Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-2733/2024 01.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin etibarsız hesab edildiyi vaxddan bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlillik dərəcəsinin etibarsız hesab edilməsi ilə bağlı hərəkətləri qanunsuz hesab edilməsi, İddiaçı əlillik dərəcəsinin etibarsız hesab edildiyi vaxddan bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı qan azlığı (talassemiya) xəstəliyi səbəbindən uşaqlıqdan müalicələr etdirmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında xx.xx.2018-ci il tarixində 4110003AADTZ nömrəli “Forma 88” üzrə İddiaçı xəstəliyi qiymətləndirilmiş və üçüncü dərəcəli əlillik təyin edilmişdir. Əlillik dərəcəci ümumi xəstəlik, diaqnoz isə “Beta-talassemiya, subklinik əlamətlərdə gedən Talassemiya-minor, davamlı anemiya ilə müşayət olunan, tez-tez baş verən hemolitik krizlərlə, Xroniki hepatexolestesist, xroniki pankreatit ” olmuşdur. Əlilliyin müddəti isə “müddətsiz” müəyyən edilmişdir. Lakin cavabdeh inzibati orqan heç bir inzibati akt qəbul etmədən, iddiaçıya hər hansı bir məlumat təqdim etmədən xx.xx.2019-cu il tarixindən etibarən əlilliyin qiymətləndirilməsi etibarsız hesab edilmiş və Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsi tərəfindən əlilliyə görə aldığı əmək pensiyası dayandırılmışdır. İddiaçı tərəfindən cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəfələrlə şifahi müraciətlərindən sonra xx.xx.2023-cü il tarixində yazılı ərizə ilə (xx.xx.2023-də çatmışdır) müraciət edərək cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qanunsuz olaraq etibarsız hesab edilmiş əlilliyin bərpa olunmasını xahiş edilmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən ərizəyə cavab verilməmiş, qaldırılan məsələ müsbət həll edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsini dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərarın çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və izah etdi ki, Daxili işlər Nazirliyinin Tibb idarəsi tərəfindən risk qrupuna daxil olan 378 nəfər barəsində rəsmiləşdirilmiş göndərişlərin əsaslılığı araşdırılmış və müəyyən edilmişdir ki, adları qeyd olunan şəxslərin Daxili İşlər Nazirliyinə aidiyyəti yoxdur, onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirilmişdir. İnzibati Prosessual Məcəlləyə görə, iddiaçılar öhdəliyin icrası haqqında iddia vasitəsilə cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsini və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi, həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini də tələb edə bilər. Bu cür iddialara öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair İddia deyilir (İPM-in 34-cü maddəsi). Məsələn, dövlət orqanının və ya bələdiyyənin istənilən şəxs qarşısında qanunla və ya müqavilə ilə müəyyən edilmiş öhdəliyi mövcuddur, lakin həmin orqanlar öhdəliyi icra etməkdən yayınır. Belə olan halda şəxs məhkəmədə iddiaçı qismində çıxış edərək dövlət orqanından və ya bələdiyyədən, inzibati aktın qəbul edilməsinə yönəlməyən müəyyən hərəkətlərin edilməsini və həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini də tələb edə bilər. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara: buna öhdəliyin icrası haqqında iddiada deyilir; bu o deməkdir ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi İlə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məsələn, dövlət orqanının və ya bələdiyyənin istənilən şəxs qarşısında qanunla və ya müqavilə ilə müəyyən edilmiş öhdəliyi mövcuddur, lakin həmin orqanlar öhdəliyi icra etməkdən yayınır. Belə olan halda şəxs məhkəmədə iddiaçı qismində çıxış edərək dövlət orqanından və ya bələdiyyədən müəyyən hərəkətlərin edilməsini və həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini də tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia növünün xüsusi mümkünlük şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. Qeyd edilənləri nəzərə alaraq iddiaçının inzibati orqana bu barədə müraciəti olmadığından iddianın mümkünsüz hesab olunmasını xahiş edir. İş materiallarında olan TSEK tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli qərardan görünür ki, İddiaçı həmin tarixdən müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin halarından aydın olur ki, İddiaçı xx.xx.2018-ci il tarixdən müddətsiz lll dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə cavabdeh tərəfindən əlillik vəziyyəti ona heç bir məlumat verilmədən etibarsız hesab edilmişdir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək əlilliyin bərpa edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən ona yazılı cavab verilməmişdir. Poçt göndərişlərinin izlənilməsi haqqında məlumata əsasən iddiaçının ərizəsi xx.xx.2023-cü il traixdə cavabdeh orqan tərəfindən qəbul edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən hər hansı icraat aparmadan iddiaçıya müddətsiz təyin edilmiş üçüncü dərəcə əlilliyi ləğv edilə bilməz. Cavabdeh iddiaçının iştirakı ilə aparılmış inzibati araşdırmanın nəticəsi olaraq ona lll dərəcə əlillik təyin edildiyi halda, əvvəlki praktikasına zidd olaraq onun həmin əlilliyini, ona heç bir məlumat verilmədən, göndərişi verən orqanın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış məktubuna əsasən etibarsız hesab etməkdə qanunsuzluğa yol vermişdir. Həmçinin iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda iddiaçının əlil olmaması ilə bağlı cavabdeh inzibati akt qəbul edə bilərdi. İddiaçı əyani müayinəyə cəlb edilmədən cavabdeh iddiaçının əlilliyini Əlilliyin Qiymətləndirilməsi altsistemində etibarsız hesab etmişdir. Bununla da, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan Əlillik altsistemində iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. (-) 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı xx.xx.2018-ci il tarixdə təyin olunmuş lll dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən, yəni xx.xx.2019-cu il tarixdən bərpa olunması vəzifəsi cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.
Hakim Vəfa Əzizova