Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-2013/2023 29.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlununun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli **********167600 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin (bundan sonra - cavabdeh vergi orqanı) xx.xx.2022-ci il tarixli **********15652 nömrəli qərarına əsasən iddiaçı “NARM" MMC-də mart 2019 - fevral 2022 hesabat dövrünü əhatə edən növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2022-ci il tarixdə başlamış, xx.xx.2022-ci il tarixdə bitmiş, nəticəsi isə xx.xx.2022-ci il tarixli **********157289 nömrəli aktla rəsmiləşdirilmişdir. Aktda qeyd edilənlərə əsasən: “ "xxxx" MMC tərəfindən inşa edilmiş 4 girişli 14-16 (mansard olmaqla) mərtəbəli binanın ümumi sahəsi 35 565.67 m2, satışa yararlı sahəsi 26 584.46 m2 müəyyənləşdirildi. Vergi ödəyicisinin təqdim etdiyi müqavilələrə əsasən 24 500.46 m2 yaşayış sahəsi, 598.0 m2 qaraj sahəsi, 2 012.80 m2 qeyri- yaşayış və 500.0 m2 zirzəmi sahəsinin satıldığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin satışına dair müqavilələr yoxlamaya təqdim edildiyi üçün ekspert rəyinin alınmasına zərurət yaranmadı. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş müqavilələrə əsasən 24 500.46 m2 (326 mənzil) sahədən 4 mənzil üzrə 261.62 m2 sahə İcra Hakimiyyətinin mənzil fonduna ayrılmış, qalan 322 mənzil üzrə 24 238.85 m2 yaşayış sahəsinin satış dəyəri 10 963 466.22 manat (ƏDV daxil), vergi ödyicisi tərəfindən yoxlamaya qarajların satılmasına dair 33 müqavilə təqdim edilmiş, satış müqavilələri üzrə qarajların cəmi satış dəyəri 212 300,0 manat (ƏDV daxil) müəyyən edildi. Bundan başqa, qeyri-yaşayış sahəsinin satışına dair 22 müqavilə təqdim edilmişdir ki, müqavilələr üzrə cəmi satış dəyəri 1 544 766.0 manat (ƏDV daxil) müəyyən edildi. Həmçinin vergi ödəyicisi tərəfindən yoxlamaya 500 m2-lik zirzəmi sahəsinin satışına dair müqavilə təqdim edilmişdir ki, onun satış dəyəri 100 000,0 manat (ƏDV daxil) müəyyən edildi. Qeyd edilənləri nəzərə alaraq, 12 820 532.22 manat (ƏDV daxil) dövriyyə Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən yoxlama ilə əhatə edilən dövrün sonuncu ayına bərpa edildi. Nəticədə ƏDV üzrəl 955 674.41 manat verginin (12 820 532.22 / 1.18* 18%) azaldıldığı müəyyən edildi.” Səyyar vergi yoxlamasının nəticəsində xx.xx.2023-cü il tarixli **********167600 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmiş və həmin qərara əsasən: 2022-ci ilə ƏDV üzrəl 955 674,41 manat əlavə vergi məbləği hesablanmış və 977 837.21 manat maliyyə sanksiyası tətbiq edilmiş; Vergi hesabatanın vaxtında təqdim edilməməsinə görə 80 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixli **********167600 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” Qərara əsasən iddiaçıya 1 955 674,41 manat əlavə vergi məbləği hesablanmış, 977 917.21 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Aşağıda qeyd olunanlara əsasən 23.01,2023-cü il tarixli **********167600 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cətb edilməsi haqqında” Qərarı qanunsuz hesab edirik: Səyyar vergi yoxlaması aktından aydın olur ki, vergi orqanı 1 955 674.41 manat ƏDV-ni Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən hesablamışdır. Vergi orqanının Vergi Məcəlləsinin yuxarıda göstərilən 67.16-cı maddəsini "xxxx" MMC-yə münasibətdə tətbiq etmək hüququ olmamışdır. "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. ünvanında tikintisi başa çatmış çoxmənzilli yaşayış binası ilə bağlı Vergi Məcəlləsinin 220.8-ci maddəsinin (xx.xx.2016-cı il tarixədək qüvvədə olan redaksiyasının) tələblərinə müvafiq olaraq hesablanmış Sadələşdirilmiş vergi məbləğinin tam şəkildə dövlət büdcəsinə ödənilməsini həyata keçirmişdir. Lakin cəmiyyət binanın inşası ilə bağlı yaranmış ciddi maliyyə problemləri səbəbindən, vergi öhdəliyinin geri qalan hissəsinin ödənilməsini həyata keçirə bilməmişdir. Belə ki, cəmiyyət binanın sakinlərinin mənzillərə köçürülməsi və binanın kommunal problemlərinin (su, kanalizasiya sistemi,işıq və qazla təchiz edilməsinin) həlli istiqamətində çox saylı maliyyə itkilərinə məruz qalmış və binanın tikintisini ümumilikdə zərərlə başa vurmuşdur. Hətta 4 ədəd liftin quraşdırılması ilə bağlı borc öhdəliyi də cəmiyyət tərəfindən bugünkü tarixədək icra edilməmişdir. Bu halı "xxxx" MMC-nin inşa edilmiş çoxmənzilli yaşayış binası ilə bağlı istismara icazəni məhz cənab Prezidentin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Sərəncamından sonra alması da təsdiq edir. Göründüyü kimi, "xxxx" MMC Abşeron rayon icra Hakimiyyəti Başçısının xx.xx.2007ci ii tarixli sərəncamına əsasən 4 girişli, 16 mərtəbəli, 2 çoxmənzilli yaşayış binasını çox böyük maliyyə itkiləri və digər böyük çətinliklər hesabına başa vurduğundan, Vergi Məcəlləsinin 220.8-ci maddəsində nəzərdə tutulmuş Sadələşdirilmiş-vergi məbiəğini tam ödəsə də, binanın tikintisi zərəri ilə yekunlaşdığından digər vergi öhdəliklərini yerinə yetirməyə qadir olmamışdır. Göstərilənlərə əsasən hesab edirik ki, xx.xx.2023-cü il tarixli **********167600 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” Qərar qanunvericiliyin tələblərinə zidd qəbul edildiyindən ləğv edilməlidir.Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsi ilə əlaqədar olaraq bildirilir ki, cavabdeh vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********156652 saylı qərarına əsasən "xxxx" MMC-də (VÖEN **********) xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü əhatə edilməklə səyyar vergi yoxlaması təyin edilmiş edilmişdir.“Növbəti səyyar vergi yoxlamasının keçirilməsi barədə” Qərar, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış, “Vergi yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə” Tələbnamə vergi ödəyicisinə təqdim edilmiş və xx.xx.2022-ci il tarixli **********156708 saylı Tələbnamədə qeyd olunan sənədlərin 15 (on beş) iş günü müddətində yoxlamaya təqdim edilməsi təklif edilmişdir.İddiaçı tərəfindən təqdim edilmiş müqavilələrə əsasən 24500,46 m2 (326 mənzil üzrə) sahədən 4 mənzil üzrə 261,61 m2 sahə İcra Hakimiyyətinin mənzil fonduna ayrılmış, qalan 322 mənzil üzrə 24238,85 m2 yaşayış sahəsinin satış dəyəri 10963466,22 manat (ƏDV ilə), vergi ödəyicisi tərəfindən yoxlamaya qarajların satılmasına dair 33 müqavilə təqdim edilmiş, satış müqavilələri üzrə qarajların cəmi satış dəyəri 212300.0 manat (ƏDV ilə) müəyyən edildi. Bundan başqa, qeyri-yaşayış sahəsinin satışına dair 22 müqavilə təqdim edilmişdir ki, müqavilələr üzrə cəmi satış dəyəri 1544766,0 manat (ƏDV ilə) müəyyən edildi. Həmçinin, vergi ödəyicisi tərəfindən yoxlamaya 500 m2 - lik zirzəmi sahəsinin satışına dair müqavilə təqdim edilmişdir ki, onun da satış dəyəri 100000,0 manat (ƏDV ilə) müəyyən edilmişdir.Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır. Vergi ödəyicisi tərəfindən bu məlumat təqdim edilməmişdir. Vergi ödəyicisində cari yoxlamadan əvvəl 3 səyyar vergi yoxlaması keçirilmiş, hər 3 yoxlamada da yaşayış və qeyri-yaşayış sahələrinin satılmadığı müəyyən edilmiş, bu fakt vergi ödəyicisi tərəfindən təsdiqlənmiş, səyyar vergi yoxlaması aktları vergi ödəyicisi tərəfindən imzalanmışdır. Qeyd edilənləri nəzərə alaraq 12820532,22 manat (ƏDV ilə) dövriyyə Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən yoxlama ilə əhatə edilən dövrün sonuncu ayına bərpa edilmişdir. Nəticədə ƏDV üzrə 1955674,41 manat verginin (12820532,22 / 1,18 X 18%) azaldıldığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58,1 maddəsinə əsasən əlavə dəyər vergisinin bəyannamə təqdim etməməklə 1955674,41 manat azaldılmasına görə 50% məbləğində, yəni 977837,21 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir.Yoxlamanın nəticələri xx.xx.2022-ci il tarixli **********157289 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş və həmin akta əsasən “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********167600 nömrəli Qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara - “xx.xx.2023cü il tarixli **********167600 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın surəti, MMC-nin təsis sənədləri , cavabdehin etirazı və digər sənədlər.Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir və iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ barəsində vergi orqanı tərəfindən vergi borcunu hesabladığı vaxtdan yaranmış olur. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq 2 saylı Ərazi Vergilər Baş İdarəsi hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, mübahisə predmeti olan qərar Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmişdir, cavabdeh təşkilatın hüquqi ünvanı ünvan 2t göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə vergi yığımları 2 saylı Ərazi Vergilər Baş İdarəsinin səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, hazır ki, iddia tələbi mübahisələndirmə iddia tələbi növünə aid olduğuna görə məhkəmədə iddia tələbi qaldırmadan öncə qərarın ləğv edilməsi ilə bağlı Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etməsinə, yəni pretenziya qaydasına riayət olunmasına zərurət yoxdur. Mübahisələndirmə növündə iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır. İş materiallarından məlum olur ki, iddiaçı "xxxx" MMC barəsində 2 saylı Ərazi Vergilər Baş İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********167600 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş prosessual müddətlərin ötürülməməsi məlum olur. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Sumqayıt şəhəri 44-cü məhəllə ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli **********15652 nömrəli “Səyyar vergi yoxlamasının təyin edilməsi haqqında” Qərara əsasən "xxxx" MMC-də mart 2019 – fevral 2022 hesabat dövrlərini əhatə edən növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli **********157289 nömrəli “Səyyar vergi yoxlaması aktı”nın 10-cu səhifəsində qeyd edilənlərə əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş müqavilələrə əsasən ümumi sahəsi 261.62 m² olan 4 mənzilin İcra Hakimiyyətinin mənzil fonduna ayrıldığı, ümumi sahəsi 24 238.85 m² olan 322 mənzilin 10 963 466.22 manata (ƏDV ilə), 33 qarajın 212 300.0 manata (ƏDV ilə), 22 qeyri-yaşayış sahəsinin 1 544 766.0 manata (ƏDV ilə), ümumi sahəsi 500 m² olan zirzəminin isə 100 000,0 manata (ƏDV ilə) təqdim edildiyi müəyyən edilmişdir. Nəticədə yaşayış və qeyri-yaşayış sahələrinin satışı üzrə ümumilikdə 12 820 532.22 manat (ƏDV ilə) dövriyyə Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən yoxlama ilə əhatə edilən dövrün sonuncu ayına bərpa edilərək, ƏDV üzrə 1 955 674.41 manat (12 820 532.22 / 1.18 * 18%) verginin azaldıldığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli **********157289 nömrəli “Səyyar vergi yoxlaması aktı”nın 16-cı səhifəsində qeyd edilənlərə əsasən yoxlama ilə ƏDV üzrə ümumilikdə 1 955 674.41 manat verginin azaldılması müəyyən edildi və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ƏDV-nin azaldılmasına görə azaldılmış verginin 50 %-i, yəni 977 837.2 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi təklif edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli **********167600 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara əsasən "xxxx" MMC-yə 2022-ci ilə ƏDV üzrə 1 955 674.41 manat əlavə vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 977 837.21 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Abşeron rayon Xırdalan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən "xxxx" MMC-yə Xırdalan bələdiyyəsi ərazisində yararlı sahədən ibarət olmaqla bələdiyyə mülkiyyəti kimi uçota alınmış torpaqdan çoxmənzilli yaşayış binasının tikintisi məqsədilə 2300 m² 99 il müddətinə icarə qaydasında torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 810 nömrəli sərəncamına əsasən "xxxx" MMC-yə Xırdalan şəhəri, Heydər Əliyev prospektinin cənub tərəfində 0.23 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış evlərindən ibarət kompleksin tikintisinə icazə verilmişdir. İş materiallarına əlavə edilmiş “Çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazırlığı barədə” xx.xx.2019-cu il tarixli 0300 nömrəli rəyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 67 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus 2 girişli, zirzəmili, 14 (+ mansarda) mərtəbəli (Blok 2, 3) və 2 girişli, zirzəmili, 16 (+ mansarda) mərtəbəli (Blok 1, 4) yaşayış binalarının tikintisi 2018-ci il tarixdə başa çatmış və istismara yararlı olduğu təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş “2019-cu il yanvarın 1-dək bütün mərtəbələrin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binası kompleksinin istismarına” xx.xx.2019-cu il tarixli 027 nömrəli İcazəyə əsasən həmin tarixdən "xxxx" MMC-yə məxsus 2 girişli, zirzəmili, 14 (+ mansarda) mərtəbəli (Blok 2, 3) və 2 girişli, zirzəmili, 16 (+ mansarda) mərtəbəli (Blok 1, 4) yaşayış binalarının istismarına icazə verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-yə məxsus yaşayış və qeyri-yaşayış sahələrinin satışına dair müqavilələrə əsasən 1-4-cü Bloklar üzrə yaşayış və qeyri-yaşayış sahələri 2008-2013-cü illər ərzində müxtəlif fiziki şəxslərə satılmışdır. Yuxarıda qeyd edilənlərdən aydın olduğu kimi, cavabdeh vergi orqanı "xxxx" MMC tərəfindən 2008-2013-cü illər ərzində təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə ümumilikdə 12 820 532.22 manat (ƏDV ilə) dövriyyəni Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən yoxlamanın sonuncu dövrünə, yəni 2022-ci ilin fevral ayına bərpa etmiş və həmin vergiyə cəlb edilən dövriyyə əsasında iddiaçıya ümumilikdə 1 955 674.41 manat Əlavə dəyər vergisi hesablamışdır. İddiaçı hazırda xx.xx.2023-cü il tarixli **********167600 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı mübahisələndirir və hesab edir ki, yaşayış və qeyri-yaşayış sahələrinin satışı 2008-2013cü il tarixlərdə həyata keçirildiyindən vergi orqanı Vergi Məcəlləsinin 67.16-cı maddəsinə istinad etməklə iddiaçıya əlavə vergi məbləği hesabaya bilməzdi. Cavabdeh vergi orqanının nümayəndəsinin izahatından və iş materiallarına əlavə edilmiş etirazdan isə göründüyü kimi, cavabdeh vergi orqanı əvvəlki səyyar vergi yoxlamaları zamanı satılmış yaşayış və qeyri-yaşayış sahələri barədə məlumatın vergi orqanına təqdim edilmədiyini əsas gətirərək, əvvəlki tarixlərdə baş tutmuş satış üzrə dövriyyəni Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən yoxlama ilə əhatə olunan dövr üzrə vergiyə cəlb edilən dövriyyə kimi qiymətləndirərək iddiaçıya ƏDV üzrə əlavə vergi məbləği hesablamışdır. Aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı mübahisələndirilən xx.xx.2023-cü il tarixli **********167600 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı qəbul edərkən vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Vergilərin hesablanması zamanı Vergi Məcəlləsinin 67.16-cı maddəsinə istinad edilməsinə münasibətdə məhkəmə ilk öncə qeyd edir ki, cavabdeh vergi orqanının həmin normanı iddiaçıya münasibətdə tətbiq etmək hüququ yaranmamışdır. Belə ki, Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır: -67.16.1. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə; -67.16.2. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumatı təqdim edən, lakin təqdim edilən məlumatda yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmədiyi göstərildikdə. Həmin Məcəllənin 16.8-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan aşağıdakı şəxslər yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumat formasını hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edir: -16.8.1. 2020-ci il 1 yanvar tarixindən sonra tikinti-quraşdırma işlərinə başlamış; -16.8.2. sadələşdirilmiş verginin ödəyicisi olmayan, 2020-ci il 1 yanvar tarixinədək tikinti-quraşdırma işlərinə başlamış, lakin tikintisi başa çatmayan, habelə bina üzrə təqdim edilməmiş yaşayış və qeyri-yaşayış sahələri olan şəxslər. Qeyd olunan normaların birgə təhliindən belə məna çıxır ki, vergi orqanı yalnız aşağıdakı qeyd olunan şəxslərə münasibətdə VM-nin 67.16-cı maddəsinə istinad etməklə, tikinti-quraşdırma işləri başlamış binanın yaşayış və qeyri-yaşayış sahələrini yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş hesab edə bilər:
1. 2020-ci il 1 yanvar tarixindən sonra tikinti-quraşdırma işlərinə başlamış şəxslər;
2. sadələşdirilmiş verginin ödəyicisi olmayan, 2020-ci il 1 yanvar tarixinədək tikintiquraşdırma işlərinə başlamış, lakin tikintisi başa çatmayan, habelə bina üzrə təqdim edilməmiş yaşayış və qeyri-yaşayış sahələri olan şəxslər. İş materiallarından göründüyü kimi, iddiaçı "xxxx" MMC-yə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanında yerləşən torpaq sahəsində xx.xx.2007-ci il tarixdə çoxmərtəbəli yaşayış kompleksinin tikintisinə icazə verilmiş və 2 girişli, zirzəmili, 14 mərtəbəli (Blok 2, 3) və 2 girişli, zirzəmili, 16 mərtəbəli (Blok 1, 4) yaşayış binalarının tikintisi 2018-ci ildə, həmin binalar üzrə yaşayış və qeyri-yaşayış sahələrinin satışı isə 2013-cü ildə başa çatmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, bir haldakı iddiaçı "xxxx" MMC çoxmərtəbəli yaşayış kompleksinin tikintisini 2018-ci ildə, həmin kompleks üzrə yaşayış və qeyri-yaşayış sahələrinin satışını isə 2013-cü ildə başa çatdırdırmışdır, bu halda vergi orqanının iddiaçıya münasibətdə Vergi Məcəlləsinin 67.16-cı maddəsinə istinad etmək və bu əsasla əlavə vergi məbləği hesablamaq hüququ yaranmamışdır. Belə ki, yuxarıda da izah edildiyi kimi, həmin norma 01 yanvar 2020-ci ildən sonra tikinti-quraşdırma işlərinə başlamış və ya 2020-ci il 1 yanvar tarixinədək tikinti-quraşdırma işlərinə başlamış, lakin tikintisi başa çatmayan, habelə bina üzrə təqdim edilməmiş yaşayış və qeyri-yaşayış sahələri olan şəxslərə münasibətdə tətbiq edilə bilər. Bundan başqa məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 67.16-cı maddəsi xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Vergi Məcəlləsinə əlavə edildiyi və xx.xx.2020-ci il tarixdən qüvvəyə mindiyi halda, cavabdeh vergi orqanı həmin normanı qüvvəyə minməmişdən əvvəlki tarixlərdə, yəni xx.xx.2020-ci il tarixədək baş tutmuş alqısatqı əməliyyalatlarına münasibətdə tətbiq edərək, iddiaçının vəziyyətini ağırlaşdırmışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə vergitutulan əməliyyatlar xx.xx.2020-ci tarixədək olan dövrdə baş verdiyindən, cavabdeh vergi orqanı xx.xx.2020-ci tarixdən sonra qüvvəyə minmiş normanı tətbiq etməklə iddiaçının hüquqi vəziyyətini ağırlaşdırmışdır ki, bu da qanunvericiliyin tələblərinin və iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Yuxarıda göstərilənlərdən əlavə olaraq məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı mübahisəli inzibati aktı qəbul edərkən vergi qanunvericiliyində müddətlərlə bağlı nəzərdə tutulmuş məhdudiyyətləri də nəzərə almamışdır. Belə ki, qanuni şəkildə vergiləri ödəmək (o cümlədən müvafiq vaxtda və miqdarda) hər bir şəxsin əsas konstitusiya vəzifələrindən biridir. Qanunla müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. Bu cür hüquq pozuntularının törədilməsi mövcud qanunvericiliyə əsasən hüquqi məsuliyyətə səbəb olur. Lakin qanunverici məsuliyyətə cəlb etmənin məhdudiyyətsiz deyil, müəyyən müddət çərçivəsində həyata keçirilməli olmasını təsbit edir. Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Vergi qanunvericiliyinin yuxarıda istinad olunan normalardan göründüyü kimi, səyyar vergi yoxlaması üzrə vergi ödəyicisinin son 3 (üç) təqvim ilindən çox olmayan fəaliyyəti yoxlanılır. Hazırki işin hallarından görünür ki, iddiaçı barəsində aparılmış sonuncu yoxlama ƏDV üzrə mart 2019 - fevral 2022-ci illəri əhatə etmişdir. Başqa sözlə, cavabdeh yoxlamada qeyd olunan dövrlər üzrə 3 illik zaman kəsiyində aşkara çıxmış pozuntularla bağlı iddiaçını məsuliyyətə cəlb etməyə haqlı ola bilər. Lakin cavabdeh, iddiaçını, yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı 2008-2013-cü illərdə baş tutmuş satış əməliyyatlarına görə məsuliyyətə cəlb etmişdir. Bununla da müəyyən olunur ki, cavabdehin hüquq pozuntusu kimi aşkara çıxardığını iddia etdiyi hal (2008-2013) yoxlama dövrü (mart 2019 - fevral 2022-ci illər) ilə əhatə olunmur. Hətta qəbul etsək ki, iddiaçı tərəfindən həqiqətən də hüquqpozuntusu törədilmişdir, həmin dövrdən (2008-2013-cü illər) 3 (üç) ildən çox vaxt keçdiyindən, iddiaçı müddətin keçməsi əsası ilə vergi məsuliyyətinə cəlb oluna bilməz. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 aprel 2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətlərinin müəyyən edilməsi iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyəti iştirakçılarının iqtisadi fəaliyyətə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Avropa Məhkəməsi tərəfindən də qəbul olunan hüquqi müəyyənlik prinsipi «hüquqi təhlükəsizlik konsepsiyasının» baş prinsiplərindən biri hesab olunur. Hüquqi müəyyənlik ümumi ideya kimi bir çox hüquq sistemlərinə daxil edilmişdir. Onun əsasını isə hüquqi məsuliyyətə cəlb etmə müddətləri də əhatə olunmaqla, hüquqi vəziyyətin sabitliyini təmin edən əvvəlcədən xəbər vermə təşkil edir. (..) Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntularına görə məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 56-cı maddəsində (..) nəzərdə tutulan qaydada tətbiq olunmalıdır.” İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). Əvvəlki 3 səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin satışının müəyyən edilməməsinə və vergi ödəyicisinin də həmin faktı təsdiq edərək səyyar vergi yoxlaması aktlarını imzalamasına münasibətdə məhkəmə qeyd edir ki, vergi orqanları kameral və ya səyyar vergi yoxlaması, eləcə də operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin izahatından asılı olmayaraq araşdırma aparmaq və hüququ pozuntusu aşkar etdiyi təqdirdə həmin vergi ödəyicisini məsuliyyətə cəlb etmək hüququna malikdir. Başqa sözlə desək, vergi ödəyicisinin izahatı vergi orqanının yoxlama çərçivəsində araşdırma aparmaq imkanını və hüququnu məhdudlaşdırmır. Bu isə o deməkdir ki, cavabdeh vergi orqanı hazırkı səyyar vergi yoxlaması zamanı aşkar etdiyi faktları, əvvəlki 3 səyyar vergi yoxlaması zamanı da aşkar etmək hüququna və imkanına malik olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, əvvəlki 3 səyyar vergi yoxlaması zamanı cavabdeh vergi orqanının qanunla ona verilmiş hüquq və imkanlardan istifadə edərək araşdırma aparmaması və hazırkı yoxlama zamanı müəyyən etdiyi faktları aşkar etməməsi, vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi zamanı qanunla müəyyən edilmiş 3 illik müddət məhdudiyyətinin tətbiqini istisna etmir. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə, iddiaçıya səyyar vergi yoxlaması zamanı əlavə dəyər vergisi hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, həmçinin bunu sübut etmiş olsaydı belə, məsuliyyətə cəlbetmə müddəti keçdiyindən, iddia tələbi təmin edilməli və mübahisələndirilən xx.xx.2023-cü il tarixli **********167600 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********167600 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ceyhun Məmmədov