Məhkəmə qərarları › İş №e-2-1(3-6)-1387/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №e-2-1(3-6)-1387/2026

13.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(3-6)-1387/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “Bakı şəhəri Binəqədi Rayonu Binəqədi bələdiyyəsinin ##.##.2007-ci il tarixli, *** nömrəli qərarına əsasən X1 Binəqədi rayonu, 9-cu mkr, M.Cəlal küçəsi, *** saylı yaşayış binasının qarşısında istifadə etdiyi dəmir qarajın altındakı 14 kv.m torpaq sahəsinin icarə hüququ ilə iddiaçı İddiaçı mərhum atası X1 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), X2 və X8 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X7 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Bakı şəhəri Binəqədi Rayonu Binəqədi bələdiyyəsinin “Vətəndaş X1 istifadə etdiyi dəmir qarajın altındakı torpaq sahəsinin onun icarəsinə verilməsi haqqında” Qərarı ilə Binəqədi rayonu, 9-cu mkr, M.Cəlal küçəsi, *** saylı yaşayış binasının qarşısında istifadə etdiyi dəmir qarajın altındakı 14 kv.m bələdiyyəyə məxsus torpaq sahəsi əlavə edilmiş cizgi əsasında (hər kv.m üçün YAN ilə 1 man. ödəmək şərti ilə) X1 icarəsinə verilməsi qərara alınmışdır.

2. Binəqədi rayonu Binəqədi bələdiyyəsinin ərazisində olan mövcud qarajın əhatə etdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında *** nömrəli ## ####### 2007-ci il tarixli müqavilədən görünür ki, icarəyəverən (Binəqədi Rayon Binəqədi bələdiyyəsi” 9-cu mkr, *** saylı yaşayış binasının qarşısında mövcud (dəmir) qarajın altındakı 14 kv.m torpaq sahəsini icarəyə (X1) verir. Bu müqavilə ## ######## 2007-ci ildən ## ######## 2030-cu ilədək olan müddətə bağlanmışdır.

3. Bakı şəhəri, 9 mikrorayon, M.Cəlal küçəsində *** saylı yaşayış binasının qarşısında X1 istifadə etdiyi dəmir qarajın altındakı torpaq sahəsinin (14 kv.m) situasiya planı bələdiyyə tərəfindən təsdiq edilmişdir.

4. AZ-İ ****** nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X1 ##.##.2018-ci ildə ölmüşdür.

5. ## ###### 2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən görünür ki, X1 vərəsələri arvadı – X5 və İddiaçıdır- onlar hər biri miras əmlakdan ½ hissədə pay almalıdır.

6. Bakı şəhəri Binəqədi Rayon Binəqədi bələdiyyəsinin BRB/d-*** nömrəli ## #### 2025-ci il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, bələdiyyənin 2000-2010cu illərə aid sənədləri idarə daxili mühafizə müddəti bitdiyi üçün qanunvericilikdə nəzərdə tutulan qaydada Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verilmişdir.

7. ## ### 2025-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, torpaq sahəsinin üzərində metal konstruksiyadan quraşdırılmış qaraj tikilisi mövcuddur. Torpaq sahəsi sözügedən tikilinin tikinti altı sahəsindən ibarətdir.

a) Birinci instansiya məhkəməsində icraat.

8. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2007ci il tarixli, *** nömrəli qərarına əsasən X1 Binəqədi rayonu, 9-cu mkr, M.Cəlal küçəsi, *** saylı yaşayış binasının qarşısında istifadə etdiyi dəmir qarajın altındakı 14 kv.m torpaq sahəsinin icarə hüququ ilə iddiaçı İddiaçı mərhum atası X1 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı bildirir ki, Bakı şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2007-

9. ci il tarixli, *** nömrəli qərarına əsasən X1 Binəqədi rayonu, 9-cu mkr, M.Cəlal küçəsi, *** saylı yaşayış binasının qarşısında istifadə etdiyi dəmir qarajın altındakı 14 kv.m bələdiyyəyə məxsus torpaq sahəsi əlavə edilmiş cizgi əsasında (hər kv.m üçün YAN ilə 1 manat ödəmək şərti ilə) icarəyə verilmişdir. Qarajın əhatə etdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında Ataxan Nəcəfovla ##.##.2007-ci il tarixli, *** saylı müqavilə bağlanmışdır. Həmin tarixdən də qaraj iddiaçının faktiki istifadəsindədir. X1 ##.##.2018-ci ildə vəfat etmişdir. Mərhum X1 iddiaçının atasıdır. ##.##.2019-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən də göründüyü kimi iddiaçı və anası mərhumun qanun üzrə vərəsələri təyin edilmişdir. İddiaçı tərəfindən hüquq sahibi X1 miras qalmış icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edilmişdir. Lakin müraciətə qanunla nəzərdə tutulmuş müddətdə cavab verilməmişdir.

10. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı ünvan 1 qarşısında olan dəmir qarajının altında yerləşən torğaq sahəsnin üzərində hüquqlarının qeydiyyataalınmasına dair ##.##.2024-cü il tarixli ərizə ilə müraciət etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı İddiaçı hazırki iddia tələbi ilə bağlı subyektiv hüquqa malik deyildir. Belə ki, təqdim edilmiş ##.##.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzilə aiddir. İddia ərizəsinin predmentini təşkil edilən daşınmaz əmlakla bağlı təqdim edilmiş sənədlərdə adı qeyd olunmuş X1 ilə iddiaçı arasında əlaqələndirici sənəd təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin üzərindəki qaraj metal konstruksiyadan quraşdırılmışdır.

11. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayonu Binəqədi bələdiyyəsinin ##.##.2007-ci il tarixli, *** nömrəli qərarına əsasən X1 Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi, *** saylı yaşayış binasının qarşısında istifadə etdiyi dəmir qarajın altındakı 14 kv.m torpaq sahəsinin iddiaçı İddiaçı mərhum atası X1 icarə hüququ ilə məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə həvalə olunması barədə qərar qəbul edilmişdir.

12. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayətində iddiaya dair etirazda qeyd olunan hallar əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

15. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etdiyini, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

17. Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.8-ci maddəsinə əsasən Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 22.2.. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

18. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə1. Torpaq icarəsi anlayışı Torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Maddə 6. İcarəyə verilən bələdiyyə torpaqları Bələdiyyə mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər: ehtiyat fondu torpaqları; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar. Ümumi istifadədə olan torpaqların icarəyə verilməsi bələdiyyə torpaqları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. Maddə 15. Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ...... İcarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada, onun hüquqi varislərinə keçir.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 719.1. Torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. 719.6. İcarəçi öldükdə onun vərəsələri, habelə icarəyə verən müqavilənin ləğvinə dair bildirişi təqvim ili rübünün sonu üçün qüvvəyə minməklə altı ay əvvəldən vermək hüququna malikdirlər. Yalnız o halda vərəsələr müqavilənin icarəyə verən tərəfindən ləğv olunması barədə şikayət verə bilər və müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsini tələb edə bilərlər ki, onların və ya digər miras şəriklərinin və ya bunu tapşırdıqları hər hansı üçüncü şəxsin əşyadan onun təsərrüfat təyinatına uyğun lazımi istifadəni təmin etdikləri ehtimal olunsun. Əgər vərəsələr icarə müddətinin qurtarmasına azı üç ay qalmış şikayət verməzlərsə və icarəyə götürülmüş əşyadan onun təsərrüfat təyinatına uyğun lazımi istifadə olunacağını ehtimal etməyə imkan verən hallar barəsində məlumat verməzlərsə, icarəyə verən müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsindən imtina edə bilər. Razılıq əldə edilməzsə, qərarı vəsatət əsasında məhkəmə qəbul edir

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

21. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-ci maddələrinə əsasən)

24. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 16-20-ci bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalıdır.

25. Belə ki, iddiaçı Bakı şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, *** nömrəli qərarına əsasən X1 Binəqədi rayonu, 9-cu mkr, M.Cəlal küçəsi, *** saylı yaşayış binasının qarşısında istifadə etdiyi dəmir qarajın altındakı 14 kv.m torpaq sahəsinin icarə hüququ ilə iddiaçı İddiaçı mərhum atası X1 məxsus olması barədə arayışın verilməsini tələb edir.

26. Cavabdeh orqan isə təqdim edilmiş ##.##.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzilə dair olduğunu, idarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış keçirilən zamanı torpaq sahəsinin üzərindəki qarajın metal konstruksiyadan quraşdırıldığını bilidərərək, imtina cavabı vermişdir.

27. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, *** nömrəli qərarına əsasən X1 Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi, *** saylı yaşayış binasının qarşısında istifadə etdiyi dəmir qarajın altındakı 14 kv.m bələdiyyəyə məxsus torpaq sahəsi icarəyə verilmişdir. Qarajın əhatə etdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında Ataxan Nəcəfovla ##.##.2007-ci il tarixli, *** saylı müqavilə bağlanmışdır. Həmin tarixdən də qaraj iddiaçının faktiki istifadəsindədir. X1 ##.##.2018-ci ildə vəfat etmiş və ##.##.2019-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən də göründüyü kimi iddiaçı və anası mərhumun qanun üzrə vərəsələri təyin edilmişdir. Göründüyü kimi torpaq sahəsi icarəyə bələdiyyənin aktı ilə verilmişdir. İnzibati orqan olan Bakı şəhəri Binəqədi Rayonu Binəqədi bələdiyyəsinin sözügedən inzibati aktı hal-hazırda da qüvvədədir.

28. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin son abzasındanda göründüyü kimi icarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada, onun hüquqi varislərinə keçir.

29. Eyni zamanda mülki qanunvericiliyə əsasən (Azərbaycan Respublikası Mülki Məcəllə 719.6) icarəçi öldükdə müqavilə üzrə icarə münasibətləri o halda davam etdirilə bilər ki, onların və ya digər miras şəriklərinin həmin əşyadan onun təsərrüfat təyinatına uyğun lazımi istifadəni təmin etdikləri ehtimal olunsun. Bundan başqa o da nəzərə alınmalıdır ki, qeyd olunan Məcəllənin 719.6-cı maddəsində vərəsələr icarə müddətinin qurtarmasına azı üç ay qalmış şikayət vermədikləri təqdirdə icarəyə verən tərəfindən müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsindən imtina edə bilməsi də öz əksini tapmışdır. Qeyd olunan normanın təhlilindən belə qənaətə gəlmək olar ki, torpaq icarə müqaviləsi üçün icarəçinin ölməsi həmin müqavilənin ləğvinə səbəb ola bilməz.

30. Qeyd olunan Məcəllənin 719.6-cı maddəsinin birinci cümləsinə əsasən icarəçinin ölməsindən sonra onun vərəsələrinin müqavilənin ləğvinə dair bildirişin 6 (altı) ay əvvəl vermək hüquqlarının olması bir daha ona dəlalət edir ki, torpaq icarəsi müqaviləsi üzrə icarəçinin ölməsi icarə müqaviləsinin ləğvinə əsas deyil.

31. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində olan müddəa isə (torpaq icarəsi üzrə olan icarə hüquqlarının vərəsəlik hüququ üzrə varislərə keçməsi) ona dəlalət edir ki, icarəçinin ailə üzvlərinin Mülki Məcəllənin 719.6-cı maddəsində göstərilən torpaq icarəsi müqaviləsinin müddətinin uzadılması və ya ləğv edilməsi ilə bağlı subyektiv hüquqları yalnız torpaq icarəsi müqaviləsi üzrə hüquqların vərəsəlik qaydasında vərəsələrə keçməsindən sonra yaranır. Başqa sözlə desək, torpaq icarəsi müqaviləsi üzrə yaranmış hüquqların mərhuma məxsus olması ilə bağlı daşınmaz əmlakın dövlət reyesterində müvafiq qeydiyyatın aparılmaması torpaq icarəsi müqaviləsi üzrə icarə hüququnun vərəsəlik qaydasında rəsmiləşdirilməsini, o cümlədən Binəqədi bələdiyyəsi ilə mərhum Ataxan Nəcəfovun vərəsələri arasında həmin icarə müqaviləsinin müddətinin 2030-cu ilə qədər uzadılmasını mümkünsüz edir.

32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.

33. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

34. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar