Məhkəmə qərarları › İş №e-2-1(118)-891/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-891/2022

31.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-891/2022 31.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “iddiaçının ƏDV sub-uçot hesabında əməliyyatların aparılmasına qoyulmuş məhdudiyyətlərin, o cümlədən sub-uçot hesabında olan ƏDV məbləğinin sərbəst hərəkətlərinə və digər şəxslərin və gömrük orqanlarının sub-uçot hesablarına köçürülməsinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı "xxxx" MMC cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “iddiaçının ƏDV sub-uçot hesabında əməliyyatların aparılmasına qoyulmuş məhdudiyyətlərin, o cümlədən sub-uçot hesabında olan ƏDV məbləğinin sərbəst hərəkətlərinə və digər şəxslərin və gömrük orqanlarının sub-uçot hesablarına köçürülməsinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdehlər sırasından çıxarılması və iş üzrə yeganə cavabdehin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, hazırda cəmiyyətə məxsus ƏDV sub-uçot hesabı vergi orqanı tərəfindən qanunsuz texniki üsullarla “bloka” salınmış və tərəflərindən ƏDVnin məxarici üzrə hər hansı əməliyyatın aparılması texniki baxımdan qeyri mümkün olmuşdur. Buna səbəb isə həmin hesabda proqram təminatı tərəfindən yaradılan texniki məhdudiyyətlərdir. Belə ki, ƏDV sub-uçot hesabında hər hansı əməliyyat aparmaq istəyərkən "Səhv!!! Zəhmət olmasa VÖEN-i düzgün göstərin" kimi standart xəta ortaya çıxır. Qeyd olunan texniki problemlərlə bağlı dəfələrlə vergi orqanına müraciət etsələr də, hər hansı texniki problemin olmadığını bildirmişlər. Halbuki vergi ödəyicisi kimi neçə illik təcrübələrindən bilirlər ki, bu cür addım, yəni ƏDV sub-uçot hesabına texniki blokun qoyulması vergi orqanlarının çoxillik ənənəsidir. ƏDV-nin depozit hesabı X1 açılır. DXA ilə bank arasında münasibətlər bank hesab müqaviləsi ilə tənzimlənir. ƏDV sub-uçot hesabı ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotunun aparılması məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyində açılmış uçot vərəqələridir. Bu müddəalardan aydın olur ki, vergi ödəyicisinin ƏDV üzrə 2 hesabı mövcuddur. Depozit hesabı və sub-uçot hesabı. Depozit hesabı faktiki olaraq pul vəsaitlərinin toplanmasını, əməliyyatların aparılmasını əks etdirən hesab olduğu halda, sub-uçot hesabı hər bir vergi ödəyicisinə münasibətdə yaradılan və vergi ödəyicisinə həmin vəsaitlərlə bağlı əməliyyatların həyata keçirilməsinə imkan verən elektron proqram təminatıdır. Belə ki, ƏDV-nin sub-uçot hesabına münasibətdə istinad edilmiş AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 219 saylı qərarının 4-cü bəndinə əsasən: 4.1. Vergi ödəyicisinin ƏDV sub-uçot hesabına vəsaitlər bu Qaydaların 2.1-ci bəndində göstərilən mənbələrdən və digər ƏDV sub-uçot hesablarından mədaxil edilə bilər. 4.2. ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin köçürülməsi aşağıdakı ardıcıllıqla aparılır: - dövlət büdcəsinə; - dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına; - ƏDV sub-uçot hesablarına. 4.3. Alınmış elektron vergi hesab-fakturasına əsasən alıcı öz ƏDV sub-uçot hesabından ƏDV məbləğini satıcının ƏDV sub-uçot hesabına köçürə bilər. Bu ödənişin aparılması üçün alıcı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 iyul tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydaları”na əsasən vergi orqanından alınmış istifadəçi kodu, parol və şifrə, yaxud “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarına uyğun olaraq əldə edilmiş gücləndirilmiş elektron imza vasitəsilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olur və ödənişi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsində yaradılmış “Köçürmə əməliyyatlarının aparılması” menyusundan istifadə etməklə həyata keçirir. ƏDV-nin depozit hesabı vasitəsilə ƏDV üzrə ödənişlərin və əvəzləşmələrin elektron formada aparılması qaydaları Azərbaycan Respublikası Vergilər Nazirliyinin kollegiyası tərəfindən təsdiq edilmiş inzibati reqlamentlə müəyyən edilir. Müddəalardan göründüyü kimi, ƏDV üzrə vergi ödəyicisi elektron vergi hesab fakturası üzrə ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsini həyata keçirmək məqsədilə vergi orqanında yaradılmış elektron xidmətdən istifadə etməli və özünə məxsus ƏDV sub-uçot hesabı üzrə hərəkətlərin aparılmasında yalnız özü səlahiyyətlidir. Bu halda cavabdeh inzibati orqanın vergi ödəyicisinin ƏDV sub-uçot hesabına hər hansı bir qaydada məhdudiyyətin qoyulmasının hüquqi əsasları qanunvericilikdə təsbit olunmamışdır, çünki ƏDV-nin sub-uçot hesabı üzrə hər hansı bir əməliyyatın aparılması yalnız vergi ödəyicisinin hüququna aiddir və ona verilmiş istifadəçi kodu, parol və şifrədən istifadə etməklə o həmin hesab üzrə proqram təminatı vasitəsilə əməliyyatlarını həyata keçirə bilər. Vergi Məcəlləsinin 65.2.3-cü maddəsinə əsasən vergi orqanı vergi ödəyicisinin ƏDV depoziti hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV üzrə vergi borclarının ödənilməsi üçün ƏDV depoziti hesabında vergi ödəyicisinin kifayət qədər vəsaiti olmadıqda, ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınması üçün həmin şəxsin digər hesablarına bu Məcəllədə nəzərdə tutulmuş qaydada sərəncam verilə bilər. Maddənin tələbləri onu ehtiva edir ki, vergi ödəyicisinin yalnız ƏDV üzrə vergi borcu olduqda onun ƏDV depozit hesabından həmin borcun tutulması ilə bağlı vergi orqanı müvafiq səlahiyyətə malikdir. Qanunvericiliyin sadalanmış maddələrinin mənası ondan ibarətdir ki, vergi ödəyicisinin AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yaradılmış ƏDV sub-uçot hesabı üzrə əməliyyatların aparılmasında yalnız vergi ödəyicisi səlahiyyətlidir, lakin həmin hesabda cəmləşmiş məbləğlər vergi ödəyicisinin depozit hesabında olan məbləğləri əks etdirməlidir. Depozit hesabından AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ödəniş tapşırığına əsasən müvafiq məbləğ tutulduqda, sub-uçot hesabında olan göstəricilərdən həmin məbləğin tutulması vergi ödəyicisinə məlum olmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2012-ci il 24 dekabr tarixli **********004800 nömrəli Qərarı ilə təsdiq edilmiş (**********0048 nömrə ilə X5 Reyestrində qeydiyyata alınmış) "Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması" elektron xidməti üzrə inzibati reqlamentin 3.3.1-ci yarımbəndinə əsasən xidmətin göstərilməsindən aşağıdakı hallarda imtina edilir və sistem tərəfindən bu barədə istifadəçinin ekranına müvafiq mesajlar verilir: - Əlavə dəyər vergisi ödəyicisi olmayan vergi ödəyiciləri müraciət etdikdə; - İstifadəçi kodu, parol və ya şifrəsi səhv olduqda; - Dövlət büdcəsinə borcu olduğu halda digər sub-uçot hesaba ödəniş aparıldıqda; - Vergi ödəyicisi gücləndirilmiş elektron imzaya malik olmadıqda. Reqlamentin 3.3.2-ci bəndinə əsasən imtina üçün əsas olmadıqda elektron xidmət göstərilir. Müddəalardan göründüyü kimi, cavabdeh tərəfindən yalnız müvafiq hallar mövcud olduqda elektron xidmətdən istifadə ilə bağlı imtina edilə bilər ki, qeyd edilən hallar məhdudiyyətlə bağlı deyil, bilavasitə elektron sistemdə aparılan əməliyyatlarla bağlıdır. Yəni qeyd edilmiş hallarda cavabdeh tərəfindən sub-uçot hesabına hər hansı bir məhdudiyyət qoyulmur, lakin proqram təminatından istifadə edilməklə cavabdeh informasiya texnologiyaları vasitəsilə vergi ödəyicisinə sub-uçot hesabdan istifadə edilməsindən imtina edə bilər. Belə ki, vergi ödəyicisinin dövlət büdcəsinə borcu olduqda, Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsində yaradılmış onun səhifəsindən digər sub-uçot hesaba ödənişlərin aparılmasından sistem tərəfindən imtina edilir. Göründüyü kimi, cavabdeh inzibati orqan qanunvericilikdə nəzərdə tutulan hallar olmadığı halda, qanunsuz şəkildə proqram təminatı vasitəsilə İddiaçı MMC-nin ƏDV sub-uçot hesabına müdaxilə edir, sub-uçot hesabından istifadə edilməsindən qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadığı halda, əsassız texniki xətalar vasitəsilə imtina edir və nəticədə İddiaçı MMC- nin fəaliyyətini iflic edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində qeyd olunanları bir daha qeyd edərək, həmçinin yaranmış məhdudiyyəti texniki vəsaitlər ilə əyani şəkildə nümayiş etdirərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı MMC məhkəməyə ƏDV sub-uçot hesabı üzrə əməliyyatların aparılmasında yaradılmış məhdudiyyətin Dövlət Vergi Xidməti tərəfindən qoyulduğuna dair hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı ƏDV depozit hesabına qoyulmuş məhdudiyyətlərin və qadağaların aradan qaldırılmasını tələb etməsinə baxmayaraq, belə bir məhdudiyyətin mövcudluğunu, eləcə də bu məhdudiyyətin cavabdeh qismində seçdiyi vergi orqanı tərəfindən həyata keçirilməsini sübut edə bilməmişdir. Həmçinin ərizəçinin iddia etdiyi məhdudiyyətlə vergi orqanının hərəkətləri arasında səbəbli-əlaqənin mövcudluğu müəyyən edilməmişdir. Eyni zamanda, ƏDV-nin depozit hesabı üzrə vəsaitlərin hərəkəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi" Qaydaları (bundan sonra - Qaydalar) ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2.3-cü maddəsinə əsasən vergi orqanı vergi ödəyicisinin ƏDV depozit hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin ƏDV sub-uçot hesabları üzrə vəsaitlərin hərəkəti, ƏDV-nin depozit hesabına vəsaitlərin mədaxili, məxarici və bu hesabda uçotun aparılması isə Qaydalarla tənzimlənir. İstər Vergi Məcəlləsində, istərsə də Qaydalarda ƏDV-nin depozit hesabında hərəkəti üzrə vergi orqanı tərəfindən məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020 tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi haqqında Əsasnaməyə müvafiq olaraq Nazirlik Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin apanlan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində (bundan sonra - müvafiq sahə) dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. Qeyd olunan Əsasnamədə ƏDV depoziti üzrə vəsaitlərin hərəkətinə hər-hansı məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. İddiaçının ərizəsində qeyd olunan "ƏDV sub-hesabına əməliyyatların aparılmasında yaradılmış məhdudiyyət" ilə bağlı Dövlət Vergi Xidməti tərəfindən hər hansı hərəkətlər edilməmiş, bu barədə hər hansı inzibati akt qəbul edilməmişdir. Qeyd edilmişdir ki, iddiaçı öz iddia ərizəsinin öhdəliyin icrası haqqında iddia növünə aid etmişdir. X3 Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmçinin qeyd edilmişdir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, “məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”. Lakin iddiaçı öz iddia ərizəsində məhz cavabdeh Dövlət Vergi Xidməti tərəfindən onun qanunla qorunan hansı hüquqlarının və ya maraqlarının pozulduğunu, hansı nəticəyə gətirib çıxardığını aydın ifadə etməmişdir. Bu isə öz növbəsində iddiaçının iddia tələbinin əsassız olduğunu göstərir ki, bu da iddianın mümkün sayılmaması üçün əsasdır. Analoji işlə bağlı Ali Məhkəmənin İnzibati-iqtisadi Kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli (hakim-S.Hüseynova) qərarında qeyd edilmişdir ki, yeni apellyasiyə baxışı zamanı iddiaçının sub-uçot hesabdan İstifadə edilməsinin qeyrimümkünlüyünün nədən ibarət olması araşdırılmalı, iddiaçının ƏDV depozit hesabı ilə bağlı cavabdeh tərəfindən hansı hərəkətlərin aparılıb-aparılmadığı müəyyən edilməli, onun vergi öhdəliyi ilə bağlı cavabdeh tərəfindən hər hansı hərəkətlərin aparılması müəyyən edilmədiyi halda, iddiaçının sub-uçot hesabdan istifadə edilməsinin mümkün olmamasının proqram təminatı ilə bağlı olub-olmadığı aydınlaşdırılmalı, nəticəsindən asılı olaraq məsələyə qiymət verilməlidir. ” Göründüyü kimi, Ali Məhkəmə mübahisənin düzgün həllinə nail olmaq üçün aşağıdakı məsələlərin araşdırılaraq qiymət verilməli olduğunu bildirir: iddiaçının sub-uçot hesabdan istifadə edilməsinin qeyrimümkünlüyünün nədən ibarət olması araşdırılmalı; iddiaçının ƏDV depozit hesabı ilə bağlı cavabdeh tərəfindən hansı hərəkətlərin aparılıb-aparılmadığı müəyyən edilməli; onun vergi öhdəliyi ilə bağlı cavabdeh tərəfindən hər hansı hərəkətlərin aparılması müəyyən edilmədiyi halda, iddiaçının sub-uçot hesabdan istifadə edilməsinin mümkün olmamasının proqram təminatı ilə bağlı olub-olmadığı aydınlaşdırılmalıdır. Ali Məhkəmə iş üzrə yekun qərarın qəbul edilməsinin məhz yuxarıdakı məsələlərin araşdırılaraq nəticəsindən asılı olduğunu, habelə iddianın mümkünlüyünün şərtləri baxımından da mübahisəyə qiymət verilməli olduğunu vurğulamışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, iddianın mümkün sayılması üçün cavabdeh qismində göstərilmiş inzibati orqanın iddiaçının hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına yol verdiyi hallar aydın ifadə etməli, həmin hərəkətləri dair sübutlar təqdim etməli və iddiası əsaslandırılmalıdır. Göründüyü kimi, "NAZLİ” MMC-nin iddia ərizəsi əsassız və vergi qanunvericiliyinin tələblərinə tam ziddir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İPM-nin 35-ci və 47.2-ci maddələrini rəhbər tutaraq İddiaçı MMC-nin "ƏDV sub-uçot hesabında əməliyyatların aparılmasına qoyulmuş məhdudiyyətlərin, o cümlədən sub-uçot hesabında olan ƏDV məbləğinin sərbəst hərəkətinə və digər şəxslərin və gömrük orqanlarının sub-uçot hesablarına köçürülməsinə qoyulmuş məhdudiyyətyin aradan qaldırılması”na dair iddia ərizəsinin mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini Məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədə qeyd edilmişdir ki, "xxxx" MMC-nin ƏDV sub-uçot hesabında hazırda texniki məhdudiyyət mövcuddur. Belə ki, ƏDV sub-uçot hesabı üzərindən başqa vergi ödəyicisinin hesabına ödəniş edən zaman “Səhv!! Zəhmət olmasa VÖEN-i düzgün göstərin” kimi standart xəta ortaya çıxır. Halbuki daxil edilən VÖEN düzgündür. Göstərilənlərə əsasən, cəmiyyətin ƏDV sub-uçot hesabına əməliyyatların aparılmasına qoyulmuş məhdudiyyətlərin, o cümlədən sub-uçot hesabında olan ƏDV məbləğinin sərbəst hərəkətinə və digər şəxslərin sub-uçot hesablarına, eləcə də gömrük orqanına köçürülməsinə qoyulmuş məhdudiyyətin aradan qaldırılmasını xahiş etmişlər. - Cavabdeh tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergidənyayınma hallarının qarşısının alınması və şəffaflığın təmin edilməsi məqsədi ilə riskli vergi ödəyiciləri ilə qarşılıqlı əməliyyatlar aparılan zaman (elektron qaimə-faktura əldə edəndə, həmçiin ƏDV sub-uçot hesablarından vəsait köçürəndə) vergi ödəyicilərinin bu barədə məlumatlandırılması üçün müvafiq xəbərdarlıq mesajının verilməsi barədə proqram təminatına əlavə və dəyişikliklər edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qəərarı ilə təsdiq edilmişş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”-na uyğun olaraq riskli halların araşdırılması ilə bağlı təsdiqedici sənədlər aidiyyatı üzrə qeydiyyata olduqları vergi orqanına təqdim edilməlidir. Qeyd edilənləri nəzərə alaraq yaranmış uyğunsuzluğun aradan qaldırılması tövsiyə olunmuşdur. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədə qeyd edilmişdir ki, onların xx.xx.2021-ci il tarixli müraciətləri ƏDV sub-uçot hesabına qoyulmuş məhdudiyyət barədə olduğu halda, onların cavab məktubu riskli vergi ödəyici siyahısından çıxarılması barədədir. Halbuki "xxxx" MMC riskli vergi ödəyiciləri siyahısında mövcud deyildir. Göstərilənlərə əsasən müraciətinə təkrar baxılmasını və ƏDV sub-uçot hesabında ƏDV məbləğinin sərbəst hərəkətlərinı, o cümlədən digər vergi ödəyicilərinin sub-uçot hesabına və gömrük orqanına ödənişlərin edilməsinə qoyulmuş məhdudiyyətin aradan qaldırılmasını xahiş etmişdir. - Cavabdeh tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına, Çağrı Mərkəzinə və ya əvvəlcədən onlayn növbəyə yazılmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iddiaçı "xxxx" MMC həmin cəmiyyətə məxsus ƏDV sub-uçot hesabının vergi orqanı tərəfindən qanunsuz bloka salındığı və tərəflərindən ƏDV-nin məxarici üzrə hər hansı əməliyyatın aparılmasının texniki baxımdan qeyri-mümkün olduğunu bildirmişdir. Bu səbəbdən iddiaçı ƏDV sub-uçot hesabında əməliyyatların aparılmasına qoyulmuş məhdudiyyətlərin, o cümlədən sub-uçot hesabında olan ƏDV məbləğinin sərbəst hərəkətlərinə və digər şəxslərin və gömrük orqanlarının sub-uçot hesablarına köçürülməsinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Vergi Məcəlləsinin 175.8-ci maddəsinə əsasən ƏDV ödəyiciləri, habelə ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron qaimə-fakturaları üzrə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir. ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli, 219 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydalarının 1.1-ci bəndinə əsasən bu Qaydalar “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 dekabr tarixli 675 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi və ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə əməliyyatların aparılması, habelə həmin əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına köçürülməsi qaydalarını müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən əlavə dəyər vergisinin depozit hesabı – ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır. ƏDV-nin depozit hesabı X1 (bundan sonra - DXA ) açılır. DXA ilə bank arasında münasibətlər bank hesab müqaviləsi ilə tənzimlənir. ƏDV subuçot hesabı – ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotunun aparılması məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyində açılmış uçot vərəqələridir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən ƏDV-nin depozit hesabına vəsaitlər aşağıdakı, lakin bunlarla məhdudlaşdırılmayan mənbələrdən daxil ola bilər: ƏDV qeydiyyatında olan vergi ödəyicisinin öz bank hesablarından; digər vergi ödəyicilərinin bank hesablarından; bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyriyaşayış sahələri alan şəxslərin ödəmələrindən; Azərbaycan Respublikasının ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə ticarəti zamanı alıcıların ödəmələrindən. 2.3-cü bəndinə əsasən Nağdsız ödənişlərin aparılması zamanı tətbiq olunan “A” formatlı ödəniş tapşırığı ƏDV-nin ödənilməsi üçün istifadə edildikdə, “B1. Benefisiar (alan) bank” bölməsində DXA-nın bank rekvizitləri əks etdirilməlidir. Həmin ödəniş tapşırığının “B2.Vəsaiti alan” bölməsinin “Adı” sətirində satıcının adı, “Hesab №-si” sətirində ƏDV-nin depozit hesabının nömrəsi, “VÖEN” sətirində isə satıcının VÖEN-i dəqiq qeyd olunmalıdır. Satıcı alıcıdan ƏDV-nin depozit hesabına ƏDV məbləğinin köçürülməsini təsdiq edən ödəniş sənədini tələb edə bilər. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən Vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından, naməlum sub-uçot hesabından dövlət büdcəsinə və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına vergilər üzrə ödəniş həyata keçirilə bilər. Bu halda Azərbaycan Respublikasının Vergilər Nazirliyi həmin vəsaitlərin bu Qaydalara uyğun ödəniş tapşırığında əks etdirilməsini təmin etməlidir. Vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödəniş iş günü saat 11:30-dək proqram təminatında təsdiq edildikdə, həmin vəsaitin dövlət büdcəsinə ödənilməsi üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müvafiq sənədlər həmin gün bu Qaydaların 3.2-ci bəndində müəyyən edilmiş qaydada təqdim olunur. Vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödəniş iş günü saat 11:30-dan sonra və ya qeyri-iş günündə proqram təminatında təsdiq edildikdə, həmin vəsaitin dövlət büdcəsinə ödənilməsi üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müvafiq sənədlər də növbəti iş günündə bu Qaydaların 3.2-ci bəndində müəyyən edilmiş qaydada təqdim olunur. Vergi ödəyicisi tərəfindən ƏDV subuçot hesabından dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına yük gömrük bəyannamələrinə uyğun olaraq idxal olunan mallara görə ƏDV ödənişi həyata keçirildiyi halda, Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən elektron formatlı ödəniş tapşırığında ödənişi aparan vergi ödəyicilərinin adı, VÖEN-i, dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabının nömrəsi və ödəniş məbləği əks etdirilməklə, bu Qaydaların 3.2-ci bəndində müəyyən edilmiş qaydada təqdim olunur. 4.7-ci bəndinə əsasən Vergi ödəyicisi ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin qaytarılması üçün həmin vəsaiti dövlət büdcəsinə köçürməlidir və bu vəsaitlərin qaytarılması vergi qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 4.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyi və DXA arasında ƏDV-nin depozit hesabına mədaxil və məxaric olunmuş vəsaitlər barədə aylıq üzləşmə aktı tərtib edilir. 4.9-cu bəndinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən proqram təminatı vasitəsi ilə bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun formada istənilən iki tarix aralığında ƏDV sub-uçot hesabının hərəkəti barədə məlumata DXA-ya elektron formatda baxış və həmin məlumatın çapı üçün imkan yaradılır. Bu zaman iki tarix aralığı dedikdə, birinci tarixin əvvəli saat 00:00-dan - ikinci tarixin əvvəli saat 00:00-dək olan müddətlər nəzərdə tutulur. Məhkəmə qeyd edir ki, əlavə dəyər vergisinin depozit hesabı ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılması məqsədlərinə, ƏDV sub-uçot hesabı isə ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotunun aparılması məqsədlərinə xidmət edir. Əlavə dəyər vergisinin depozit hesabı vahid xəzinə hesabıdır. ƏDV sub-uçot hesabı isə Vergilər Nazirliyində açılmış uçot vərəqələridir. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmadıqda, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Malları (işləri, xidmətləri) alan şəxs tərəfindən elektron qaiməfakturalarda göstərilən malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. Alınmış mallara (işlərə, xidmətlərə) görə təqdim edilmiş elektron qaimə fakturaları üzrə ödənilməli olan ƏDV-nin məbləği vergi ödəyicisi tərəfindən ƏDV-nin depozit hesabına ödəniş sənədləri əsasında köçürülür. Vergi ödəyicisinin ƏDV sub-uçot hesabına vəsaitlər yuxarıda istinad olunan normalarda göstərilən mənbələrdən və digər ƏDV sub-uçot hesablarından mədaxil edilə bilər. Alınmış elektron qaimə-fakturaya əsasən alıcı öz ƏDV sub-uçot hesabından ƏDV məbləğini satıcının ƏDV sub-uçot hesabına köçürə bilər. Bu ödənişin aparılması üçün alıcı “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarına uyğun olaraq əldə edilmiş gücləndirilmiş elektron imza vasitəsilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olur və ödənişi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsində yaradılmış “Köçürmə əməliyyatlarının aparılması” menyusundan istifadə etməklə həyata keçirir. ƏDV-nin depozit hesabı vasitəsilə ƏDV üzrə ödənişlərin və əvəzləşmələrin elektron formada aparılması qaydaları Azərbaycan Respublikası Vergilər Nazirliyinin kollegiyası tərəfindən təsdiq edilmiş inzibati reqlamentlə müəyyən edilir. Vergi ödəyiciləri gücləndirilmiş elektron imza vasitəsilə öz ƏDV sub-uçot hesabı üzrə real vaxt rejimində əməliyyatların aparılması ilə yanaşı, bu sub-uçot hesabı üzrə aparılmış əməliyyatlar və saldo barədə məlumatlar əldə edə bilərlər. Lakin iş materiallarından müəyyən edilir ki, iddiaçının sub-uçot hesabında olan ƏDV məbləğinin sərbəst və maneəsiz hərəkəti, habelə köçürülməsi ilə bağlı əməliyyatlar vergi orqanları tərəfindən tam təmin edilməmişdir. Belə ki, proqram təminatının “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə edilmiş əməliyyatlara dair çıxarışlardan ƏDV köçürmə əməliyyatının uğurla icra edilmədiyi və sistem tərəfindən monitorda reqlamentdə müəyyən edilməyən “Səhv!!! Zəhmət olmasa VÖEN-i düzgün göstərin” yazısının göstərildiyi və iddiaçıya münasibətdə bunun davamlı xarakter daşıdığı müəyyən edilmişdir. Həmçinin məhkəmə iclasında komyuter sistemində ƏDV sub-uçot hesabında əməliyyatların aparılmasına, o cümlədən sub-uçot hesabında olan ƏDV məbləğinin sərbəst hərəkətlərinə, digər şəxslərin və gömrük orqanlarının sub-uçot hesablarına köçürülməsinə məhdudiyyətlərin olduğu əyani müşahidə edilmiş və müəyyən olunmuşdur ki, həqiqətən də ƏDV sub-uçot hesabında əməliyyatların aparılmasında məhdudiyyətlər mövcuddur. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdeh proqram təminatında yaranan nasazlıqların aradan qaldırılması öhdəliyinə bağlıdır. Lakin cavabdeh tərəfindən yuxarıda istinad olunan normaların tələbindən irəli gələn öhdəlik iddiaçıya münasibətdə yerinə yetirilməmiş, nəticədə iddiaçının maliyyə əməliyyatlarının aparılması və malların təqdim edilməsi üzrə imkanları məhdudlaşmışdır. Halbuki Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011ci il tarixli, 429 saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 saylı Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na əsasən elektron xidmətin təşkili üçün elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi vergi orqanlarının vəzifəsidir. Buna görə də ƏDV subuçot hesabı ilə bağlı olan proqram təminatının daima işlək vəziyyətdə olmasına görə Azərbaycan Respublikasının Vergilər Nazirliyi məsuliyyəti daşıyır. Hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən proqram təminatının fasiləsiz fəaliyyət göstərməsi, vergi ödəyicisinin elektron xidmətlərdən maneəsiz və sərbəst istifadəsi təmin edilməmiş, nəticədə iddiaçının sub-uçot hesabında əməliyyatların aparılmasına məhdudiyyət yaranmışdır. Bu məhdudiyyət onun normal iş fəaliyyətinə, o cümlədən üçüncü şəxslər qarşısında öhdəliklərinin yerinə yetirilməsinə maneçilik törətmiş və iqtisadi maraqlarına ziyan vurma riski yaratmışdır. Həmçinin, iddiaçının sub-uçot hesabında məhdudiyyət mövcud vəziyyətin dəyişməsinə səbəb olduğundan, sonradan iddiaçının hüquqlarının qorunması, yəni təmin və ya bərpa edilməsi mümkün olmaya, yaxud xeyli dərəcədə çətinləşə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı "xxxx" MMC-nin ƏDV sub-uçot hesabında əməliyyatların aparılmasına qoyulmuş məhdudiyyətlərin, o cümlədən sub-uçot hesabında olan ƏDV məbləğinin sərbəst hərəkətlərinə, digər şəxslərin və gömrük orqanlarının sub-uçot hesablarına köçürülməsinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" MMC-nin ƏDV sub-uçot hesabında əməliyyatların aparılmasına qoyulmuş məhdudiyyətlərin, o cümlədən sub-uçot hesabında olan ƏDV məbləğinin sərbəst hərəkətlərinə, digər şəxslərin və gömrük orqanlarının sub-uçot hesablarına köçürülməsinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar