Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-326/2024 29.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehin imtinasını əsassız hesab etməklə onun xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixə kimi N saylı hərbi hissənin tərkibində döyüşməyi ilə bağlı ona kompensasiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2013-cü ildə Azərbaycan Tibb Universitetinin hərbi Tibb fakültəsinə qəbul olunmuş və 2019-cu ildə hərbi tibb xidməti leytenantı rütbəsində bu ali təhsil ocağını bitirmiş, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə tibb məntəqə həkimi kimi təyin olunmuş və daha sonra həmin məntəqədə tibb xidmət rəisi işləmişdir. İddiaçı fiziki göstəricilərinə görə 099 saylı Xüsusi təyinatlı hissənin tibb məntəqəsinə rəis təyin olunmuş və xx.xx.2020-ci ildən həmin hərbi hissənin tərkibində Vətən Müharibəsinə qatılmış, daha sonra N saylı hərbi hissəyə ezam olunmuş, Füzuli, Xocavənd, Hadrut, Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etmiş, medallarla təltif olunmuşdur. xx.xx.2020-ci ildə polkovnik Fuad Qasımovun rəhbərliyi altında Şuşa rayonuna daxil olan vaxt artileriya atəşinə məruz qalaraq ağır yaralanmış və aldığı xəsarətlərlə bağlı xx.xx.2021-ci ildən ona 3-cü dərəcəli əlillik təyin olunmuşdur. İddiaçı xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixə kimi N saylı hərbi hissə komandirinin sərəncamında olmuş və xüsusi əməliyyat briqadasının tərkibində həkim vəzifəsində fəaliyyət göstərərkən ağır yaralanmışdır. Onun xidmət etdiyi hərbi hissə xüsusi xidmət orqanı olmaqla kəşfiyyat tapşırığını yerinə yetirmiş və o da bu hərbi hissənin tərkibində xidmət göstərməkdə döyüşlərə qatılmış və ağır xəsarət almaqla əlil olmuşdur. “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” AR Qanununun 20-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi “Hərbi qulluqçuların statusu haqqında”, “Əmək pensiyaları haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. Artıq xeyli müddət keçməsinə baxmayaraq iddiaçı qanunda qeyd olunan sağlamlığını itirməyi ilə bağlı kompensasiya təminatı ilə təmin olunmamışdır. Bununla bağlı müvafiq sənədləri də toplamaqla cavabdeh təşkilata göndərmiş və ona verilmiş cavabda cavabdeh müraciətini təmin etməkdən imtina etmişdir.Cavabdehin istinad etdiyi bu hal tamamilə əsassızdır və ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, hazırkı inzibati mübahisəni bilavasitə tənzimləyən maddi hüquq normalarının tələbi müvafiq sahəvi qanunvericilikdə aşağıdakı qaydada tənzim edilmişdir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət ; (yaralanma, travma, kontuziya) almış, xəstəliklərlə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli 180-24 nömrəli qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş, xəsarət almış, xəstəliklərlə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın 2.2-ci maddəsi xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. İddiaçının tutuduğu N nömrəli hərbi hissənin tibb məntəqəsinin həkimi vəzifəsi Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən, kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşları vəzifələrinin siyahısına daxil edilməmişdir. Beləliklə də iddiaçının cavabdehə ünvanladığı ərizəsi “Müdafiə Nazirliyinin “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi üzrə Komissiyada baxılmış və 21 sentyabr 2022-ci il tarixli 15/2327 nömrəli məktubla iddiaçıya kompensasiyanın ödənilməsinin mümkün olmadığı bildirilmişdir”. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X1 iddia tələbinə etiraz edərək yuxarıda qeyd olunanlara uyğun ifadə vermişdir.Bundan başqa cavabdein nümayəndəsi məhkəməyə məxfi əmr təqdim edərək iddiaçının xidmətdə olduğu vəzifənin kəşfiyyat subyektina aid olmadığını bildirmişdir. Buna görədə cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini məhkəmdən xahiş etdi. Məhkəmənin sonuncu iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 15/2327 nömrəli imtina məktubu, iddiaçıya aid hərbi biletin surəti, iddiaçıya aid əlillik sənədlərinin surəti, cavabdehin etiraz ərizəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ Vətən Müharibəsində iştirak etdiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Müdafiə Nazirliyi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı həmin dövrdə Müdafiə Nazirliyinin şəxsi heyətinə mənsub olduğu üçün bu qəbildən olan iddialara qanunvericiliklə Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid edilmişdir. Belə olduğu tədqirdə Müdafiə Nazirliyi hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehə müraciət etmiş, inzibati orqan xx.xx.2022-ci il tarixli, 15/2327 nömrəli imtina məktubu ilə iddiaçının tələbinin təmin etməmiş və bu səbəbdən də iddiaçının məhkəməyə müraciət etmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia kompensasiya öhdəliyinin icrası ilə bağlı olduğuna və kompensasiya tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçının yaşadığı yer Abşeron rayonu ərazisi olduğundan məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət ; (yaralanma, travma, kontuziya) almış, xəstəliklərlə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli 180-24 nömrəli qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş, xəsarət almış, xəstəliklərlə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın 2.2-ci maddəsi xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının tutuduğu N nömrəli hərbi hissənin tibb məntəqəsinin həkimi vəzifəsi Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən, kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşları vəzifələrinin siyahısına daxil edilməmişdir. Belə ki, məhkəmə tərəfindən müdafiə nazirinin müvafiq əmrinin məhkəməyə təqdim edilməsi tələb olunmuş və Müdafiə nazirliyi həmin əmrin məxfi olması səbəbilə yalnız nazirliyin əməkdaşı vasitəsilə məhkəməyə təqdim edilməsi bildirilmişdir. Məhkəmə prosesində Müdafiə Nazirliyin əməkdaşı tərəfindən təqdim edilmiş “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kəşfiyyat fəaliyyyəti subyekti əməkdaşlarının vəzifələrinin Siyahısı” nın təsdiq edilməsi haqqında 0011 saylı 19 fevral 2020-ci il tarixli Əmri tədqiq edilmiş və müəyyən edilmişdir ki, həqiqətən də N nömrəli hərbi hissənin tibb məntəqəsinin həkimi vəzifəsi Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən, kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşları vəzifələrinin siyahısına daxil edilməmişdir. Belə olan halda Müdafiə Nazirliyinin üzərinə müvafiq öhdəliklərin qoyulması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehin imtinasını əsassız hesab etməklə onun xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixə kimi N saylı hərbi hissənin tərkibində döyüşməyi ilə bağlı ona kompensasiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №e-2-1(118)-326/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-326/2024
29.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver