Məhkəmə qərarları › İş №e-2-1(120)-3984/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-3984/2024

10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(120)-3984/2024 10.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X8, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı «Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası”nın xx.xx.2024-cü il tarixli 13 nömrəli qərarı ləğv edilərək donor X2 resipiyent İddiaçı qaraciyər köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası”nın xx.xx.2024-cü il tarixli 13 nömrəli qərarı ləğv edilərək donor X2 resipiyent İddiaçı qaraciyər köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmənin 2-1(120)-3984/2024 nömrəli, 25 iyul 2024-cü il tarixli qərardadı ilə, iddia tələbi üzrə X5 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı qaraciyər fibrozu, HCV mənşəli qaraciyər Sİİ mərhələsində hepatosplenomeqaliyapor varikozu İV dərəcə diaqnozu ilə xəstədir. Yeni donor tapılmalı və qaraciyər köçürülməlidir ki, o yaşasın. Bu barədə səhiyyə nazirliyinə müraciət etmişdir. Orda “Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası xx.xx.2024 cü il tarixdə qərar qəbul edib ki, onun özünün tapdığı donordan imtina edilərək həmin donorun transplantasiyası məqsədə uyğun hesab edilməyib. İddiaçı tanıdığı insana müraciət etdik o, donor olmağa razıdır. Lakin Səhiyyə Nazirliyində transplantasiyası üzrə etika komissiyası xx.xx.2024 cü il tarixdə qərar qəbul edib ki, guya məqsədə uyğun hesab edilməyib. İddiaçı də bir insan kimi yaşamaq istəyir. Bu onun hüquq və azadlığıdır. İddiaçı donoru tapıldığı üçün həmin donorun transplantasiya edilərək ona köçürülməsi öhdəliyi Səhiyyə Nazirliyinin və həmin komissiyasının üzərinə qoyulmalıdır. Əgər bunlar bu ərizəyə etiraz etsələr İddiaçı ölməyinə səbəb olsalar məsuliyət daşıyırlar. Göstərilən səbəblərdən məhkəməyə müraciət edərək hüquqlarının və qanuni mənafeyini bərpa etdirmək məcburiyətində qalmışdır. Buna görə də öhdəliyi cavabdehin üzərinə qoyulması öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası İPM 2-ci və 8-ci və 33-cü 45-46-cı maddələrində göstərilən əsaslara uyğun olaraq məhkəmədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası”nın xx.xx.2024-cü il tarixli 39 nömrəli qərarının ləğv edilərək donor X2 resipiyent İddiaçı qaraciyər köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etmiş və bildirmişdir ki, 2022-ci il tarixdə qida borusu partladığı üçün, əməliyyatlar olundu, sonra həkimlər bildirdilər ki, sağlamlıq vəziyyəti artıq ağır olduğu üçün qaraciyər köçürülməsi həyat keçirilməlidir. Yaxın qohumları tərəfindən uyğun donor olub-olmamaları ilə bağlı müvafiq tibbi yoxlanışdan keçmiş, yaxınlarından müvafiq donor müəyyən edilməmişdir. Sonradan üçüncü şəxs X5 iddiaçının bacısı ilə uzun illərdir ki, təxminən 5-6 ildir ki rəfiqədirlər. Üçüncü şəxs Sabirabada rayonunda yaşasa da, bir-birilərinin evinə gedişgəlişləri var, həmin vaxtlarda iddiaçı S.Ələskərli ilə tanış olmuşdur. O özü donorluq təklif etdi, yoxlanmaq istədi. Yoxlanışdan sonra donor ola bilməsi müəyyən edildi. Sonra siğorta üçün müraciət etdilər, bütün sənədlər hazır olduqdan sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı «Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası”nın qəbuluna getdilər. Orada həkim yox idi, qeyri-hökümət təşkilatından bir nümayəndə, bir hüquqşünas, psixoloq əyləşmişdi, suallar verildi ona cavablar verdi, o suallara cavab verən zaman ona gülürdülər. Üçüncü şəxs M.Fərzəliyevanın haradan tanıması və nə vaxtdan tanıması barədə məlumat aldılar, “Facebook” sosial şəbəkəsindən ümumiyyətlə istifadə etmir, özünün maddi imkanı ağırdır, yəni kiməsə əməliyyatın müqabilində pul təklif etməmişdir. 2023-cü ilin sentyabr ayından artıq M.Fərzəliyeva donor olmaq üçün razılıq verdiyi üçün başqa donor axtarmağa ehtiyac olmamışdır. Əməliyyat risklidir, həkim deməsinə görə M.Fərzəliyevanın səhhəti ilə bağlı problem olmayacaq, əgər problem olarsa, ona və ailəsinə köməklik edəcəklər. Şifahi məhkəmə iclasında üçüncü şəxs X5 izahatında bildirdi ki, iddiaçının bacısı ilə uzun illərdir ki, rəfiqədirlər, şəkil və ya video vasitəsilə hər hansı çəkiliş etməmişlər, belə amma şəhərdə və başqa yerlərdə gəzintidə olmuşlar, restoranda əyləşmişlər, uşaqları ilə də gəzintiyə getmişlər, həyat yoldaşı yoxdur, 5 yaşında oğlu var, əgər əməliyyat zamanı və sonradan səhhəti ilə bağlı probləmlər olsa öz bacısı övladına baxacaq. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən İmişli rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı İmişli rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-cı ildə anadan olmuş və İmişli şəhəri, Heydər Əliyev pr 57-də qeydiyyatdadır. - İşdə olan AA2072820 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1979-cu ildə anadan olmuş və Sabirabad rayonu, Qalağayın kəndində qeydiyyatdadır. - İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası”nın xx.xx.2024-cü il 39 nömrəli qərarında göstərilmişdir ki, tərəflər sualları qeyri-səmimi şəkildə cavablandırmışdır. Donor və resipiyent bir-birinin tanışlığına dair hər hansı bir sənəd təqdim etməmişdir. Danışıqlarda ziddiyətlər aşkar edilmişdir. Sosial şəbəkədə resipiyentin orqan alqısı ilə bağlı yazıları müəyyən olunmuşdur. Etika Komissiyası donor orqanının transplantasiyasına etiraz edir. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən orqanizm funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmişdir.Ümumi xəstəliyə görə 220.0 manat müavinət alır. - İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəməyə ünvanladığı 30 iyul 2024-cü il tarixli, 3-28/2-5694/2024 nömrəli məktubunda göstərilmişdir ki, Şirvan inzibati Məhkəməsinin icraatında İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “qaraciyər köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia tələbinə dair inzibatı işlə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyasının iclasının 16 may 2024-cu il tarixli 39 nömrəli qərarı və həmin qərarın verilməsinə əsas olmuş sənədlərin surətləri göndərilmişdir. - İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Orqan Donorluğu və Transplantasiya üzrə Kordinasiya Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 983 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 avqust 2023-cü il Tarixli 263 nömrəli qərarına əsasən, icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlər zərfi çərçivəsində qaraciyər transplantasiyası əməliyyatının həyata keçirilməsi nəzərdə tutulmuş resipiyent İddiaçı (Fin:xxxxxxx) və donor X6( Fin: 4QWYS6Y ) qaydalara uyğun olaraq sənədlərinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə təqdim olunması xahiş olunur. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-4/2-20915/2024 nömrəli məktubunda göstərilmişdir ki, İmişli rayon sakini İddiaçı və X4 əlillik vəziyyəti barədə xx.xx.2024-cü il tarixli, 2-1(120)-3984/2024 nömrəli sorğunuza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra -Agentlik) baxılmışdır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01,2020-ci il tarixli 11 nömrəli Qərarı ila təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasfna uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir.Bildiririk ki, İddiaçı müraciəti əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyan müayinə olunmuşdur. Təqdim olunan tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəs olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərar ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2023-cü il tarixindən ümumi xəstəlik səbəbilə 2 il müddətinə (xx.xx.2025-ci il tarixinədək) orqanizmin funksiyalarının 80 faiz pozulması barədə qərar qəbul edilmişdir. X4 əlillik təyinatı barədə isə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində məlumat və göndəriş (Forma 088) aşkar edilməmişdir. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.1. Orqan donorluğu və transplantasiya qanunçuluq, humanizm, könüllülük, həmrəylik, şəfqət və təmənnasızlıq prinsiplərinə əsaslanır. 16.1. Digər tibbi üsullarla və meyit donor orqanları vasitəsi ilə insan həyatının xilas edilməsi və ya sağlamlığının bərpası mümkün olmadıqda resipiyentə canlı donordan donor orqanların transplantasiyasına yol verilir. 16.5. Canlı donordan transplantasiya məqsədilə donor orqanların götürülməsi zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır: 16.5.1. canlı donor resipiyentin yaxın qohumu olduğu halda, qohumluq əlaqəsi müvafiq sənədlərlə təsdiq olunmalıdır; 16.5.2. yaxın qohum olmayan canlı donordan orqanın götürülməsi bu Qanunun 29.2-ci maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir; 1 16.5.3. canlı donor transplantasiya ilə bağlı sağlamlığı üçün baş verə biləcək ağırlaşmaların mahiyyəti ilə tanış olmalıdır; 16.5.4. canlı donor orqanların götürülməsinə kənar təsir olmadan, könüllü qərar verdiyinə dair yazılı şəkildə məlumatlandırılmış razılığını bu Qanunun 17.1 -ci maddəsi ilə müəyyən edilmiş qaydada bildirməlidir. 16.6. Hər hansı şəxsi orqanlarının götürülməsinə məcbur etmək qadağandır. 18.1. Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəlikləri olan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır. 18.2. 18 yaşına çatmayan şəxsdən transplantasiya məqsədi ilə orqan və toxumaların (sümük iliyi və kök hüceyrələr istisna olmaqla) götürülməsi qadağandır. 18.3. 18 yaşına çatmayan şəxsdən sümük iliyi və kök hüceyrələrinin götürülməsinə onun valideynlərinin razılığı ilə yol verilir. 18.4. Resipiyentin tabeliyində olan və ondan maddi-mənəvi asılılığı olan şəxslərdən, həbsdə olan şəxslərdən, daha əvvəl orqan donoru olmuş şəxslərdən, hamilə qadınlardan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlardan, hərbi əsirlərdən, habelə bu Qanunun 18.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, tam fəaliyyət qabiliyyəti olmayan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır. 18.5. Canlı donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqanlardan isə o miqdarda və həcmdə götürmək olar ki, donorun həyatı üçün təhlükə, yaxud onun sağlamlığında bərpa olunmaz pozuntular yaranmasın. 29.1. Yaxın qohum olmayan canlı donorlardan donor orqanın götürülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tərkibində psixoloq və hüquqşünas olan Orqan donorluğu və transplantasiya üzrə etika komissiyası (bundan sonra - etika komissiyası) yaradılır. 29.2. Etika komissiyası donorun şəxsiyyətini, orqan donorluğuna razılığının könüllülüyünü və bu Qanunun 18-ci maddəsinin tələblərinə uyğunluğunu müəyyən edir və şəxsin donor olub-ola bilməməsi barədə müvafiq qərar qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya "K74 XBT-10 üzrə kod: HCV mənşəli qaraciyər sirrozu dekanpensasiya mərhələsində” diaqnozu qoyulmuş və "Canlı donordan qaraciyər transplantasiyası” əməliyyatı məsləhət görülmüşdür. Bundan sonra iddiaçının ailəsi və yaxınları tərəfindən uyğun donor olub-olmamaları ilə bağlı müvafiq tibbi yoxlanışdan keçmiş, yaxınlarından müvafiq donor müəyyən edilməmişdir. X5 qaraciyər transplantasiyası üçün uyğun donor olması və könüllü olaraq iddiaçı üçün donor olmağa razılıq verməsi əsası ilə cavabdeh inzibati orqana müraciət edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası”nın xx.xx.2024-cü il tarixli 13 nömrəli qərarı ilə tərəflər arasında donor orqanlarının alqı-satqısına dair razılaşma olduğu müəyyən edilməsi səbəbi ilə, donor orqanının transplantasiyası qeyri-mümkün hesab edilmişdir. Odur ki, hazırki məhkəmə araşdırılmasının predmeti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası”nın xx.xx.2024-cü il tarixli 13 nömrəli qərarı və bunun yaratdığı hüquqi nəticələrlə bağlıdır. Məhkəmə qeyd edir ki, hazırki iddia mübahisələndirilmə haqqında iddia tələbi olduğundan, mübahisələndirilən inzibati aktın qanununiliyini sübut etmə öhdəliyi məhz inzibati orqanın üzərinə düşür. Belə ki, İPM-in 14.1 -ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki halda tərəflər arasında mövcud olan münasibətlər "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında”, "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir və qəbul edilmiş inzibati aktda adıçəkilən qanunların müddəalarına uyğun qaydada qəbul edilməlidir. Cavabdeh inzibati orqan dəlil kimi göstərmişdir ki, tərəflərin sualları qeyri-səmimi şəkildə cavablandırılması, donor və resipiyent bir-birinin tanışlığına dair hər hansı bir sənəd təqdim etməmişdir. Danışıqlarda ziddiyyət aşkar edilmiş, sosial şəbəkədə resipiyentin orqan alışı ilə bağlı yazıları müəyyən olunmuşdur. Etika komissiyası donor orqanının trnsplantasiyasına etiraz etmişdir. Məhkəmə Etika Komissiyasının dəlillərinin araşdırılması məqsədilə müvafiq araşdırma əsasında inzibati orqan tərəfindən qərar qəbulu zamanı bir sıra zidiyyətli məqamlara düzgün hüquqi qiymət verilməməsi müəyyən edilmişdir. Halbuki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq və ya natamam aparılmış inzibati icraatı tamamlamaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Məhkəməyə daxil olmuş məlumatlar əsasında müəyyən olunur ki, iddiaçıda 2020ci il tarixdən xəstəliklər aşkar edilmiş, 2022-ci il tarixdə qida borusu partladığı üçün, əməliyyatlar olunmuş və sağlamlıq vəziyyəti ağır olduğu üçün qaraciyər köçürülməsi əməliyyatnın keçirilməsi məsləhət görülmüşdür. Yaxın qohumları tərəfindən uyğun donor olub-olmamaları ilə bağlı müvafiq tibbi yoxlanışdan keçmiş, yaxınlarından müvafiq donor müəyyən edilməmişdir. Sonradan iddiaçının bacısının rəfiqəsi olduğu iddia edilən üçüncü şəxs X5 yoxlanışdan keçirilmiş və donor ola bilməsi müəyyən edilmişdir. Onlr cavabdeh orqan müraciət etmişlər, lakin cavabdeh orqan müvafiq qərarla imtina etmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı üçüncü şəxs X3 iddiaçının öz bacısı Gülxanım ilə uzun illərdir ki, təxminən 5-6 ildir ki rəfiqə olduğunu, özləri İmişli rayonunda, üçüncü şəxs X7 rayonunda yaşasa da, bir-birilərinin evinə gediş-gəlişləri olduğunu, həmin vaxtlardan iddiaçı S.Ələskərli ilə tanış olduğunu bildirmişdir. “Facebook” sosial şəbəkəsindən ümumiyyətlə istifadə etmir, özünün maddi imkanı ağırdır, yəni kiməsə əməliyyatın müqabilində pul təklif etməmişdir. 2023-cü ilin sentyabr ayından artıq M.Fərzəliyeva donor olmaq üçün razılıq verdiyi üçün başqa donor axtarmağa ehtiyac olmamışdır. Üçüncü şəxs X1 olaraq təmənnasız iddiaçıya donor olması üçün xeyli çəki atmalı olduğunu qeyd etmiş və əməliyyata razı olduğunu bildirmişdir. “Facebook” sosial şəbəkəsindən istifadə etsə də, donor alqı-satqısı barədə hər hansı axtarış və s. daxil olmamışdır. Buna görə məhkəmə hesab edir ki, ziddiyyətli hallar mövcud olduğu üçün cavabdeh orqan tərəfindən inzibati mübahisə araşdırılmalıdır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, "Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyası”nın əsasnaməsinin müddəalarına əsasən:

4. Komissiyanın vəzifələri aşağıdakılardır: 4.1. müraciətlərə "Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”nin (bundan sonra - Koordinasiya Mərkəzi) təqdimatı ilə həkim komissiyasının əsaslandırılmış qərarı əsasında baxmaq; 4.2. öz orqanlarını xəstəliyi olan şəxslərə transplantasiya məqsədilə könüllü olaraq verən canlı donorun şəxsiyyətini müəyyən etmək; 4.3. canlı donorun könüllü olaraq orqan donorluğuna razılığını müvafiq məlumatlandırılmış yazılı razılıq ərizəsi ilə yoxlamaq; 4.4. canlı donordan donor orqanın götürülməsinə olan məhdudiyyətləri "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən yoxlamaq; 4.5. şəxsin donor olub-ola bilməməsi barədə müvafiq qərar qəbul etmək və qəbul edilmiş qərarı "Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazası”na (bundan sonra- vahid dövlət informasiya bazası) daxil etmək; 4.6. donorun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 137-ci maddəsinə uyğun olaraq insan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyasına görə əvvəllər məhkum olunduğunu araşdırmaq; 4.7. Nazirliyə ildə iki dəfədən az olmayaraq baxdığı müraciətlər barədə hesabat vermək.

31. Komissiya aşağıdakı hallarda donor orqanların transplantasiyasının qeyrimümkün olması barədə qərar qəbul edir: 31.1. Koordinasiya Mərkəzi tərəfindən zəruri sənədlər tam təqdim edilmədikdə və ya təhrif olunmuş məlumatlar təqdim edildikdə; 31.2. donor və resipiyent arasında donor orqanların alqı-satqısı ilə bağlı razılığa dair əsaslı şübhələr olduğu müəyyən edildikdə. Göründüyü kimi adıçəkilən Əsasnamədə inzibati orqanın vəzifələri (bənd 4) və Komissiya tərəfindən imtina qərarının qəbul edilməsi əsasları (bənd 31) müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativhüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2.İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3.İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 67.1.İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin əsasnaməyə görə donor və resipiyent arasında donor orqanların alqısatqısı ilə bağlı razılığa dair əsaslı şübhələr olduğu müəyyən edildikdə transplantasiyasının qeyri-mümkün olması barədə qərarın qəbul edilməsi mümkündür. Məhkəmə tərəfindən qeyd edilir ki, əsasnamədə şübhə deyil, məhz əsaslı şübhənin olması müəyyən edilmişdir. Belə olan halda qeyd edilən şübhənin olması və əsaslılığı ilə bağlı sübutların toplanması da inzibati icraatın aparılması ilə əldə olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin ikinci hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Əsaslı şübhələr dedikdə şəxsin təqsirinin təsdiq edilməsində mühüm rol oynaya biləcək sübutların məzmunu, mənbəyi, işə aid olması ilə bağlı şübhələr, habelə müxtəlif sübutlar arasında olan elə ziddiyyət və anlaşılmazlıqlar başa düşülməlidir ki, onları heç bir prosessual vasitə ilə aradan qaldırmaq mümkün olmasın. Başqa sözlə "Əsaslı şübhə” müvafiq şəxsin hüquq pozuntusu törətməsinə obyektiv müşahidəçini inandıran faktların və ya məlumatların olmasını nəzərdə tutur. Şübhənin "əsaslı” hesab edilməsi bütün hallar nəzərə alınmaqla müəyyən edilməlidir. Məhkəmə icraatı zamanı İddiaçı izahatında qeyd etmişdir ki, ona ekspertlər sual verən zaman cavablandırdıqda gülmüşlər, 10 dəqiqə danışdıqdan sonra dərhal onu yola salmışlar. Üçüncü şəxs X5 izahatında qeyd etmişdir ki, iddiaçı ilə tanışlığı və münasibəti barədə suallar verildikdə həyacanlanmışdır, sadəcə verilən sualların birində iddiaçının yoldaşı Könülə “xanım” deyə qeyd etdiyi üçün ona təsir göstərilmişdir. Belə olan halda cavabdeh orqan tərəfindən təqdim edilmiş "Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası”nın xx.xx.2024-cü il tarixli 13 nömrəli protokoldan çıxarış üzrə verilmiş suallara-cavablar ilə hazırki məhkəmə iclasında verilmiş ifadə arasında ziddiyyət təşkil etdiyindən, həmçinin şübhənin əsaslılığını sübut edəcək əlavə sənədlər təqdim olunmadığından qeyd olunan hallar təkrar inzibati icraat aparılmaqla, əsasnamədə qeyd edilən əsaslı şübhələrin olmasına dair əlavə sübutlar əldə edilməklə müraciət yenidən araşdırılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının sosial şəbəkədə resipiyentin orqan alqısı ilə bağlı yazıları müəyyən olunması ilə bağlı verilmiş suala cavab olaraq iddiaçının “Facebook” sosial şəbəkəsindən istifadə etmədiyi, yazıdan xəbəri olmadığını bildirmiş və artıq 2023*cü ilin sentyabr ayından üçüncü şəxsin ona donor olması barədə razılığa gəldiyini bildirmişdir. Həmçinin məhkəmə tərəfindən cavabdeh orqanın “Facebook” sosial şəbəkəsi vasitəsilə məhz üçüncü şəxs X5 ilə iddiaçı arasında hər hansı ünsiyyət, yazışma və digər dəllilərin təqdim edilməməsi diqqətə çatdırılır. Belə olan halda qeyd olunan cavabdeh orqan tərəfindən təqdim edilmiş "Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası”nın xx.xx.2024-cü il tarixli 13 nömrəli protokoldan çıxarış ilə hazırki məhkəmə iclasında verilmiş ifadələr arasında ziddiyyət təşkil etdiyindən, həmçinin şübhənin əsaslılığını sübut edəcək əlavə sənədlər təqdim olunmadığından qeyd olunan hallar təkrar inzibati icraat aparılmaqla, əsasnamədə qeyd edilən əsaslı şübhələrin olmasına dair əlavə sübutlar əldə edilməklə müraciət yenidən araşdırılmalıdır. "İnzibati icraat haqqında” Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Göründüyü kimi, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası”nın xx.xx.2024-cü il tarixli 13 nömrəli qərarı ləğv edilməli, İddiaçı müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 32.1.Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 58.7.Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. İnzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb edilməsi haqlı sayıla bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Odur ki, hazırki iş üzrə iddiaçı tərəfindən cavabdeh orqana müraciət yenidən inzibati icraat qaydasında baxılmalı, "İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət edilməklə yeni qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası”nın xx.xx.2024-cü il tarixli 13 nömrəli qərarı ləğv edilsin. İddiaçı müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərar qətidir, qərardan apellyasiya şikayəti verilə bilməz.

Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar