Məhkəmə qərarları › İş №e-2-1(116)-2738/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-2738/2024

07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-2738/2024 07.08.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi ilə tərəflərin iştirakı olmadan iddiaçı – İddiaçı cavabdeh – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı «cərimələrin və həbsin götürülməsi, müvafiq tədbirlərin görülməsi» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi, 31) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Hazırkı İddiaçı ona məxsus **-HK-*** dövlət qeydiyyat nişanlı “Opel Corsa (minik)” markalı avtomobilin idarə edilməsi və digər səlahiyyətlərin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi barədə 29 oktyabr 2022-ci il tarixdə etibarnamə imzalamış və həmin əqd notarial qaydada təsdiqlənmişdir. Həmin nəqliyyat vasitəsinin idarə edilməsi zamanı yol hərəkəti qaydalarının pozulması halları baş verdiyindən, müvafiq cərimə sanksiyaları tətbiq olunmuş və cərimə məbləğləri vaxtında ödənilmədiyindən, avtomobil üzərinə həbs qoyulmuşdur. İddiaçı həmin avtomobil üzərinə qoyulmuş cərimələrin və həbsin götürülməsi, müvafiq tədbirlərin görülməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçının müraciəti əsasında işə cavabdeh qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin cəlb olunması barədə məhkəmə 20 may 2024-cü il tarixdə qərardad qəbul etmişdir. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bakı İnzibati Məhkəməsinin 20 may 2024-cü il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı mövqeyini belə əsaslandırır ki (iddia ərizəsinə əsasən), müvafiq nəqliyyat vasitəsi 29 oktyabr 2022-ci il tarixdən 1 noyabr 2023-cü il tarixədək onun idarəçiliyində olmadığından, avtomobilin üzərindən cərimələr və həbs götürülməlidir. İş materialları Şəki İnzibati Məhkəməsinə daxil olduqdan sonra İPM-in 47-ci maddəsinə müvafiq olaraq məhkəmənin müvafiq sərəncamı cavabdeh Azərbaycan Respublikası DİN Baş X3 İdarəsinə göndərilmiş, lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilməmişdir. İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iclasın tərəflərin iştirakı olmadan keçirilməsini mümkün sayır. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 35.1 və 68.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia mümkün iddia sayıla bilməz. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə, inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: - (61.1.6) inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında vurğulanmışdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair işlər üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırda cavabdehin inzibati xətalara dair işlər üzrə fəaliyyəti ilə əlaqədar müəyyən hərəkətlərini mübahisələndirdiyindən, eləcə də bununla əlaqədar gələcəkdə müvafiq tədbirlərin görülməsini tələb etdiyindən, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Odur ki, məhkəmənin qənaətinə görə iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı «cərimələrin və həbsin götürülməsi, müvafiq tədbirlərin görülməsi» barədə iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2, 23.1, 35, 80, 83.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmır. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar