Məhkəmə qərarları › İş №e-2-1(118)-5376/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-5376/2025

19.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-5376/2025 19.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiəsi Nazirliyinə qarşı “İddiaçı qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alaraq hərbi qulluqçunun mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiəsi Nazirliyinə qarşı “İddiaçı qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alaraq hərbi qulluqçunun mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması”barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə nazirinin 068t N-li, 26 iyun 2008-ci il tarixli Əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə təltif edilmişdir. İddiaçı Rusiya Federasiyasının Müdafiə nazirinin 453 N-li, 09 may 2010-cu il tarixli Əmri ilə “Qələbə Günü hərbi parad iştirakı üçün” medalı ilə təltif edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Müdafiə nazirinin 0064t N-li, 26 iyun 2010-cu il tarixli Əmri ilə “Qüsursuz xidmətə görə” medalı təltif edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Müdafiə nazirinin 0097t N-li, 24 iyun 2013-cü il tarixli Əmri ilə “Azərbaycan Respublil Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə təltif edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Müdafiə nazirinin 0109t N-li, 26 iyun 2017-ci il tarixli Əmri ilə “Qüsursuz xidmətə görə” dərəcəli medalı ilə təltif edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Müdafiə nazirinin 0218t N-li, 28 dekabr 2020-ci il tarixli Əmri ilə “Hərbi xidmə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Müdafiə nazirinin 0177t N-li, 26 iyun 2021-ci il tarixli Əmri ilə “Qüsursuz xidmətə görə” dərəcəli medalı ilə təltif edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il, 24 dekabr tarixli 2358 N-li Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il, 29 dekabr tarixli, 2372 N-li Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il, 24 iyun tarixli, 2712 Nli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il, 24 iyun tarixli, 2726 Nli Sərəncamı ilə “Hərbi xidmətə görə” medalı ilə təltif edilmişdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il tarixli, 5 noyabr tarixli 671s N-li Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İddiaçı mənzillə təmin edilməsinə dair Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmiş, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 3-25-22/2- 738-25/24 N-li, xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən İddiaçı dövlət vəsaiti hesabına yaşayış sahəsi ilə təmin edilməsindən imtina olunmuşdur. Cavabdeh orqan cavab məktubunda göstərmişdir ki, iddiaçının ümumi hərbi xidmətdə olduğu müddət 24 il 09 ay 01 gündür, onun 07 il 11 ay 30 günü qüsurlu (məhkumluq) xidmət illəri hesab olunur və 07 il 11 ay 30 günü çıxdı qüsursuz xidmət müddəti 16 il 10 ay 01 gün olaraq qalır. Azərbaycan Respublikası Bakı Hərbi Məhkəməsi tərəfindən verilmiş 110/2013 N-li, xx.xx.2023-cü il tarixli Arayış təsdiq edir ki, X1 Bakı Bərbi Məhkəməsinin 19 mart 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nin 79.1-ci maddəsinə əsasən təyin olunmuş cəza xx.xx.2020-ci il tarixədək təxirə salınmış İddiaçı Azərbaycan Respublikası Prezidentinin 18 mart 2021-ci il tarixli Əfv sərəncamına əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran Rayon Bölməsi tərəfindən verilmiş 24 iyul 2024-cü il tarixli Arayış təsdiq edir ki, İddiaçı həqiqətən 08 iyul 1999-cu il tarixdən 23 iyun 2001-ci il tarixədək Azərbay Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Kliniki Hospitalının Hərbi Tibb Məktəbində təhsil almış. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 2001-ci il tarixdən 28 iyun 2002-ci il tarixədək müddətli həqiqi hərbi xidmət keçmiş və ehtiyata buraxılmışdır. 8 iyun 2002-ci il tarixdən 08 aprel 2024-cü il tarixə Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasında "gizir" qismində hərbi xidmət keçmişdir. "Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin bəndinə əsasən xəstəliyə görə (Azərbaycan Respublikası Müdafiə Nazirinin BMAO BQR-nin 08 fevral 2024-cü il tarixli müvafiq əmri ilə) Azərbaycan Ordu həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı məhkumluğu olduğu dövrdə özünü nümunəvi hərbi qulluqçu kimi aparmış və “Azərbaycan Respublikası S Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli meda təltif edilmişdir. Onun himayəsində 14 yaşından az uşaq olduğu üçün və onu təkbaşına böyütdüyü üçün cəza müəyyən müddətə təxirə salınmışdır. Tək məhkumluq müddətində deyil, məhkumluq ödənildikdən sonra da o nümunəvi hərbi qulluqçu kimi medallarla təltif edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “iddiaçının mənzil ilə təmin olunması” tələbinə dair inzibati işə baxılır. İddia ərizəsi üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin münasibəti aşağıdakı kimidir: Belə ki, Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi hüquqi tənzimləmə qaydaları Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011ci il tarixli 569 nömrəli Fərmanı ilə tənzimlənir. Fərmanın 1-ci hissəsinə əsasən Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edililər. Həmin Fərmanın 3-2-cü hissəsi isə aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz. İddiaçı Bakı Hərbi Məhkəməsinin 19 mart 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli Qərarı ilə Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən o cəzanın çəkilməsi övladının 14 yaşına çatanadək təxirə salınmış, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2021-ci il tarixli Əfv Sərəncamına əsasən əfv olunmuşdur. Azərbaycan Ordusu sıralarında iddiaçının (28 iyun 2002-ci il tarixdən 8 fevral 2024cü il tarixədək) (əqvim ili ilə) ümumi hərbi xidmət müddəti 24 il 09 ay 01 gün təşkil edir. İddiaçının qüsurlu (məhkumluq) xidmət müddəti 07 il 11 ay 30 gün çıxıldıqda qüsursuz xidmət müddəti isə 16 il 10 ay 01 gün təşkil edir. Azərbaycan Ordusun sıralarında iddiaçının hərbi xidmət müddəti 20 (iyirmi) təqvim ildən az təşkil etdiyi üçün Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-cı ıl tarixli 569 nömrəli Fərmanı ona şamil edilmədiyi üçün Azərbaycan Ordusunun hərbi qulluqçularının dövlət vəsaiti hesabına yaşayış sahəsi ilə təmin edilməsi üzrə komissiya tərəfindən iddiaçının müraciətinə baxılaraq onun barəsində müsbət qərar qəbul edilməmişdir. Yuxarıda qeyd olunanlardan görünür ki, Fərmanın tələblərinə əsasən ümumi xidmət təqvim ilindən məhkumluq müddəti çıxıldıqdan sonra iddiaçının Azərbaycan Ordusu sıralarında xidmət 20 təqvim ili olmadığına görə onun dövlət vəsaiti hesabına mənzil təminatı bu Fərmanın təsiri xaricindədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Beləliklə iddiaçının Azərbaycan Ordusunda həqiqi hərbi xidməti 20 təqvim ili qüsursuz xidmət etmədiyi üçün Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Cavabdehin nümayəndəsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmasını, qanuni və əsaslı qərar qəbul edilməsini və işə iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: xx.xx.2024-cü il tarixli arayış; xx.xx.2021-ci il tarixli, 891 saylı arayış; cavabdehin iddiaçıya ünvanladığı 07 oktyabr 2024-cü il tarixli imtina məktubu və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

İddianın əsaslılığı ilə bağlı məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün olmaqla bərabər, həm də əsaslı olduğundan, iddia təmin edilməlidir. Belə ki, iddiaçı xx.xx.1982-ci il təvəllüdlü olmaqla 28 iyun 2002-ci il tarixdən 08 aprel 2024-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində “gizir” vəzifəsində xidmət etmiş, “Hərbi xidmətkeçmə haqqında”Əsasnamənin 156-cı maddəsinin v bəndinə əsasən xəstəliyə görə Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı cavabdeh orqana müraciət edərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli fərmanına uyğun olaraq mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməsini xahiş etsə də, cavabdeh inzibati orqan iddiaçının 20 təqvim ili xidmət ilinə malik olmamasını əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin yuxarıda qeyd olunanları əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı (15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yeni məzmunda 3-1-ci, 3-2-ci və 3-3cü hissələr əlavə edilmişdir)

1. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. 3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz. İş materilları ilə müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011-ci il tarixli, 569 saylı Fərmanının 1-ci bəndinə əsasən dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh orqan iddiaçının Bakı Hərbi Məhkəməsinin 19 mart 2013-cü il tarixli hökmü ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, ümumi təqvim xidməti ilindən məhkumluq müddəti çıxdıqda Azərbaycan Ordusunda 20 ildən az (16 il 10 ay 01 gün) xidməti olduğunu əsas gətirərək onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, 08 iyul 1999-cu il tarixdən 23 iyun 2001-ci il tarixədək Azərbay Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Kliniki Hospitalının Hərbi Tibb Məktəbində təhsil almış, daha sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrində “gizir” vəzifəsində xidmətə başlamışdır. Hərbi xidmət dövründə Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il, 24 dekabr tarixli 2358 N-li Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı; İddiaçı Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il, 29 dekabr tarixli, 2372 N-li Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı; İddiaçı Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il, 24 iyun tarixli, 2712 N-li Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı; Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il, 24 iyun tarixli, 2726 N-li Sərəncamı ilə “Hərbi xidmətə görə” medalı; İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il tarixli, 5 noyabr tarixli 671s N-li Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı və s. medallar ilə təltif edilmişdir. Lakin iddiaçı daha sonra Bakı Hərbi Məhkəməsinin 19 mart 2013-cü il tarixli hökmü ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə cavabdeh orqanın etirazda qeyd etdiyi dəlilinə münasibətdə bildirir ki, iş materiallarında olan Sumqayıt şəhər Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli, 891 saylı arayışından aydın olur ki, İddiaçı Bakı Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 79.1-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəzanın çəkilməsi təxirə salınmış, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-cü il tarixli ƏFV sərəncamına əsasən vətəndaş İddiaçı əfv edilmiş, onun barəsində olan şəxsi iş isə xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən: 81.1. Amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. 81.2. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən: 82.1. Əfvetmə fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. 82.2. Cinayət törətməyə görə məhkum olunmuş şəxs əfvetmə aktı ilə cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər. 82.3. Ömürlük azadlıqdan məhrum etmə cəzası əfv qaydasında iyirmi beş ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər. 82.4. Əfvetmə aktı ilə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-cü il tarixli ƏFV sərəncamına əsasən vətəndaş İddiaçı 2021-ci il tarixdə əfv edilməsinə baxmayaraq, əfv edilməzdən əvvəlki dövrlər üzrə də müvafiq medallarla təltif edilmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, həmin dövlərin vətəndaşın xidmət illərinə əlavə edilməməsini onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. “İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya mənzillə təmin olunmasından imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alaraq hərbi qulluqçunun mənzillə təmin olunması öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alaraq hərbi qulluqçunun mənzillə təmin olunması öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar