Məhkəmə qərarları › İş №e-2-1(120)-3060/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(120)-3060/2023

05.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-1(120)-3060/2023 05.12.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X4 Cavabdehnə qarşı “Cavabdeh qeyd etdiyi vakansiya üzrə Lənkəran rayonu, Şirinsu kənd tam orta məktəbində vakant yer (sosial məzuniyyət yeri) olan texnologiya fənni üzrə dərs saatlarının qanunvericiliyin tələbi kimi real namizəd olan iddiaçıya verilməsi və ya müvəqqəti əmək müqaviləsi ilə ona verilməli olan həmin dərs saatlarının bərpası (dərs saatlarına ayrılmış müddət məhkəmə icraatına sərf olunan vaxta görə keçərsə) mümkün olmadığı təqdirdə həmin müddət üçün əldən çıxmış faydanın cavabdehərdən tutulub ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehin əməlində cinayət tərkibi olduğu halda, barələrində xüsusi qərardad çıxartmaqla aidiyyəti üzrə prokurorluq orqanına göndərilməsi” barədə iddianın mümkünlüyü məsələsinə Şirvan İnzibati Məhkəməsinin İnzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X4 Cavabdehnə qarşı “Cavabdeh qeyd etdiyi vakansiya üzrə Lənkəran rayonu, Şirinsu kənd tam orta məktəbində vakant yer (sosial məzuniyyət yeri) olan texnologiya fənni üzrə dərs saatlarının qanunvericiliyin tələbi kimi real namizəd olan iddiaçıya verilməsi və ya müvəqqəti əmək müqaviləsi ilə ona verilməli olan həmin dərs saatlarının bərpası (dərs saatlarına ayrılmış müddət məhkəmə icraatına sərf olunan vaxta görə keçərsə) mümkün olmadığı təqdirdə həmin müddət üçün əldən çıxmış faydanın cavabdehlərdən tutulub ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehin əməlində cinayət tərkibi olduğu halda, barələrində xüsusi qərardad çıxartmaqla aidiyyəti üzrə prokurorluq orqanına göndərilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2018-ci ildə MİQ (müəllimlərin işə qəbulu) müsabiqəsinin müddətli müqavilə turlarında iştirak edərək, Masallı şəhər, N.Nərimanov adına 2 saylı tam orta məktəbində müəllim olaraq işləmiş, 2019-cu ildən yenidən MİQ imtahanlarında iştirak etmiş, yüksək nəticə göstərərək Lənkəran rayonu, Osaküçə kənd İ.Hüseynov adına tam orta məktəbinə daimi əsaslarla müəllim vəzifəsinə təyin edilmişdir. 11 iyun 2021-ci il tarixdə Lənkəran rayonu, Osaküçə kənd tam orta məktəbinin direktoru Arzu Mirzəyeva onunla bağlanmış əmək müqaviləsinə böhtan atmaqla, qanunsuz olaraq xitam vermişdir. Odur ki, barəsində qərəzli və əsassız verilmiş müəllimlik fəaliyyətinə xitam əmri üçün “11 iyun 2021-ci il tarixli, 32 saylı əmrin ləğv olunması və 11 iyun 2021-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Lənkəran rayonu İ.Hüseynov adına Osaküçə kənd tam orta məktəbinə texnologiya müəllimi işinə bərpa edilməsi tələbinə dair” iddia ərizəsi ilə Lənkəran rayon Məhkəməsinə müraciət etmiş, lakin, Lənkəran rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli, № 2(049)-2249/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin etməmişdir. Lənkəran rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(049)-2249/2021 saylı qətnaməsi əsassız və qanunsuz olduğundan Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş, iş üzrə yeni məhkəmə qətnaməsi qəbul edilərək “11 iyun 2021-ci il tarixli, 32 saylı əmrin ləğv edilməsi və 11 iyun 2021-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödəməklə İ.Hüseynov adına Osaküçə kənd tam orta məktəbinə texnologiya müəllimi işinə bərpa edilməsi” tələbinə dair iddia tələbi tam təmin edilmişdir. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-3052/2022 nömrəli qəti qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cari il üzrə ikinci iş yeri məqsədilə 4-cü dəfə olmaqla MİQ imtahanlarında yenidən iştirak etmişdir. Belə ki, yeni qaydalara əsasən MİQ müsabiqəsində iştirak edən 3 il həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisədə işləyən müəllimlərin imtahan nəticələrinə əlavə bal verildiyi təqdirdə, Lənkəran rayonu Osaküçə kənd İ.Hüseynov adına tam orta məktəbinin direktoru Arzu Mirzəyeva tərəfindən barəsində AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə əsassız verilmiş əmrə görə 4 il iş stajının olmasına baxmayaraq, MİQ müsabiqəsinə elektron sənəd qəbulu zamanı adında aktiv əmək müqaviləsi olmadığından imtahan nəticəsinə əlavə əmsal hesablanmamışdır. Hazırda imtahan balına uyğun olaraq faktiki yaşayış yeri üzrə birinci yerdədir. Əsas məsələ isə, Lənkəran rayonu, Şirinsu kənd tam orta məktəbin texnologiya müəllimi Rzazadə Aytac Sulduz qızı sosial məzuniyyətə çıxdığı üçün 7 saat dərs yükü vakansiyaya çıxarılmışdır. Mövcud qanunvericiliyə əsasən, həmin vakant yerə bal və coğrafi bölgü prinsipinə uyğun olaraq işə qəbul olunmalı idi. Lakin, absurd olaraq həmin vakant yerdə Masallı rayonu üzrə qeydiyyatda olmaqla yaşayan və imtahan nəticəsi ondan qat-qat aşağı olan müəllim-X9 ilə xx.xx.2022-ci il tarixdən müvəqqəti əmək müqaviləsi bağlanaraq qeyd edilən dərs yükü ona həvalə edilmişdir. Bu barədə dəfələrlə adiyyəti üzrə Cavabdehnə, Elm və Təhsil Nazirliyinə və X11 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinə elektron qaydada və şifahi müraciətlər etsə də, nəticəsiz qalmışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə pedaqoji kadrların işə qəbulu "QAYDALARİ"nın Ümumi müddəalarının 4.5-ci bəndinə əsasən “Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu Nazirlik tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşmiş qaydada həyata keçirilir. Müddətli müqavilə əsasında elektron yerləşdirmələr başa çatdıqdan sonra tutulmayan və yeni yaranan vakant yerlər ilk növbədə həmin rayon üzrə qeydiyyatda olan namizədlərə bal ardıcıllığı nəzərə alınmaqla təklif edilir.” Absurd olaraq Cavabdeh 18 oktyabr 2022-ci il tarixli elektron poçt ünvanına göndərilmiş cavab məktubunda “xx.xx.2022-ci il tarixdə ərizə ilə Lənkəran rayonu üzrə təhsil sektoruna müraciət etmiş qonşu, Lənkəran rayonu Qumbaşı kənd tam orta məktəbinin texnologiya müəllimi MİQ dən 64.3 (ixtisasdan 50) bal toplamış X9 ilə xx.xx.2022-ci il tarixdən müvəqqəti əmək müqaviləsi bağlanaraq qeyd edilən dərs yükü ona həvalə edilmişdir” deyə bildirilib. Halbuki, işə qəbul ərizəsi 26 sentyabr 2022-ci il tarixdə icraata qəbul edilmişdir, yəni 03 oktyabr 2022-ci il tarixdə hər iki namizədin ikinci iş yerinə qəbul ərizəsi Lənkəran Təhsil Sektorunun icraatında olsa da, qanunsuz və qərəzli olaraq, ondan qat-qat aşağı göstəricili namizəd işə cəlb olunmuşdur. Bu barədə adiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə müraciət etsə də, cavabdehi düzgün seçmədiyi səbəb göstərilməklə iddia mümkün sayılmamışdır. Odur ki, kobudcasına pozulmuş vətəndaşlıq və konstitusion hüquqlarımı bərpa etməkdən ötrü məhkəməyə müraciət etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Cavabdeh qeyd etdiyi vakansiya üzrə Lənkəran rayonu, Şirinsu kənd tam orta məktəbində vakant yer (sosial məzuniyyət yeri) olan texnologiya fənni üzrə dərs saatlarının qanunvericiliyin tələbi kimi real namizəd olan X5 verilməsi və ya müvəqqəti əmək müqaviləsi ilə ona verilməli olan həmin dərs saatlarının bərpası (dərs saatlarına ayrılmış müddət məhkəmə icraatına sərf olunan vaxta görə keçərsə) mümkün olmadığı təqdirdə həmin müddət üçün əldən çıxmış faydanın cəvabdehlərdən tutulub ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehlərin əməlində cinayət tərkibi olduğu halda, barələrində xüsusi qərardad çıxartmaqla aidiyyəti üzrə prokurorluq orqanına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı X7 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçı X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddia tələbinə etiraz edərək hazırki iddia tələbinin mümkünsüz sayılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən ikisi də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması və tələbin əsl cavabdehə yönəldilibyönəldilməməsidir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi 4 apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir.Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür.Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir.Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır.Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Belə ki, işin faktiki hallarından görünür ki, iş üzrə iddiaçı qismində çıxış edən X1 rayonu, Şirinsu kənd tam orta məktəbində vakant yer (sosial məzuniyyət yeri) olan texnologiya fənni üzrə dərs saatlarının qanunvericiliyin tələbi kimi real namizəd olan iddiaçıya verilməsi və ya müvəqqəti əmək müqaviləsi ilə ona verilməli olan həmin dərs saatlarının bərpası (dərs saatlarına ayrılmış müddət məhkəmə icraatına sərf olunan vaxta görə keçərsə) mümkün olmadığı təqdirdə həmin müddət üçün əldən çıxmış faydanın cavabdehərdən tutulub ona ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən, Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Qanunun mənasına görə, tam fəaliyyət qabiliyyəti 18 yaşa çatmaqla əldə olunur. Məhz 18 yaşa çatdıqdan sonra şəxs müstəqil surətdə mülki hüquq müqavilələri bağlaya bilər, əmlakı üzərində sərəncam verə bilər, hüquqi əhəmiyyətli başqa hərəkətlər edə bilər və bu hərəkətlərin nəticələrinə görə müstəqil surətdə əmlak məsuliyyəti daşıya bilər. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçı qismində çıxış edən X4 hazırki iddia tələbini qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, X10 hazırki iddia tələbi ilə əldən çıxmış faydanı tələb edir. İddiaçı X4 hazırki iddia tələbini irəli sürmək hüququ o zaman yaranar ki, o, həmin iddia ərizəsi ilə özünə dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb etsin. Bundan başqa Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddia tələbi düzgün cavabdehə qarşı yönəldilməmişdir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, cavabdeh iddia tələbinin yönəldiyi şəxsdir. İddianın irəli sürülməsi, adətən, cavabdehin özünün hərəkət və ya hərəkətsizliyi ilə bağlı olur. Başqa sözlə desək, iddiaçının hüquqlarının pozulma ehtimalı yarandığı anda, iddiaçı həmin hüquqlarının müdafiəsi və ya bərpası üçün müvafiq olaraq cavabdeh qismində inzibati orqanı göstərək iddia ilə məhkəməyə müraciət edir. Zəruri olan hal isə ondan ibarətdir ki, Məhkəmə irəli sürülmüş tələb üzrə inzibati orqanın cavabdehlik daşıyıbdaşımamasını müəyyən etməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 №-li Qərarı ilə təsdiq olunmuş “Ümumtəhsil Məktəbinin Nümunəvi Nizamnaməsinin” 1.15ci maddəsinə əsasən, ümumtəhsil məktəbi hüquqi şəxsdir. Onun müvafiq qanunvericiliyə uyğun olaraq, xəzinə və banklarda hesablaşma hesabı və digər hesabları ola bilər. Ümumtəhsil məktəblərinin hüquqi ünvanı onların hər birinin nizamnaməsində göstərilir. Həmin Nizamnamənin 4.13-cü maddəsinə əsasən, ümumtəhsil məktəbində dərslər və dərsdənkənar məşğələlər direktor tərəfindən təsdiq olunmuş cədvəl üzrə aparılır. Həmin Nizamnamənin 5.4-cü maddəsinə əsasən, Ümumtəhsil məktəbinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təyin olunan direktor rəhbərlik edir. Məktəbin direktoru aşağıdakıları həyata keçirir: konkret iş sahələri əhatə olunmaqla, məktəbin fəaliyyət istiqamətlərini müəyyənləşdirir, il ərzində görüləcək işləri planlaşdırır və onların həyata keçirilməsinə nəzarət edir (5.4.1-ci bənd); ümumi təhsilin inkişafı ilə bağlı dövlət qərarlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün məsuliyyət daşıyır (5.4.2ci bənd); dövlət orqanlarında və ictimai təşkilatlarda rəhbərlik etdiyi məktəbi və onun mənafeyini təmsil edir (5.4.3-cü bənd); təlim-tərbiyə işlərinin, o cümlədən istedadlı uşaqlarla iş sisteminin, dərsdənkənar tədbirlərin məqsədyönlü və səmərəli qurulması, fənlər üzrə təlim keyfiyyətinin yüksəldilməsi və uğurlu nəticələrin əldə edilməsi üçün bilavasitə cavabdehlik daşıyır (5.4.4-cü bənd); məktəbdə sağlam mənəvi-psixoloji durumun mövcud olmasını, pedaqoji işçilərin yaradıcı və təşəbbüskar fəaliyyəti, müasir pedaqoji innovasiyaların tətbiqi üçün hərtərəfli şəraitin yaradılmasını təmin edir (5.4.5-ci bənd); şagirdlərin təlim-tərbiyəsi sahəsində nailiyyətləri ilə fərqlənən müəllimlərin əməyinin stimullaşdırılması barədə yuxarı təşkilatlar qarşısında məsələ qaldırır (5.4.6-ci bənd); məktəbin maddi-tədris bazasının möhkəmləndirilməsi, kadr təminatı, müəllimlərin ixtisasının artırılması, pedaqoji fəaliyyət üçün müəyyən edilmiş tələblərə cavab verməyən müəllimlərin işdən kənarlaşdırılması barədə təkliflər irəli sürür, maddi-tədris bazasının inkişaf etdirilməsi ilə əlaqədar qanunvericiliklə qadağan olunmayan vasitələrdən istifadə edir (5.4.7-ci bənd); qanunvericiliklə müəyyən olunmuş qaydada məktəb üçün inventar və avadanlıqları satın alır və müxtəlif xidmətlərin göstərilməsini təşkil edir (5.4.8.-ci bənd); bu Nümunəvi Nizamnamədə göstərilən məqsəd və vəzifələrin həyata keçirilməsi ilə bağlı fiziki və hüquqi şəxslərlə münasibətdə məktəbi təmsil edir, onun adından müqavilələr bağlayır (5.4.9-cü bənd); məktəbin fəaliyyətinin tənzimlənməsinə və qarşıda duran vəzifələrin yerinə yetirilməsinə istiqamətlənmiş müvafiq əmrlər verir (5.4.10-cu bənd) Bundan başqa Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08 may 2018-ci il tarixli, F-346 nömrəli əmri ilə təsdiq olunmuş Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalarının 2.2-ci bəndinə əsasən, Müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır. Dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin və təlimati sənədlərin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələri müəssisə rəhbəri tərəfindən nəzərə alınır. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkadan artıq olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda, yerli təhsili idarəetmə orqanının və ərazi maliyyə hesablaşma mərkəzinin razılığı ilə müəssisə rəhbəri tərəfindən digər müəssisələrdən əvəzçiliklə və ya saat hesabı qaydasında müəllim dəvət olunur. Bu mümkün olmadıqda həmin dərs saatları vakant hesab olunur və Nazirliyin internet səhifəsində elan edilir. Ümumtəhsil Məktəbinin Nümunəvi Nizamnaməsində müəllimlərin iş saatlarının müəyyən edilməsi birbaşa olaraq direktorun vəzifələrinə aid edilməsi göstərilməsə də, həmin Nizamnamədə dərs cədvəllərinin müəyyənləşdirilməsi məhz direktorun səlahiyyətlərinə aid olması qeyd edilmişdir. Həmçinin, müəllimlərin yeni tədris ili üçün dərs yükünü müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilməsini məhz müəssisə rəhbəri tərəfindən həyata keçirildiyi Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalarında da göstərilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı hazırki tələblə müraciət etməyə subyektiv hüququ olmaması əsasından iddia ona münasibətdə, həmçinin, iddia tələbi düzgün cavabdehə qarşı yönəldilmədiyindən, ümumilikdə iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublika “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəməni nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin,cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq iddiaçıya 15 may 2023-cü il tarixli, 2-1(120)-3060/2023 nömrəli məktubla yuxarıda qeyd edilən məsələlərlə bağlı hüquqi yardım göstərmişdir. Odur ki, Məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə cavabdehi dəqiqləşdirdikdən sonra aidiyyəti üzrə müvafiq olaraq ümumi məhkəməyə müraciət edə bilər. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı X4 Cavabdehnə qarşı “Cavabdeh qeyd etdiyi vakansiya üzrə Lənkəran rayonu, Şirinsu kənd tam orta məktəbində vakant yer (sosial məzuniyyət yeri) olan texnologiya fənni üzrə dərs saatlarının qanunvericiliyin tələbi kimi real namizəd olan iddiaçıya verilməsi və ya müvəqqəti əmək müqaviləsi ilə ona verilməli olan həmin dərs saatlarının bərpası (dərs saatlarına ayrılmış müddət məhkəmə icraatına sərf olunan vaxta görə keçərsə) mümkün olmadığı təqdirdə həmin müddət üçün əldən çıxmış faydanın cavabdehərdən tutulub ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehin əməlində cinayət tərkibi olduğu halda, barələrində xüsusi qərardad çıxartmaqla aidiyyəti üzrə prokurorluq orqanına göndərilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar