Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № e-2-1(122)-957/2025 18.11.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X14 Heydər oğlunun sədrliyi, X15 oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə2, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ƏÇPA-nın xx.xx.2025-ci il tarixli, 3-13-34/Ə200/2025 nömrəli əmrinin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş buraxma dövrü üçün aylıq əmək haqqı məbləği cavabdeh tərəfindən ona ödənilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təsviri hissə: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, AR DİN-in X16 Alayının xx.xx.2025-ci il tarixli, 3-13-34/Ə200/2025 nömrəli əmri ilə “Azərbaycan Respublikasının Azərbaycan Respublikasının X8 xidmət keçmə haqqında” Əsasnamənin 135.9-cu bəndi ilə xidmətdən xaric edilmişdir. Əsaslandırılmış əmr və xidmətdən xaric olma barədə rəy təqdim edilmədiyi üçün o, DİO əməkdaşı adına ləkə gətirən hərəkətin nədə ifadə olunduğunu dəqiq bilmir. O, keçmiş həyat yoldaşının DİO-ya, prokurorluq və digər güc strukturlarına etdiyi müraciətlərə əsasən xidmətdən xaric edildiyi qənaətindədir. Belə ki, İddiaçı ilə X9 arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanmış, onların birgə nikahından övladı yoxdur. Tərəflər arasında bağlanmış nikaha 4 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Vazeh küçəsində yerləşən 4 saylı evin 45 saylı mənzili üzərində cavabdehin mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı X5 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin ½ hissəsinə onun, ½ hissəsinə X4 payının müəyyən edilməsini xahiş etmişdir. Tərəflərin birgə nikahda olduqları dövrdə ümumi gəlirləri, yəni birgə təsərrüfat hesabına Bakı şəhəri, Sabunçu rayonu, M.Ş.Vazeh küçəsində yerləşən 4 saylı binanın 45 saylı mənzili əldə olunmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008) 5142/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə cavabdeh X4 birgə nikah dövründə əldə etmiş olduğu cavabdeh X4 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Vazeh küçəsi, 4 nömrəli evin 45 nömrəli mənzilinin ½ hissəsinə İddiaçı pay hüququ tanınmışdır. X9 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1458/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Bu müddətdə X1 müxtəlif əsaslar gətirməklə, dəfələrlə şikayət etmiş, əgər iddia tələbini geri götürməsə, onun xidmətdən xaric edilməsi üçün Əfrana qarşı bütün addımları atacağını bildirmişdir. Halbuki iddiaçı bu müddətdə kollektiv arasında hörmət qazanmış, xidməti geyim formasının daşıma qaydalarına düzgün riayət etmiş, xidməti, döyüş və fiziki hazırlığı səviyyəsi yuxarı səviyyədə olmuş, rəhbərlik tərəfindən verilən tapşırıq və göstərişləri əsasən vaxtında yerinə yetirmişdir. Bundan əlavə, o, qüsursuz xidmətə görə 2019-cu ildə döş nişanı ilə təltif edilmişdir, barəsində heç bir zaman töhmət, məzəmmət və s. tədbirlər görülməmişdir. Xidməti xasiyyətnəməsi müsbət səciyyələndirilmişdir. O, 19 sentyabr 2023cü ildə, səhər saatlarında Qarabağda Azərbaycan Silahlı Qüvvələri və erməni silahlı birləşmələri arasında Azərbaycanın Müdafiə Nazirliyinin "Antiterror əməliyyatı" adı verdiyi silahlı toqquşmada Daxili İşlər Nazirliyinin əməkdaşı kimi 23 saat davam edən hərbi əməliyyatlarda iştirak etmişdir. Əmrdən əlavə, həm də o, X4 müraciətlərinin araşdırılmasının nəticəsinə dair Rəy ilə tanış olmamışdır. Qeyd olunanlara əsaslanaraq, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ƏÇPA-nın xx.xx.2025-ci il tarixli, 3- 13-34/Ə200/2025 nömrəli əmrinin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş buraxma dövrü üçün aylıq əmək haqqı məbləği cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X16 Alayı tərəfindən ona ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı tərəf məhkəməyə cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X16 Alayının əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X16 Alayı əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi məhkəməyə ünvanlanan 01 iyul 2025-ci il tarixli iddiaya qarşı yazılı münasibətini onunla əsaslandırmışdır ki, iddia əsassızdır və subyektiv mülahizələrə əsasən irəli sürülmüşdür. İddiaçının X8 xidmətdən xaric edilməsi “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun, “Azərbaycan Respublikasının X8 xidmət keçmə haqqında Əsasnamə”nin, “X13 X3 Kodeksi”nin, “İntizam Nizamnaməsi”nin və DİN-in digər normativ-hüquqi aktlarının tələblərinə uyğun şəkildə həyata keçirilmişdir. Belə ki, İddiaçı cəmiyyətdə qəbul olunmuş ailə-məişət dəyərlərinə riayət etməmiş, müxtəlif qadınlarla ümumi əxlaq normalarına zidd münasibətlər qurmuş, polis geyim formasında həmin qadınlarla internet üzərindən görüntülü danışarkən intim fotoşəkillərini çəkmiş, habelə qadınlarla görüşdüyü zaman pozğun və bayağı formada cinsi ehtirasını təmin edərkən fotoşəkillərini çəkərək özünə məlum olan səbəblərdən mobil telefonunda saxlamış, bu isə keçmiş həyat yoldaşı olan Könül Səfərovanın onları əldə etməsi ilə nəticələnmişdir. Bundan başqa İddiaçı 2017-ci ildə Könül Səfərova ilə rəsmi nikaha daxil olması və 2022-ci ildə nikahın pozulması ilə bağlı anket məlumatlarının yenilənməsinə təşəbbüs göstərməmiş, həmçinin aparılan xidməti yoxlama zamanı qeyrisəmimi mövqe nümayiş etdirərək verilən sualları tam və səmimi cavablandırmamışdır. Eyni zamanda, İddiaçı rəhbərlik tərəfindən xidmətdə mənfi xarakterizə olunmuşdur. Qeyd olunanlarla bağlı xidməti yoxlama aparılaraq “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu, “X13 X3 Kodeksi”nin 2.1, 9.1, 9.3, 9.6, 13.3 və 38.2-ci maddələrinin, “İntizam Nizamnaməsi”nin 3.2 və 3.9-cu bəndlərinin tələblərini pozaraq yuxarıda qeyd olunan hərəkətlərə yol verdiyinə, bu hərəkətləri ilə X13 əməkdaşı adına ləkə gətirdiyinə görə DİN-in X16 Alayının Xüsusi təyinatlı birinci taborunun 2-ci bölüyünün sabiq polis nəfəri, polis serjantı İddiaçı “Azərbaycan Respublikasının X8 xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən (X13 əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə) X8 xidmətdən xaric edilmişdir. Bu səbəbdən iddiaçının “əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma dövrü üçün aylıq əmək haqqı məbləğinin ödənilməsi” barədə iddia tələbləri əsassız hesab edilərək rədd edilməsi məhkəmədən xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 18 noyabr 2025-ci il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 və Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X6 iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Azərbaycan Resubikəsının Daxili İşlər Nazirliyinin X16 Alayının 3-13- 34/0(ş/h)134/2025 nömrəli xx.xx.2025-ci il tarixli əmrindən çıxarışın surətindən görünür ki, “Azərbaycan Respublikasının X8 xidmət keçmə haqqında Əsasnaməyə” müvafiq olaraq 135-ci maddənin 9-cu bəndi ilə (DİO əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə) Polis serjantı İddiaçı, Azərbaycan Respublikası DİN-in X16 Alayının Xüsusi təyinatlı birinci taborunun 2-ci bölüyünün polis nəfəri, istefada olan polis serjantı sayılmaqla "15" mart 2025-ci il tarixdən xidmətdən xaric edilib. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi X16 Alayının 09 avqust 2025-ci il tarixli №3-13-34/2-5482/2025 nömrəli məktubundan görünür ki, sabiq polis nəfəri İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2025-ci il tarixədək Daxili İşlər Nazirliyinin X16 Alayında polis nəfəri vəzifəsində xidmət etmiş və bu dövr ərzində xidmət rejiminə və iş qrafikinə riayət etmədiyinə görə barəsində 1 dəfə intizam tənbehi tətbiq edilmişdir. Ə.X12 Polis Alayının xx.xx.2025-ci il tarixli 3-13- 34/Ə(ş/h)134/2025 nömrəli əmrinə əsasən "Azərbaycan Respublikasının X8 xidmətkeçmə haqqında Əsasnamə” nin 135-ci maddəsinin 9-cu bəndi ilə (DİO əməkdaşı adına ləkə gətirən hərəkət törətdiyinə görə) X8 xidmətdən xaric olunmuşdur. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi X16 Alayının 17 oktyabr 2025-ci il tarixli №3-13-34/2-7308/25 npmrəli məktubundan görünür ki, Alayda aparılan araşdırma zamanı İddiaçı cəmiyyətdə qəbul olunmuş ailə-məişət dəyərlərinə riayət etmədiyi, müxtəlif qadınlarla ümumi əxlaq normalarına zidd münasibətlər qurduğu, polis geyim formasında həmin qadınlarla internet üzərindən görüntülü danışarkən intim fotoşəkillərini çəkdiyi, habelə qadınlarla görüşdüyü zaman pozğun və bayağı formada cinsi ehtirasını təmin edərkən fotoşəkillərini çəkərək özünə məlum olan səbəblərdən mobil telefonunda saxladığı sübuta yetirilmiş və İddiaçı həmin fotoşəkillərlə tanış olmuşdur. Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi X16 Alayının 19 iyul 2017-ci il tarixli №Ə254-033-17 nömrəli “Alayın Xüsusi təyinatlı 1-ci taborunun 2-ci bölüyünün polis nəfəri polis serjantı İddiaçı oğıunun intizam məsuliyyətinə cəlb edilməsi barədə” əmrin və xidməti xasiyyətnamənin surəti iş materiallarına əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun: 2-ci maddəsinə əsasən Polis haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 13-cü maddəsinin İ hissəsinə əsasən polis əməkdaşının ümumi vəzifələri aşağıdakılardır: 7) səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək. 33-cü maddəsinə əsasən: İ. Polis əməkdaşı aşağıdakı əsaslara görə intizam məsuliyyətinə cəlb edilir: 3) polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə. İİ. Polis əməkdaşına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: 7) xidmətdən xaric edilmə. 34-cü maddəsinə əsasən: İ. Polis əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: 9) polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; X13 X3 Kodeksinin: 2.1-ci maddəsinə əsasən əməkdaş fəaliyyəti dövründə polis andına sadiq olmalı, xidmət zamanı və xidmətdən kənar davranışını həmin anda və Kodeksə uyğun qurmalıdır. 9.1-ci maddəsinə əsasən əməkdaş X13nın və X8 xidmətin nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. 9.3-cü maddəsinə əsasən əməkdaş xidməti fəaliyyəti ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə X13nın nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. 9.6-cı maddəsinə əsasəən əməkdaş cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməli, ailəsinin, o cümlədən, uşaqlarının və valideynlərinin qayğısına qalmalı, nikahda sədaqətli olmalı, qadın-kişi münasibətlərində riyakarlığa və pozğunluğa yol verməməli, başqalarını da buna sövq etməməlidir. 38.2-ci maddəsinə əsasən əməkdaş ümumi qəbul edilmiş əxlaq normalarına, ictimai davranış və birgəyaşayış qaydalarına riayət etməlidir. 42.1-ci maddəsinə əsasən Kodeksin tələblərinin pozulması əməkdaşın intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Azərbaycan Respublikasının X8 Xidmətkeçmə haqqında“ Əsasnamənin: 135-ci maddəsinə əsasən X13nın əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: 9) X13 əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Məhkəmə hesab edir ki, iddiaçı iddia müddətini ötürməmişdir. Əks yanaşma “İnzibati icraat haqqında” Qanunların, eləcə də İnzibati Prosessual Məcəllənin tələblərinə zidd olar. İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı üç hissədən ibarət olmaqla, onun işdən azad edilməsi haqqında əmrin ləğv olunması, işə bərpa olunması və məcburi iş buraxma dövrü üçün aylıq əmək haqqı məbləğinin cavabdeh tərəfindən ona ödənilməsindən ibarətdir. İddia tələbi mahiyyət baxımından iddiaçının qulluq keçməsinə xitam verilməsi barədə 15 mart 2025-ci il tarixli əmrin mübahisələndirilməsi ilə bağlıdır və məqsəd baxımından həmin əmrin ləğvinə yönəlmişdir. Belə ki, “işə bərpa olunma və məcburi iş buraxma müddəti üçün ödənilməmiş aylıq əmək haqqı ödənilməsinə dair” tələblər üzrə mübahisənin həlli həmin əmrin ləğvinə bağlıdır və yalnız həmin əmrin qanunsuz sayılaraq ləğv edildiyi halda qeyd olunan tələblərə baxıla bilər. İddiaçı əmri mübahisələndirərkən iddiaçının hərəkətlərində polis əməkdaşının adına və nüfuzuna xələl gətirən hərəkətlərin yol verilməsi halının müəyyən edilməməsi və onun xidmətdən xaric edilməsinə dair qəbul edilmiş əmrin qanuna zidd olmasına əsaslanır. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçının X13 əməkdaşı adına ləkə gətirən hərəkətlərə yol verdiyinə görə X8 xidmətdən xaric edilməsi faktı iş üzrə materiallarla təsdiq olunur. Həmçinin qeyd edilməlidir ki, “Azərbaycan Respublikasının X8 Xidmətkeçmə haqqında“ Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndində X13nın əməkdaşının X13 əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilməsi öz əksini tapmışdır. İddiaçı cəmiyyətdə qəbul olunmuş ailə-məişət dəyərlərinə riayət etmədiyi, müxtəlif qadınlarla ümumi əxlaq normalarına zidd münasibətlər qurduğu, polis geyim formasında həmin qadınlarla internet üzərindən görüntülü danışarkən intim fotoşəkillərini çəkdiyi, habelə qadınlarla görüşdüyü zaman pozğun və bayağı formada cinsi ehtirasını təmin edərkən fotoşəkillərini çəkərək özünə məlum olan səbəblərdən mobil telefonunda saxlayaraq X13 əməkdaşı adına ləkə gətirən hərəkətlər etməsi faktları üzrə xidmətdən xaric edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən əmrin qəbul edilməsinə əsas olan hallar iddiaçının ümumi əxlaq normalarına zidd davranışlar sərgiləməsi, bəzi hallarda bu davranışların xidməti vəzifələrinin icrası zamanı davam etdirməsi ilə digər şəxslərlə qeyri etik əlaqələr yaradaraq X13 əməkdaşına yaraşmayan və xidmət etdiyi orqanın nüfuzunu aşağı salacaq nalayiq hərəkətlərə yol verməklə şəxsi heyətin yüksək nizamintizamına mənfi örnək olmasıdır. Beləliklə, istinad olunan qanunvericilik normaları hazırkı işə tətbiq edildikdə və işin faktiki halları nəzərə alındığında məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh tərəfindən diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmiş və inzibati orqan diskresion səlahiyyətlərindən istifadə edərək, mübahisələndirilən əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməklə, İddiaçı X8 Xidmətkeçmə haqqında“ Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən (DİO əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə) xidmətdən xaric edilməsinə dair əmr verməkdə haqlı olmuşdur. Odur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ƏÇPA-nın xx.xx.2025-ci il tarixli, 3-13- 34/Ə200/2025 nömrəli əmrinin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş buraxma dövrü üçün aylıq əmək haqqı məbləği cavabdeh tərəfindən ona ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ƏÇPA-nın xx.xx.2025-ci il tarixli, 3-13-34/Ə200/2025 nömrəli əmrinin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş buraxma dövrü üçün aylıq əmək haqqı məbləği cavabdeh tərəfindən ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən (elektron məhkəmə kabinetinə yerləşdirildikdən) 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №e-2-1(122)-957/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(122)-957/2025
18.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver