Məhkəmə qərarları › İş №e-2-1(116)-2659/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-2659/2025

30.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2659/2025 30.09.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədağayeva Səidə Nadir qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı «qərarın ləğv edilməsi»” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “cavabdehin vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə xx.xx.2025-ci il tarixli 3-21-2-15/2-27180/2025 nömrəli qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - İddiaçı MMC Azərbaycan Respublikası qanunvericiliyə əsasən təsis edilmiş, hüquqi ünvanı ünvan 1rir (VÖEN530Ü851281). Sifarişçi olaraq ağac və gül kollarının, qazon ot örtüyünün alınması ilə bağlı Nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MMC-nin (ÖVEN **********) direktoru X6 ilə xx.xx.2024-cü il tarixdə Alqı-Satqı müqaviləsi bağlanmış və həmin malların dəyəri 54555.00 təşkil etmişdir. Bununla bağlı isə xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura tərtib olunmuşdur. Bundan sonra Cəmiyyət olaraq əldə olunmuş həmin mal Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təsis edilmiş, hüquqi ünvanı Zərdab şəhərində olan nizamnamə əsasında, fəaliyyət göstərən Zərdab rayon X1 rəisi X4 şəxsində təmsil olunan (VOEN:**********) qurumla 19 iyul 2024-cü il tarixdə Zərdab şəhərində ağac və gül kollarının, qazon ot örtüyünün satın alınması ilə əlaqədar imzalanmış Müqaviləyə əsasən müəyyənləşdirilmiş. Vergi xidmətləri də daxil olmaqla təşkil etmiş 58895,60 manatlıq mal alıcıya çatdırılmış və əldə olunan gəlirin 20%, yəni 820 manat vəsait isə dövlət hesabına ödənilmişdir. Belə ki, vergi ödəyicisi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-cı maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəməlidir. Lakin buna baxmayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən barəsində qanunsuz və əsassız olaraq Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesabalanması barədə 17 mart 2025-ci il tarixli, 3-21-2-15/2- 27180/2025 nömrəli qərar çıxarılmış və həmin qərarda guya hüquqi şəxs olaraq satmış olduğu ağac və gül kolları, qazon ot örtüyü əkilib-becərilməklə tədarük olunmuş mal kimi qiymətləndirilmiş və buna görə də qurum tərəfindən ona qanunsuz və əsassız olaraq əldə olunmuş gəlirlə bağlı 11631.66 vergi tətbiq olunmuşdur. Yuxarıda qeyd etdiyi kimi o, əldə edərək satmış olduğu ağac və gül kollarını, qazon ot örtüyünü Nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MMC-nin (ÖVEN **********) direktoru X6 ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli Alqı-Satqı müqaviləsinə əsasən almış və həmin malların ümumi dəyəri 54555.00 təşkil etmişdir. Bununla bağlı isə xx.xx.2024-cü il tarixli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura tərtib olunmuşdur. Hüquqi şəxs olaraq almış olduğu həmin malların daşınması, alıcıya qüsursuz olaraq çatdırılması və sair görülmüş işlərlə birlikdə Zərdab şəhərində olan nizamnamə əsasında fəaliyyət göstərən Zərdab rayon X1 rəisi X4 şəxsində təmsil olunan (VOEN:**********) şəxsə satılmış və vergi xidmətləri daxil olmaqla layihənin smeta dəyəri 58895,60 təşkil etmişdir. Onun ağac və gül kollarını, qazon ot örtüyünün satışından əldə etmiş olduğu gəlir isə 4340 manat vəsait təşkil etmiş və gəlirdən əldə olunmuş vergi isə 820 manat təşkil etməklə dövlət hesabına ödənilmişdir. Göründüyü kimi adı qeyd olunan qurum tərəfindən əsassız olaraq dəqiqləşdirilmədən əldə etdiyi gəlirdən dəfələrlə çox 11631.66 manat məbləğində əlavə olaraq vergi hesablanmışdır. Ona görə də həmin qurum tərəfindən tərtib olunmuş qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Araşdırma zamanı uçot-baza məlumatlarına əsasən hüquqi şəxsin xx.xx.2024-cü il tarixdə vergi ödəyicisi kimi uçota alındığı və əsas fəaliyyət növünün “İxtisaslaşdırılmamış geniş çeşiddə olan malların topdan satışı” olduğu müəyyən edilmişdir. Akella MMC (VÖEN: **********) “Hüquqi şəxsin fəaliyyətinin dayandırılması” barədə xx.xx.2025-ci il tarixli **********599400 nömrəli ərizə ilə 9 saylı Ərazi Vergilər İdarəsinə müraciət etmiş və vergi ödəyicisinin fəaliyyəti xx.xx.2025-ci il tarixdən xx.xx.2075-ci il tarixə dayandırılmışdır. İddiaçının ərizəsində barəsində qəbul edilmiş 9 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21-2-15/2-27180/2025 nömrəli qərarın ləğv edilməsi dəlilinə münasibət bildirərək qeyd edilmişdir ki, müvafiq kənarlaşma ilə bağlı iddiaçıya vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli 3-21- 2-15/2-13191/2025 nömrəli uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannaməlar və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubuna cavab olaraq əsaslandırılmış izahat və iş üçün əhəmiyyət kəsb edən sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21-2-15/2- 27180/2025 nömrəli nömrəli Qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. İddiaçı ərizəsində sifarişçi olaraq “Ağac və gül kollarının qazon ot örtüyünün alınması ilə bağlı” nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MMC (VÖEN: **********) ilə xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi bağladığını və həmin malların dəyəri 54555 (əlli dörd min beş yüz əlli beş) manat təşkil etdiyini, bununla bağlı isə xx.xx.2024-cü il tarixli “Malların, işlərin və xidmətlərin təqdim edilməsi” barədə elektron qaimə-faktura tərtib olunduğunu qeydinə cavab olaraq bildirilmişdir ki, "xxxx" MMC (VÖEN: **********) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-264100 /2024 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilərək riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir. Qeyd edilənlərə əsasən qərarın səbəbi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli “265” nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2-ci yarımbəndinə uyğun olaraq aşağıdakı risk meyarı (meyarları) müəyyən edilmişdir: 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə Həmçinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********405800 nömrəli “Məlumatın təqdim edilməsi barədə” xidməti məktubuna əsasən "xxxx" MMC-nin (VÖEN: **********) aktiv təsərrüfat obyektinin olmadığı aşkar edilmişdir. Vergi Məcəlləsinin 13.2.69cu maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma vergi üstünlüyüdür. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi dedikdə vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat başa düşülür. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs riskli vergi ödəyicisi hesab olunur. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Riskli vergi ödəyicisi tərəfindən müvafiq təsdiqedici sənədlər təqdim edildiyi təqdirdə vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması məsələsinə baxıla bilər. İddiaçı ərizəsində vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilərkən və yoxlamanın nəticələri rəsmiləşdirilərkən, vergi qanunvericiliyinin tələbləri pozulduğunu, inzibati icraatın prinsiplərinə riayət edilmədiyini, nəticədə inzibati icraat haqqında qanunvericilik normalarının və maddi hüquq normalarının ciddi şəkildə pozulması ilə müşayiət olunan əlverişsiz inzibati akt qəbul edildiyini bildirərək 9 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21-2-15/2-27180/2025 nömrəli qərarının qanunsuz və əsassız olduğunu, həmin qərarda guya hüquqi şəxs olaraq satmış olduğu ağac və gül kolları, qazon ot örtüyü iddiaçının özü tərəfindən əkilibbecərilməklə tədarük olunan mal kimi qiymətləndirildiyini qeyd edərək, qərara uyğun olaraq hesablanan 11631,66 (on bir min altı yüz otuz bir manat altmış qəpik) manat vergi məbləğinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Göstərilənlərlə bağlı bildiririk ki, Akella MMC (VÖEN: **********) tərəfindən 2024-cü il ərzində "xxxx" MMC (VÖEN: **********) və X5 (VÖEN: **********) əldə edilmiş 57659,11 manat məbləğində elektron qaimə-fakturalar qeyd edilən vergi ödəyicilərinin “Riskli vergi ödəyiciləri” olması səbəbindən əmtəəsiz əməliyyat olduğu müəyyən edilmiş və Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilməmişdir. Odur ki, 2024-cü il mənfəət vergisi bəyannaməsində həmin elektron qaimə-fakturalarda göstərilən məbləğlər xərc kimi nəzərə alınmamış, kameral vergi məbləği hesablanmışdır. Əlavə olaraq X7 (VÖEN: **********) barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən riskli vergi ödəyicisi hesab edilərək xx.xx.2024-cü il tarixli 3-21- 2-12/2-14772/2024 nömrəli qərar qəbul olunmuşdur. Qeyd edilənlərə əsasən qərarın səbəbi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli “265” nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2-ci yarımbəndinə uyğun olaraq aşağıdakı risk meyarı (meyarları) müəyyən edilmişdir: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə. xx.xx.2024-cü il tarixli 3-21-2-12/2-14772/2024 nömrəli qərarda qeyd olunmuşdur ki, X7 (VÖEN: **********) tərəfindən təqdim edilən mallar vergi ödəyicisinin alışı və ya idxalında müəyyən edilmədiyi üçün aparılmış əməliyyat riskli hesab edilir. Eyni zamanda vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan təsərrüfat subyekti müəyyən edilməmişdir. Bundan əlavə bildiririk ki, riskli vergi ödəyicisi hesab olunma ilə bağlı vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. Bununla bağlı iddiaçı "xxxx" MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddiası üzrə qəbul edilmiş Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1212/2023 nömrəli qərarında məhkəmə kollegiyasının sözügedən məsələ ilə bağlı hüquqi mövqeyini qeyd etməyi zəruri hesab edirik. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1212/2023 nömrəli qərarında qeyd olunur: “**********702300 nömrəli qərardan görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq siyahıya daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında olan əməliyyatlar isə 2021-ci ilin iyun-avqust aylarını əhatə etmiş və sonuncu əməliyyat xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Yəni "xxxx" MMC ilə iddiaçı arasında əməliyyatlar həyata keçirildiyi vaxt (alqı-satqı əməliyyatları) "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, işdən göründüyü kimi, iddiaçının istinad etdiyi "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə, mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur.” Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi . Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. II. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 34.1.Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Maddə 83.7. Vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar İİİ. MƏHKƏMƏNİN MÖVQEYİ İddianın növü və mümkünlüyü. İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Mübahisələndirilən qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmiş və iddiaçı tərəfindən İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti ərzində mübahisələndirilmişdir. İddianın əsaslılığı: Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı MMC barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 2024-cü il üçün mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli, 3-21-2-15/2-27180/2025 nömrəli qərarla 11631.66 manat vergi məbləği hesablanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 18/2024 nömrəli alqı-satqı müqaviləsindən və eyni tarixli qiymətin razılaşdırılması protokolundan görünür ki, alıcı İddiaçı MMC ilə satıcı "xxxx" MMC 54555.00 manat məbləğində ağac, gül kollarının qazon örtüyünün alqı satqısı razılaşdırılmış və elektron-qaimə faktura əsasında mal alışı həyata keçirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 02 nömrəli təhvil-təslim aktından görünür ki, ağac, gül kollarının, qazon öt örtüyü malları İddiaçı MMC tərəfindən Zərdab rayon X2 təhvil verilmişdir. Məhkəmə ərizəçi ilə "xxxx" MMC və X7 arasında aparılan əməliyyatın əmtəəsiz əməliyyat kimi qiymətləndirilməsinə münasibətdə bildirir ki, Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə görə əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Əməliyyatın əmtəəsiz hesab olunması üçün vergi orqanının vergi nəzarəti tədbiri ilə faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən əməliyyatın aparıldığı sübuta yetirilməlidir. Lakin cavabdeh orqan qeyd olunanlara dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə əməliyatlar aparan zaman "xxxx" MMC və X7 riskli vergi ödəyicisi qrupunda olmamışdır. Belə ki, iş materiallarında olan Vergi ödıyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə Qərarlardan görünür ki, "xxxx" MMC xx.xx.2024-cü il tarixdə, X7 isə xx.xx.2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilmişdir. İşin halları ilə müəyyən olunur ki, cavabdeh vergi orqanı iddiaçıya Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən mənfəət vergisi hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxslərin (mal aldığı şəxslərin) təsdiqedici sənədlərlə almadıqları malları satdıqlarını və təsərrüfat subyektlərinin olmaması müəyyən edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilməsinin baş tutub-tutmaması ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmçinin, Məcəllənin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. Lakin, burada xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Belə ki, hazırkı işdə olduğu kimi, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Məhkəmə qeyd edir ki iddiaçı barəsində qəbul edilmiş qərar onun sonradan riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş şəxslər ilə edilən alqı-satqı əməliyyatlarının yekunu olaraq xərclər mənfəət vergisi bəyannaməsində elektron qaimə-fakturaların qəbul edilməməsi nəticəsində çıxarılmışdır. Halbuki alqı-satqı əməliyyatları aparılan zaman həmin müəssisələr riskli vergi ödəyicisi siyahısında olmamış və iddiaçı bu barədə məlumatlı olmamışdır. İş materiallarında olan sənədlər ilə müəyyən edilir ki, iddiaçının alqı-satqı əməliyyatlarını apardığı tarixlərdən sonra riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Odur ki, cavabdeh vergi orqanının iddiaçının riskli vergi ödəyicisi hesab olunan "xxxx" MMC və X7 ilə əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlərin gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab etməməsi əsassız olmuşdur. Nəzərə alınmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilərkən və yoxlamanın nəticələri rəsmiləşdirilərkən, vergi qanunvericiliyinin tələbləri pozulmuş, inzibati icraatın prinsiplərinə riayət edilməmiş, nəticədə inzibati icraat haqqında qanunvericilik normalarının və maddi hüquq normalarının ciddi şəkildə pozulması ilə müşayiət olunan əlverişsiz inzibati akt qəbul edilmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin 17 mart 2025-ci il tarixli, 3-21-2-15/2-27180/2025 saylı qərarı ləğv edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. X12 Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar