Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-3938/2023 06.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddiaçıya xx.xx.2018-ci il tarixdə təyin olunmuş 3-cü dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən yəni xx.xx.2020-ci il tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya xx.xx.2018-ci il tarixdə təyin olunmuş lll dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən, yəni xx.xx.2020-ci il tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2018-ci ildə ümumi xəstəlik səbəbindən lll dərəcəli əlillik təyin olunmuşdur. Təyin olunmuş əlilliyin müddəti müddətsiz olaraq müəyyən edilmişdir. Əlillik təyinatı zamanı diaqnoz bölməsində “Skolioz, onurğanın İİİ-İV dərəcəli kifoskoliozu, kəskin funksiya pozğunluğu ilə” qeyd olunmuşdur. İddiaçı daha sonra müxtəlif vaxtlarda tibbi müayinələrdən keçmiş və ona qoyulmuş diaqnoz bir biri ilə eynilik təşkil etmişdir. Lakin xx.xx.2020-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik altsistemdə etibarsız hesab edilmişdir. Bununla bağlı cavabdeh orqana müraciət edilmiş, lakin müraciətinə cavab verilməmişdir. İddiaçı hesab edir ki, vaxtında kifayət qədər zəruri tibbi yoxlamalardan keçmiş və ona müddətsiz 3-cü dərəcəli əllik təyin edilmişdir. Həmçinin hesab edir ki, cavabdeh bu hərəkət və hərəkətsizliyi ilə sosial təminat hüququnu pozmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsini dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərarın çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cababdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, İddiaçı əlillik vəziyyətinə Sumqayıt 3 saylı şəhər Xəstəxanasının 25.04.20t8-ci il tarixli, 0773003AABUS nömrəli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri -> M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M41 - Skolioz => M41.1 - Gənclik idiopatik skol...; Diaqnozun mətni: Skolioz. Onurğanın İİİ- İV dərəcəli kifoskoliozu, kəskin funksiya pozğunluğu ilə.; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.12. üçüncü -dördünciidərəcə kifoskolioz, kəskin funksiya pozuntusu (M40-M41.9)" səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017- 2020-ci illər ərzində rəsmiləşdirilmiş göndərişlər əsasında aktiv əmək müqaviləsi olub, əlillik təyinatı aparılmış 8711 nəfərə dair məlumatlara iki mərhələdə araşdırılma aparılmış və 776 nəfərə aparılmış əlillik təyinatları etibarsız hesab edilmişdir. İddiaçı etibarsız hesab edilənlərin siyahısında adı qeyd edilmişdir. Bundan irəli gələrək 0773003AABUS nömrəli göndəriş əsasında aparılmış əlillik təyinatı MEİS-in "Əlillik” altsistemində etibarsız edilmişdir. Qeyd olunanlar əsas götürülməklə, 0773ÖÖ3AABUS nömrəli göndəriş əsasında aparılmış əlillik təyinatı xx.xx.2020-ci il tarixdə əsaslı olaraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik" aitsistemində etibarsız edilmişdir. İş materiallarında olan TSEK tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli qərardan görünür ki, İddiaçı həmin tarixdən müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin halarından aydın olur ki, İddiaçı xx.xx.2018-ci il tarixdən müddətsiz lll dərəcəli əlillik təyin edilmişdir. 2020-ci ilin fevral ayında elektron sistemə əlillik vəziyyətinin yoxlanılması məqsədi ilə baxış keçirən zaman iddiaçıya məlum olmuşdur ki, cavabdeh tərəfindən əlillik vəziyyəti ona heç bir məlumat verilmədən etibarsız hesab edilmişdir. İddiaçı cavabdeh inzibati orqana müraciüət edərək əlilliyin bərpa edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən ona yazılı cavab verilməmişdir. Lakin iddia ərizəsinə etirazda bildirdiyinə görə iddiaçının aktiv əmək müqaviləsi olması aşkar edilməsi nəticəsində onun əlillik tıyinatı etibarsız hesab edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçıya əlilliyin təyin edilməsini təsdiq edən xx.xx.2018-ci il tarixli xxxxxxx0001 saylı qərarın “Əmək zəmanəti” qrafasında “yüngül işlərdə işləyə bilər” qeydi aparılmışdır. Bu hal özü pzülüyndə iddiaçının yüngül iş hesab edilən hər hansı əməklə məşğul olmasının mümkünlüyü cavabdehin özü tərəfindən təsdiq edilməsi deməkdir. Sonradan bu əsasla ona təyin edilmiş əlilliyin etibarsız hesab edilməsi qanuni hesab edilə bilməz. Məhkəmə hesab edir ki, bu hal cavabdehə hər hansı icraat aparmadan iddiaçıya müddətsiz təyin edilmiş üçüncü dərəcə əlilliyin ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Cavabdeh iddiaçının iştirakı ilə aparılmış inzibati araşdırmanın nəticəsi olaraq ona lll dərəcə əlillik təyin edildiyi halda, əvvəlki praktikasına zidd olaraq onun həmin əlilliyini, ona heç bir məlumat verilmədən, göndərişi verən orqanın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış məktubuna əsasən etibarsız hesab etməkdə qanunsuzluğa yol vermişdir. Həmçinin iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda iddiaçının əlil olmaması ilə bağlı cavabdeh inzibati akt qəbul edə bilərdi. İddiaçı əyani müayinəyə cəlb edilmədən cavabdeh iddiaçının əlilliyini Əlilliyin Qiymətləndirilməsi altsistemində etibarsız hesab etmişdir. Bununla da, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan Əlillik altsistemində iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. (-) 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı xx.xx.2018-ci il tarixdə təyin olunmuş lll dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən, yəni xx.xx.2020-ci il tarixdən bərpa olunması vəzifəsi cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.
Hakim Vəfa Əzizova