Məhkəmə qərarları › İş №e-2-1(118)-2312/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-2312/2024

01.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-2312/2024 01.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı cavabdehin xx.xx.2023-cü il tarixə qədər qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 376,02 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 400 manat məbləğində siyahıya alınmış əmlakının (hər sotunun qiyməti 50 manat olmaqla 8 sot 400 manat dəyərində, **********2 nömrəli şəhadətnamə ilə Cavabdeh məxsus torpaq sahəsi) satılması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı 4 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023 tarixə qədər qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 376,02 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 400 manat məbləğində siyahıya alınmış əmlakının (hər sotunun qiyməti 50 manat olmaqla, 8 sot, 400 manat dəyərində, **********2 nömrəli şəhadətnamə ilə Cavabdeh məxsus torpaq sahəsi) satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023 tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2023 tarixə yaranan 376,02 manat borcuna görə 400 manat məbləğində əmlakı (hər sotunun qiyməti 50 manat olmaqla, 8 sot, 400 manat dəyərində, **********2 nömrəli şəhadətnamə ilə Cavabdeh məxsus torpaq sahəsi) siyahıya alınmış və bu barədə xx.xx.2023 tarixli, **********0 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2023 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023 tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 376,02 manat ödənilməmiş borcu qalmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmişlər, lakin səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Əmlakının siyahıya alınması barədə 4 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh əmlakının siyahıya alınması qərara alınmışdır. - Vergilər, faizlər və maliyyə sanksiyası üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş siyahıdan görünür ki, Cavabdeh 400,0 manat dəyərində əmlakı siyahıya alınmışdır. Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Cavabdeh adına Şamaxı rayonunun Nağaraxana kəndində qeydiyyata alınmış daşınmaz əmlak barədə məlumat aşkar edilməmişdir. - xx.xx.2023-cü il tarixli aktdan görünr ki, Cavabdeh siyahıya alınmış əmlakı məsul saxlanma üçün ona təhvil verilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən : 9.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. 89.7. Əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. 89.8. Əmlakın siyahıya alınması vergi ödəyicisinin, habelə müşahidəçilərin və zəruri hallarda mütəxəssislərin iştirakı ilə vergi orqanı tərəfindən həyata keçirilir. Əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanı vergi ödəyicisinin (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinin) əmlakın siyahıya alınması prosesində iştirak etməsinə icazə verməməyə səlahiyyətli deyildir. Əmlakın siyahıya alınması prosesində müşahidəçilərə, mütəxəssis kimi iştirak edən şəxslərə, həmçinin vergi ödəyicisinə (onun nümayəndəsinə) onların hüquq və vəzifələri izah edilməlidir. 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. 89.14. Siyahıya alınmış malların vergi ödəyicisində məsul saxlamaya qoyulması aşağıdakı qaydada həyata keçirilir: 89.14.1. Siyahıya alınmış mallar vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur. 89.14.2. Vergi ödəyicisinin bu qaydaları pozaraq siyahıya alınmış mallara dair bağladığı əqdlər qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab edilir. 89.14.3. Vergi ödəyicisi siyahıya alınmış malları məsul saxlamaya qoymaq üçün qəbul etməkdən imtina etdikdə və ya vergi ödəyicisinin malları saxlamaq üçün müvafiq şəraiti olmadıqda, vergi orqanının vəzifəli şəxslərinin (şəxsinin), vergi ödəyicisinin (və ya onun nümayəndəsinin), iki müşahidəçinin və obyektin məsul şəxsinin iştirakı ilə edilən hərəkətlər protokolla rəsmiləşdirilərək mallar yerindəcə qablaşdırılır, möhürlənir və obyektdən vergi orqanının müəyyən etdiyi digər vergi ödəyicisində və ya vəzifəli şəxsdə məsul saxlamaya qoyulmaq ücün götürülür. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. İddiaçı cavabdehin xx.xx.2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət büdcəsinə ödənilməmiş 376,02 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 400 manat dəyərində siyahıya alınmış əmlakın satılmasını tələb edir. Bundan başqa qanunvericiliyin tələbindən göründüyü kimi əmlakın siyahıya alınması vergi ödəyicisinin, habelə müşahidəçilərin və zəruri hallarda mütəxəssislərin iştirakı ilə vergi orqanı tərəfindən həyata keçirilir, siyahıya alınacaq əmlaka baxış keçirilir, onun fotoşəkili çəkilərək protokola əlavə edilir və əmlak məsul saxlamaya verilir. Lakin protokoldan görünür ki, əmlakın siyahıya alınması zamanı müşahidəçilərin, mütəxəssisin iştirakı təmin edilməmiş, siyahıya alınmış əmlakın iddiaçının istifadəsində olub-olmaması, üzərində hər hansı bir məhdudiyyətin olub-olmaması araşdırılmamış, ümumiyyətlə həmin əmlakın faktiki olaraq mövcudluğu müəyyən edilməmiş, əmlakın fotoşəkili cəkilib protokola əlavə edilməmiş, əmlakın qiyməti tərəflər arasında razılaşdırılmamışdır. Cavabdeh inzibati orqan vergi ödəyicisinin əmlakını 400 manat məğbləğində dəyərləndirsə də, bu dəyərlindirmənin nəyin əsasında həyata keçirilməsi bəlli deyildir. Qeyd olunanlar isə əmlakın siyahıya alınması prosesinin qanunvericiliyə uyğun olaraq həyata keçirilmədiyini, kameral yoxlamalar keçirilməsinə oxşar formada idarə binasında vəya digər formada elektron vasitələrdən istifadə edilərək həyata keçirildiyini göstərir. Bu isə vergi qanunvericliyində nəzərdə tutlmuş siyahıya alınmış əmlakın satılması ilə bağlı institutun mahiyyətinə tamami ilə ziddiyyət təşkil edir. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı 0.08 ha torpaq sahəsinin satılmasını tələb edirsə özünün təqdim etdiyi məktubda həmin torpaq sahəsinin ölçülərinin 0.0897 ha (0.09 ha yaxın) təşkil etdiyi göstərilmişdir. Məhkəmə bir daha vurğulayır ki, əmlakın dəyərinin hansı qiymətləndirməyə əsasən təyin olunduğu bəlli deyildir, cavabdehin adına qeydə alınmasını təsdiq edən sənəd (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) iş materiallarına əlavə edilməmişdir. Torpaq sahəsinin 1 sotunun 50 sot olması ağlabatan deyil və 397 manat borca görə satılması məqsədəuyğun hesab edilmir. Qeyd olunanlar onu göstərir ki, iddiaçı inzibati orqan vergi ödəyicisinin yaranmış borca görə vergi ödəyicisinin əmlakının siyahıya alınmasını qanunvericiliyə uyğun həyata keçirməmişdir və bu da iddianın rədd edilməsi üçün əsas təşkil edir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar