Məhkəmə qərarları › İş №e-2-1(118)-796/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-796/2021

14.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-796/2021 14.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndə və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Qobu Bələdiyyəsinə qarşı “ondan, xüsusi mülkiyyət hüququ ilə ona məxsus kənd təsərrüfatı təyinatlı torpağa görə 4683 (dörd min altı yüz səksən üç) manat 48 qəpik məbləğində borcun müəyyən edilməsi və tutulmasına dair Abşeron rayonu Qobu Bələdiyyəsinin 02 fevral 2021-ci il tarixli 09 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayonu Qobu Bələdiyyəsi əsassız olaraq 02 fevral 2021-ci il tarixli 9 saylı Qərarı ilə ondan xüsusi mülkiyyət hüququ ilə ona məxsus kənd təsərrüfatı təyinatlı torpağa görə 4683 (dörd min altı yüz səksən üç) 48 qəpik məbləğində borcun təyin edilməsi və ondan tutulmasını müəyyən etmişdir. Hesab edir ki, aşağıdakılara əsasən həmin qərar qanunsuz və əsassızdır. Sözügedən 3.6 ha ölçüsündə torpaq sahəsi mənim tərəfimdən alqı-satqı müqaviləsi ilə əldə edilmiş və həmin torpağa dair 07.10.2020-ci il tarixdə DƏDRX tərəfindən ********** saylı çıxarış verilmişdir. Torpağın əvvəlki sahibləri tərəfindən torpağa dair vergilər tam şəkildə ödənilmişdir. Bundan əlavə, cavabdeh tərəfindən verginin hesablanması düzgün aparılmamış, vergi qanunlara əsasən deyil, səhv şəxsi mülahizələr əsasında müəyyən olunmuşdur. Belə ki, "Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi haqqında" AR Nazirlər Kabinetinin 29 dekabr 2000-ci il tarxli 230 saylı Qərarına əsasən "Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilmiş şərti balları" cədvəli təsdiq edilmişdir. Həmin cədvələ əsasən Torpaq vergisinin hesablanması üçün əkin, dinc və çoxillik əkmələrin altındakı torpaqların 1 hektarının şərti ballarına uyğun olaraq ona məxsus torpaq sahəsinin şərti balı 85-dir. AR Vergi Məcəlləsinin 206.1-1-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə verginin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Beləliklə vergi aşağıdakı qaydada tutulamalıdır: 85 (bal) x 0,06 (qəpik) x 3.6 (ha) = 18,36 manat. Lakin qeyd etdiyi kimi, cavabdeh tərəfindən vergi hesabanrkən qanuna deyil, şəxsi mülahizələrə əaslanılmışdır. Səhv hesablama cavabdehin Tədiyyə bildirişi və qərarı arasında olan məbləğ fərqindən də görünür. Hesab edir ki, cavabdeh onun fəaliyyətini tənzim edən normativ aktara zidd hərəkət etmiş, müvafiq sənədləşmə işlərini də düzgün yerinə yetirməmişdir. "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, avtomobil və özüyeriyən təkərli texnika, su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cii maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən Qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikası Qanununun 8.0, 8.0.1, 8.0.2, 8.0.3 və 8.0.4-cü maddələrinə əsasən yerli vergilərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1- 1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi, fiziki şəxslərdən əmlak vergisi, yerli əhəmiyyətli tikinti materialları (kərpic-kirəmit gilləri, tikinti qumları, yüksək möhkəmliyə malik olan çınqıl xammalı) üzrə mədən vergisi, bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi aiddir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən yerli vergilərin və ödənişlərin yığılmasına, yerli büdcələrə köçürülməsinə və istifadə olunmasına nəzarət bələdiyyələrin müvafiq komissiyaları, habelə seçkili orqanlarda, bələdiyyə qulluğunda işləməyən, yerli məhəllə komitələrinin və vətəndaşların yığıncaqlarında təklif olunan, bələdiyyə iclasında təsdiq olunan nəzarət komissiyaları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyələrin vergi xidməti orqanı haqqında" Əsasnamənin 2.1-ci bəndinə əsasən Bələdiyyələrin vergi xidməti orqanı bələdiyyələrin qərarına əsasən bələdiyyələrin icra aparatının strukturunda yaradılır. Həmin Əsasnamənin 3.3-cü bəndinə əsasən Bələdiyyələrin vergi xidməti orqanı bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdən mənfəət vergisinin, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin, bələdiyyə ərazisində mehmanxanadan və sanatoriyakurort müəssisələrindən alman yerli ödənişlərin hesablanmasının və ödənilməsinin düzgünlüyünü araşdırmaq məqsədi ilə dövlət vergi orqanlarının keçirdiyi səyyar vergi yoxlamalarında iştirak edə bilər. Bunun üçün bələdiyyə bu bənddə göstərilən səyyar vergi yoxlamalarında bələdiyyənin vergi xidməti orqanının iştirakı barədə dövlət vergi orqanına müraciət etməlidir. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən Bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. "Bələdiyyələrin vergi xidməti orqanı haqqında" Əsasnamənin 5.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiçiyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. Həmin Əsasnamənin 5.5-ci bəndinə əsasən ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. Həmin Əsasnamənin 5.6cı bəndinə əsasən Bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. "Bələdiyyələrin vergi xidməti orqanı haqqında" Əsasnamənin 5.7-ci bəndinə əsasən ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. Həmin Əsasnamənin 5.8-ci bəndinə əsasən Bələdiyyənin qərarının surəti və tələbnamə ödəyiciyə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Həmin Əsasnamənin 5.10-cu bəndinə əsasən Bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. "Bələdiyyələrin vergi xidməti orqanı haqqında" Əsasnamənin 5.11-ci bəndinə əsasən yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. Bundan başqa, "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.1-ci və 12.1-ci maddələrinin tələblərinə əsasən vergilərin və ödənişlərin düzgün hesablanmasına, yığılmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Göründüyü kimi iddiaçıya hesablanmış vergi məbləğləri qeyd olunan normaların tələblərinə zidd olaraq cavabdeh Bələdiyyənin vergi xidməti orqanı tərəfindən deyil, Bələdiyyəsinin sədri tərəfindən təkbaşına hesablanmışdır. Bundan əlavə, müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, həmin vergilərin və ödənişlərin alınması ilə bağlı qaydalar "Bələdiyyələrin vergi xidməti orqanı haqqında" Əsasnamənin 5.3,5.5,5.6,5.7 və 5.8-ci bəndlərində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı cavabdeh tərəfindən mübahisə predmeti olan vergilərin və ödənişlərin iddiaçıdan tələb olunması ilə bağlı qeyd edilən normalarda göstərilən qaydalara riayət edilməməsi müəyyən edilmişdir. Eyni zamanda həmin Əsasnamənin 5.6-cı bəndinin tələbindən göründüyü kimi bələdiyyə ödənilməmiş vergilərin və ödənişlərin alınması ilə bağlı yalnız bələdiyyənin qərarı əsasında məhkəməyə müraciət edə bilər. Hazırkı iş üzrə isə cavabdeh qeyd edilən normanın tələbinə zidd olaraq, birbaşa vergilərin və ödənişlərin alınması ilə bağlı məcburi icra tədbirlərinin görülməsi üçün Abşeron rayon İcra şöbəsinə müraciət edilməsinə dair qanunsuz qərar qəbul etmişdir. Bu qərar "Hesablanmış və qanunla müəyyən edilmiş vaxtda ödənilməyən yerli vergilərə və ödənişlərə görə icra tədbirlərinin tətbiqi üçün Abşeron rayon İcra şöbəsinə müraciət edilməsi barədə" Qərarı "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyələrin vergi xidməti orqanı haqqında" Əsasnamənin tələblərinin pozulması nəticəsində qəbul edildiyindən ləğv olunmalıdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndə və vəkili məhkəmə prosesində eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində Abşeron rayonu Qobu bələdiyyəsinin 02.02.2021 -ci il tarixli 09 saylı qərar çıxardaraq mülkiyyət hüquqi ilə mənə məxsus kənd təsərrüfatı təyinatlı 3.6 ha torpaq sahəsinə görə 2018,2019,2020-ci illər üzrə 4683 manat 48 qəpik borcun ödənilməsinə görə qərar çıxararaq və icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərmişdir. O qərarla razı olmadığını və həmin qərarın əsassız olduğuna görə ləğv olunmasını məqsədəuyğun hesab etdiyini bildirmişdir. İddiaçının bildirdiyinə görə o , mülkiyyət hüquqi ilə ona məxsus 3.6 ha torpaq sahəsini 07.10.2020-ci il tarixdə aparılmış alqı-satqı müqaviləsi əsasında almış və həmin torpağa dair Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX tərəfindən ********** saylı Çıxarış almışdır. Onun qeyd etdiyinə görə, torpağın əvvəlki sahibləri tərəfindən torpağa dair vergilər tam şəkildə ödənilmişdir. Bundan əlavə cavabdeh tərəfindən verginin hesablanması düzgün aparılmamış, vergi qanunlara əsasən deyil səhv şəxsi mülahizələr əsasında müəyyən olunmuşdur. İddiaçı iddiasını onunla əsaslandırır ki, o mülkiyyətində olan 3.6 ha torpaq sahəsinə görə 1 illik torpaq vergisi 85 (şərti bal) x 0.06 manat x 3.6 ha qaydası ilə hesablanmasını bildirmişdir. Onun hesablamalarına görə 3.44 ha torpaq sahəsinə 1 illik 18 manat 36 qəpik torpaq vergisi ödəməlidir. Bildirilir ki, iddiaçının iddia ərizəsində göstərdiyi tələblər əsassızdır, onun tələblərini tam və bütövlükdə rədd edilir. Belə ki, Azerbaycan Respublikası Vergi Məcəlləsinin 206.1.maddəsinə əsasən, bu Məcəllənin 206.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 2 manat müəyyən edilir. (206.1-1. Müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir.) Qobu bələdiyyəsinin 10 fevral 2021-ci il tarixli 06 saylı aktından göründüyü kimi iddiaçı ona məxsus 3.6 ha torpaq sahəsindən təyinatı üzrə istifadə etmir.206.1.1 maddəsinin tələblərinə iddiaçı tərəfindən əməl edilməmişdir. Ona görə də iddiaçı ona məxsus 3.6 ha torpaq sahəsinə 206.1 maddəsinə əsasən hər 100 kvadratmetrinə görə 2 manat ödəməlidir. İddiaçıya məxsus 3.6 ha torpaq sahəsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin tərkibində X2 tərəfindən yaradılmış BAMS proqramına daxil edilmiş və Azərbaycan Respublikası Vergi məcəlləsinin 206.1 maddəsinə əsasən, hər 100 kvadratmetri üçün 2 manat müəyyən edildiyinə görə iddiaçının 3.6 ha torpaq sahəsi üçün 1 illik torpaq vergisi 1240 manat müəyyən edilmişdir. Ona görə də iddiaçıya 2018/2019/2020-ci illər üçün 963 manat 48 qəpik faiz , 3720 manat əsas, ümumilikdə isə 4683.48 AZN torpaq vergisi hesablanmışdır. İddiaçı vergi borclarını qanunvericiliyin tələblərinə uyğun olaraq illər üzrə vaxtında ödəmədiyinə görə ona faiz hesablanmışdır. Vergi Məcəlləsinin 59.1 maddəsinə əsasən, Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Maddə 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə şəklində hesablanır. Abşeron rayon Qobu bələdiyyəsi tərəfindən 19 yanvar 2021 ci il tarixli 01 saylı ümumi iclasında qərar qəbul edilmişdir. Qərara əsasən Vergi Məcəlləsinə, Yerli(bələdiyyə) vergilər və ödənişlər haqqında Azərbaycan Respublikasının inzibati icraat haqqında qanunun tələblərinə əsasən İddiaçı torpaq vergisinin məcburi qaydada alınması üçün protokoldan çıxarış və müvafiq inzibati akt qəbul edilərək, Abşeron rayon İcra və Probasiya şöbəsinə təqdim edilmişdir . İddiaçı öz tələbində ona məxsus 3.6 ha torpaq sahəsini 07.10.2020-ci il tarixində alqı-satqı qaydasında aldığına görə əvvəlki illərin ödənişlərin ona aid olmadığını bildirmişdir. Vergi Məcəlləsinin 208.5-ci maddəsinə əsasən, torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir. Maddə 208.1. Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. Eyni zamanda iddiaçı “Yerli(bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci və 12.1-ci maddələrinin tələblərinə əsasən vergilərin və ödənişlərin düzgün hesablanmasına, yığılmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirildiyini bildirir. Onun bildirdiyinə görə, iddiaçıya hesablanmış vergi məbləğləri qeyd olunan normaların tələblərinə zidd olaraq cavabdeh bələdiyyənin vergi xidməti orqanı tərəfindən deyil, bələdiyyənin sədri tərəfindən təkbaşına hesablanmışdır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası qanununun 18-ci maddəsinə əsasən bələdiyyənin icra orqanı onun icra aparatıdır. Bələdiyyənin icra aparatının fəaliyyətinə bələdiyyənin sədri rəhbərlik edir. Maddə 19.4 bələdiyyənin sədri əmr və sərancamlar verir, bələdiyyənin qərarlarını imzalayır. Bıı maddənin tələbindən göründüyü kimi iddiaçının iddiası bu haldada əsassızdır. Belə ki, vergilərin və ödənişlərin düzgün hesablanmasına, yığılmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilsə də, tərtib edilmiş tədiyyə bildirişi bələdiyyənin sədri tərəfindən imzalanır və möhürlənir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın 02.02.2021-ci il tarixli, 09 nömrəli qərarın surəti, cavabdehin etirazı, DƏDRX tərəfindən verilmiş çıxarışın surəti, X4 İnkişafı Mərkəzi tərəfindən verilmiş 09.07.2021-ci il tarixli, 03/87 nömrəli məktub və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə işin faktiki hallarını araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasınm Qanununun 18-ci maddəsinə müvafıq olaraq Azərbaycan Respublikasında torpaqdan istifadəyə görə torpaq vergisi tutulur. Mülkiyyətində və istifadəsində torpaq sahəsi olan rezident və qeyri-rezident fiziki şəxslər torpaq vergisi ödəyirlər. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə formasında hesablanır. Həmçinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 8.1-ci maddəsinə əsasən fiziki şəxslərin torpaq və əmlak vergisi yerli vergilərə (bələdiyyə vergilərinə) aid edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 206.1-ci maddəsinə əsasən bu Məcəllənin 206.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 2 manat müəyyən edilir. Həmin Məcəllənin : 208.1-ci maddəsinə əsasən torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. 208.5-ci maddəsinə görə torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir.Torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir. 208.6. Müəssisələrin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə, digər hallarda fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. 206.1-1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayon Qobu bələdiyyəsi 08 fevral 2021-ci il tarixli 09 saylı qərarı əsasında Azərbaycan Respublikası Vergi Məcəlləsinin 206.1-ci maddəsini rəhbər tutaraq hər 100 kv.m üçün 2 manat müəyyən edilməklə İddiaçı mülkiyyyətində olan 3.6 ha torpaq sahəsi üçün 1 illik 1.240 manat torpaq vergisi olmaqla 2018, 2019 və 2020-ci illər üçün ümumilkdə 4.683,48 manat torpaq vergisi hesablamışdır. Abşeron rayonu Qobu bələdiyyəsi qeyd olunan qərarın qəbul edilməsinə səbəb kimi İddiaçı tərəfindən torpaq sahəsindən üzürsüz səbəbdən torpaq sahəsindən istifadə etməməsi ilə bağlı fotogörüntüləri məhkəməyə təqdim etmiş və bu səbəbdən Vergi Məcəlləsinin məhz 206.1-ci maddəsi ilə torpaq vergisinin hesablanmasına istinad etmişdir. Qeyd olunan məsələnin araşdırılması məqsədi ilə məhkəmə tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin X4 İnkişaf Mərkəzinə müvafiq sorğu göndərilmiş və məlum olmuşdur ki, Abşeron rayon Qobu qəsəbəsində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 3,60 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi suvarma suyunun olmaması səbəbindən 2018-2019-cu illərdə əkilməmiş, dincə qoyulmuş, 2020-2021-ci mövsüm ilində isə qara herik halında saxlanılmışdır. Göründüyü kimi İddiaçı tərəfindən qeyd olunan torpaq sahəsindən təyinatı üzrə istifadə etməməsinin səbəbi meliorasiya və digər aqrotexniki çatışmamazlıqlar olmuşdur. Belə olan halda İddiaçı torpaq sahəsinə dair tutulmalı vergilər Vergi Məcəlləsinin 206.1-ci maddəsi ilə deyil 206.1.-1-ci maddəsində qeyd olunan meyarlar əsasında hesablanmalı idi. Qobu bələdiyyəsi isə qeyd olunan halları araşdırmadan torpaq vergisini hər 100 kv.m görə 2 manat olmaqla hesablamışdır. Bu isə İddiaçı tərəfindən ödənilməli olan torpaq vergisinin düzgün hesablanmamasına gətirib çıxarmışdır. Ona görə də məhkəmə hesab edir ki, Qobu bələdiyyəsi tərəfindən qəbul edilmiş 02.02.2021-ci il tarixli, 09 nömrəli qərar əsassız olması səbəbindən ləğv edilməlidir. Məhkəmə qeyd etməyi zəruri bilir ki, Sumqayıt İnzibati Məhkəməsi tərəfindən 2-1(118)- 796/2021 saylı 14.07.2021-ci il tarixli qərarın qəbul edilməsi İddiaçı Vergi Məcəlləsinin 206.1- 1-ci maddəsi ilə torpaq vergisini ödəmək vəzifəsindən azad etmir. Ona görə də cavabdeh quruma izah edilsin ki, İddiaçı torpaq vergisini Vergi Məcəlləsinin 206.1-1-ci maddəsi ilə tələb etməsi onun subyektiv hüququdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Göstərilən Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədəçatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göstərilən Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyət hüququ ilə məxsus olan kənd təsərrüfatlı təyinatlı torpağa görə 4.683,48 manat məbləğində borcun müəyyən edilməsi və tutulmasına dair Abşeron rayonu Qobu Bələdiyyəsinin 02 fevral 2021-ci il tarixli 09 saylı qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar