Məhkəmə qərarları › İş №e-2-1(118)-1942/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-1942/2022

18.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-1942/2022 18.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********293400 nömrəli qərarın ləğv edilməsi və qərara əsasən hesablanmış əlavə vergi məbləğinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia qaldıraraq 2 saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2022-ci il tarixli **********293400 nömrəli qərarın etibarsız hesab edilməsi və hesablanmış 29644,04 manat əlavə verginin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********293400 nömrəli qərarın ləğv edilməsi və qərara əsasən hesablanmış əlavə vergi məbləğinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər, 2 saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2022-ci il tarixli **********293400 №-li qərarı ilə vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının müəyyən edilmiş müddətdə hesablanmadığına görə kameral yoxlama yolu ilə Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 59.1-ci maddəsinə əsasən "PROQRESS LTD” MMC-nə 20644.04 AZN (iyirmi min altı yüz qırx dörd manat dörd qəpik) əlavə vergi hesablanmışdır. Cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi vergi qanunvericiliyinin, qanunvericiliyin pozulması ilə əlaqədar "xxxx" MMC-nə tətbiq etdiyi qərar etibarsız hesab edilməklə qanunsuz hesablanmış əlavə vergi ləğv edilməlidir. Belə ki, cavabdeh aparılan araşdırmalar zamanı guya riskli vergi ödəyicilərindən ümumi ƏDV-siz dəyəri 97757.30 AZN (doxsan yeddi min yeddi yüz əlli yeddi manat 30 qəpik) olan elektron qaimə fakturalar əldə edildiyi və mənfəət vergisi bəyannaməsində xərc maddələrində göstərildiyi müəyyən edilmiş, yaranmış kənarlaşma üzrə 19551,46 AZN (on doqquz min beş yüz əlli bir manat 46 qəpik) mənfəət vergisi hesablanması nəzərdə tutulmuşdur. Cavabdeh riskli vergi ödəyicilərinin müəyyən edilməsi məqsədi ilə AR Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 saylı "Riskli vergi ödəyicisinin", o cümlədən riskli əməliyyatların meyarlarının təsdiq edilməsi haqqında qərarına istinad edərək cəmiyyətə əsassız olaraq əlavə vergi tətbiq etmişdir. AR MM-nin 7.1-ci maddəsinin tələbinə görə AR Konstitusiyasının 149-cu maddəsinin Vll-hissəsində nəzərdə tutulanlar istisna olmaqla mülki qanunvericiliyin müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Həmin məcəllənin 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətlərini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh tərəfindən qərar qəbul edilərkən AR Vergi məcəlləsinin 49, 59-cu maddələrinin tələbləri və NK-nin xx.xx.2020-ci il tarixli 265 saylı qərarının tələbləri kobudcasına pozulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxsinin 'hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində iddiaçının riskli vergi ödəyicisi olmadığı və düzgün olmayaraq vergi orqanı tərəfindən riskli vergi ödəyicisi hesab edilərək əsassız olaraq 19551,46 manat vergilərin hesablandığı göstərilərək 29 aprel 2022-ci il tarixli, **********293400 nömrəli qərarın ləğv edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi iddia tələbinin dəlillərini əsassız hesab edir. İddiaçıya 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə 19551,46 manat kameral qaydada vergi məbləği hesablanmışdır. Kameral vergi yoxlaması keçirilərkən aparılmış, araşdırma zamanı iddiaçı tərəfindən riskli vergi ödəyicilərindən ümumi ƏDV-siz dəyəri 97757,3 manat olan elektron qaimə-fakturalar əldə edildiyi və mənfəət vergi bəyannaməsində xərc maddələrində göstərildiyi müəyyən edilmişdir. Yaranmış kənarlaşma üzrə 19557,46 manat mənfəət vergisi hesablanması nəzərdə tutulmuşdur. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********293400 nömrəli AVİS-dən kənar uyğunsuzluq məktubu göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün kameral vergi yoxlaması aparılaraq 2021-ci il mənfəət vergi bəyannaməsi üzrə 97757,3*20%=19551,46 manat kameral qaydada vergi məbləği hesablanılmış və vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********293400 nömrəli analoji hesablama barədə qərar göndərilmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********293400 nömrəli Qərarından görünür ki, İddiaçı MMC-yə 2021-ci il üzrə 19551,46 manat əlavə dəyər vergisi hesablanmışdır. İş materiallarına əlavə edilmiş elektron qaimələrin surətlərindən görünür ki, İddiaçı MMC 2021-ci il ərzində “Dublax Services”, “Thunders Group”, “Linder LTD M”, “Ferbet Corpareyşn”, “Belan Services”, “Kamron Group”, “Mozaik M Group”, Golden Services 20”, “Leo Star”, “Sollari”, “Vitol Servis”, “Elektron 01” müəssisələri ilə alqı-satqı əməliyyatları aparmışdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İş materiallarına əlavə edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********293400 nömrəli Qərara əsasən İddiaçı MMC-yə 2021-ci il üzrə kameral vergi yoxlaması ilə 19551,46 manat məbləğində əlavə vergi məbləği hesabalanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı barəsində qəbul edilmiş qərar onun sonradan riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş müəssisələr ilə edilən alqı-satqı əməliyyatlarının yekunu olaraq ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilən elektron qaimə-fakturaların qəbul edilməməsi nəticəsində çıxarılmışdır. Halbuki alqı-satqı əməliyyatları aparılan zaman həmin müəssisələr riskli vergi ödəyicisi siyahısında olmamış və iddiaçı bu barədə məlumatlı olmamışdır. İş materiallarında olan sənədlər ilə müəyyən edilir ki, iddiaçının alqı-satqı əməliyyatları həyata keçirdiyi 12 adda olan müəssisə, iddiaçının alqı-satqı əməliyyatlarını apardığı tarixlərdən sonra riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh vergi orqanının iddiaçının təqdim etdiyi əvəzləşmələri qəbul etməməsi əsassız olmuşdur. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, vergi orqanı elektron alış aktları məlumatlarına əsasən iddiaçıya əlavə vergi öhdəliyi hesablamaqla səhvə yol vermişdir. Belə ki, Vergi Məcəlləsinin: -37.-1- 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. -37.-2- maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.-3- maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. -37.-4- maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. -37.-5- , 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. -37.-11- i maddəsinə əsasənm əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Bundan başqa məhkəmə qeyd edir ki, mübahisələndirilən inzibati akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Yuxarıda qeyd olunan normaların tələblərinə əsasən inzibati orqan qəbul etdiyi inzibati aktı icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmalı və inzibati aktda işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar, o cümlədən nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Belə ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya kameral vergi yoxlamasının nəticəsi olaraq vergi məbləği hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verilmiş, inzibati orqanın qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********293400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar ləğv edilməli və həmin qərara əsasən hesablanmış əlavə vergi məbləği silinməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********293400 Qərarı ləğv edillsin, həmin qərara əsasən hesablanmış əlavə vergi məbləği silinsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar