallar iddianın təmininə hüquqi zəmin yaratmır. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh 14 aprel 2022-ci il tarixli, 43 saylı sərəncamının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) yarımbəndinə və Dövlət qulluğu haqqında qanunun 25.2.6-cı maddəsinə dair müddəalar çıxarılması və onun öz xahişi ilə işdən azad olunması əsası ilə dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdehnə qarşı “Cavabdeh 14 aprel 2022-ci il tarixli, 43 saylı sərəncamının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) yarımbəndinə və Dövlət qulluğu haqqında qanunun 25.2.6-cı maddəsinə dair müddəalar çıxarılması və onun öz xahişi ilə işdən azad olunması əsası ilə dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X4 Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar