Məhkəmə qərarları › İş №e-2-1(3-6)-1561/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №e-2-1(3-6)-1561/2026

09.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(3-6)-1561/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X5 və X9 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (hazırkı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxsi) qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin e- *-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun II qrup əlilliyinin ləğv edilməsi barədə cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və ## #### 2024-cü il tarixdən əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçının nümayəndəsi ##.##.2025-ci il tarixdə "Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X12 sosial ekspert komissiyasının ##.##.2025-ci il tarixli, *-**-*/*-*-****/**** saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəqiqləşdirilməsi qəbul edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi ##.##.2026-cı il tarixdə yenidən “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X12 Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli, *-**-*/*-*-****/**** saylı qərarının ##.##.2025-ci il tarixdən “Diaqnoz əlillik əlaməti təyin etmir” hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəqiqləşdirilməsi qəbul edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ## #### 1969-cu ildə anadan olmuş, X8 yeraltı təmiri üzrə usta işlədiyi dövrdə, yəni ## ####### 1998-ci ildə işdə olan zaman ayağı iş meydançasında olan dərəyə düşmüş və arxası ustə yıxılaraq belindən zədə almışdır. Aldığı zədə ilə əlaqədar uzun müddət müalicə alsa da, sağala bilməmiş, belindən aldığı xəsarət səbəbindən əmək qabiliyyətinin 80 faizini itirmiş, bununla əlaqədar iddiaçıya “posttravmatik bel omba radikuliti daimi ağrı sindromu” diaqnozu ilə II qrup əlillik verilmişdir. Bundan sonra iddiaçı mütəmadi müalicələr almış, ona verilən əlilliklə əlaqədar hər il müayinələrdən keçmiş və hər dəfə aldığı zədənin yaxşılaşmaması səbəbindən əlilliyinin müddəti növbəti dəfəyə uzadılmışdır. Sonuncu dəfə isə ## #### 2008- ci ildə Azərbaycan Respublkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin * saylı Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən təkrar müayinə edilmiş və Komissiyanın SER TSE-01 seriyalı, ****** nömrəli arayışı ilə iddiaçıya müddətsiz II qrup əlillik verilmişdir. 2024-cü ilin iyun ayınadək iddiaçı II qrup əlil kimi əlilliyə görə pensiya almış, müəyyən vaxtlarda müalicələr alsa da sağala bilməmişdir. Əksinə illər keçdikcə ağrıları daha da artmış, bel ağrısından nəinki işləməkdən, həmçinin normal həyat şəraitindən belə məhrum olmuşdur. Lakin cavabdeh 2024-cü ilin iyun ayında əlilliyi ləğv etmiş, iddiaçını heç bir əyani müayinəyə cəlb etməmiş, onu müayinə etmədən müddətsiz olaraq təyin edilmiş əlilliyi ləğv etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı əlillik vəziyyəti Tibbi sosial ekspert komissiyası tərəfindən əyani müayinə əsasında ##.##.2008-ci il tarixində qiymətləndirilmiş və ona “Postravmatik bel oma radikuliti, daimi ağrı sindromu ilə. Xroniki qastrit.” diaqnozu ilə Istehsalat zədəsi səbəbindən müddətsiz ikinci dərəcə əlillik və əmək qabiliyyətinin 80% (səksən faiz) itirilməsi təyin edilmişdir. Əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədi ilə əlavə müayinələrin aparılması üçün vətəndaş ##.##.2024-cü il tarixində əyani müayinəyə dəvət edilmiş, lakin vətəndaş müayinədə iştirak etməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, əlillik təyinatı aparılan ##.##.2008-ci il tarixindən “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı ilə (hakim S.Qənbərova) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X12 Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli, *-**-*/*-*-****/**** saylı qərarı “iddiaçı İddiaçı barəsində ##.##.2025-ci il tarixdən “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilsin” hissəsində ləğv edilmişdir. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçının təqdim etdiyi sənədlər və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin ekspertlərinin rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X12- Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirilmişdir ki, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları instrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Buna baxmayaraq heç bir instrumental müayinə əsasında verilmədiyi və tamamilə subyektiv yanaşmanı əks etdirən rəyi məhkəmə əsas götürmüşdür. Birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkim rəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmiş, göndərişdə qeyd olunan reabilitasiya potensiallı xəstəlik əlillik səviyyəsində öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M54 - Dorsalgiya => M54.1 – Radikulopatiya. ” qeyd edilmişdir. Diaqnozun mətni:Postravmatik bel oma radikuliti daimi ağrı sindromu ilə. Xroniki qastrit. Xroniki qastrit. Xroniki qastrit. Bu patalogiyaların heç biri iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə-35 faiz OFP müəyyən edilməmişdir. Buna baxmayaraq eyni klinik instrumental müayinə nəticələri əsasında Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi əlavə müayinə həyata keçirmədən rəy vermişdir. Məhkəmə iki ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə sadəcə ekspert rəyinə əsaslanaraq Agentliyin (TSEK-in) hüquqlarını pozmuşdur. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Nümayəndə əlavə olaraq izahatında 2008-ci il tarixli inzibati aktın qanuni inzibati akt olduğunu, yenidən monitorinqin aparılması nəticəsində şəxsin əlilliyinin 2024-cü ildə yenidən qiymətləndirilməklə “diaqnozun əlillik təyin etməyə əsas verməməsi” səbəbilə şəxsin əlilliyinin ləğv edildiyini, 2024-cü ildə qəbul edilən qərarla “diaqnoz təsdiqini tapmadı” deyə qeyd edilməklə əlilliyinin dayandırıldığını, lakin 2025-ci ildə qəbul edilən qərarla 2024-cü il tarixli qərarın ləğv edildiyini və “diaqnoz əlillik təyininə əsas vermir” qeyd edilməklə şəxsin 2008-ci ildən 2024-cü ilədək olan əlilliyi qüvvədə saxlanıldığını, 2024-cü ildən sonrakı dövrdə olan əlilliyinin dayandırıldığını bildirdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. Inzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Inzibati iş materiallarından görünür ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X12-sosial ekspert komissiyasının *-**-*/*-*- ****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı ilə əlillik təyinatı aparılan ##.##.2008-ci il tarixindən “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Dövlət Tibbi- Sosial Ekspertiza və X11 Heyətinin *-**-*/*-*-****/**** nömrəli ##.##.2024-cü il tarixli qərarı ilə mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən İddiaçı barəsində qüvvədə olan qərar ləğv edilmiş və “diaqnozun təsdiqini tapmaması”na dair qərar qəbul edilmişdir. Həmin qərarda hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmamışdır. Hazırkı iş üzrə cavabdeh tərəfindən belə bir aktın, həmçinin hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti barədə məlumatın iddiaçıya təqdim edilməsi aydın görünmür. Inzibati orqan da imtina qərarının iddiaçıya təqdim edilməsinə dair sübutlar təqdim etməmişdir. Bununla belə iddiaçının hazırkı iddia ərizəsi ##.##.2024-cü il tarixdə məhkəmə dəftərxanasına daxil olmuşdur. Sonradan məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə əyani müayinəyə cəlb etməklə iddiaçı İddiaçı əlilliyinin bərpa edilməsi barədə müraciətinə yenidən baxılması (zərurət olduqda klinik və instrumental müayinə də edilməklə) üçün cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 30 gün müddət təyin edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X12-sosial ekspert komissiyasının *-**-*/*-*- ****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərara əsasən təyin edilmiş “Diaqnozun təsdiqini tapmaması” qərarı ləğv edilmiş, ##.##.2008-ci il tarixli istehsalat zədəsi səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı və əmək qabiliyyətinin 80 % itirilməsi barədə qərar bərpa edilmiş, ##.##.2025-ci il tarixindən “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iddia tələbinin irəli sürülməsinə dair müddət ötürülməmişdir. Iddiaçı subyektiv hüquqa malikdir, cavabdeh cavabdehlik daşıyan orqandır. Iddia mümkün olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Inzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.6. Inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21. Inzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qaya nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. ... Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Iş materiallarında olan: - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi * saylı Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 ****** nömrəli arayışdan görünür ki, 1969cu il təvəllüdlü İddiaçı əmək zədəsi səbəbi ilə müddətsiz ikinci qrup əlillik təyin edilmişdir. - Dövlət Tibbi-Sosial Ekspertiza və X12-sosial ekspert komissiyasının *-**-*/*-*- ****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarından görünür ki, iddiaçı İddiaçı əlillik vəziyyəti Tibbi sosial ekspert komissiyası tərəfindən əyani müayinə əsasında ##.##.2008-ci il tarixində qiymətləndirilmiş və ona “Postravmatik bel oma radikuliti, daimi ağrı sindromu ilə. Xroniki qastrit.” diaqnozu ilə Istehsalat zədəsi səbəbindən müddətsiz ikinci dərəcə əlillik və əmək qabliyyətinin 80% (səksən faiz) itirilməsi təyin edilmişdir. Əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədi ilə əlavə müayinələrin aparılması üçün vətəndaş ##.##.2024-cü il tarixində əyani müayinəyə dəvət edilmiş, lakin vətəndaş müayinədə iştirak etməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, əlillik təyinatı aparılan ##.##.2008-ci il tarixindən “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. - Dövlət Tibbi-Sosial Ekspertiza və X11 Heyətinin *-**-*/*-*-****/**** nömrəli ##.##.2024-cü il tarixli qərarından görünür ki, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən İddiaçı barəsində qüvvədə olan qərar ləğv edilmiş və “diaqnozun təsdiqini tapmaması”na dair qərar qəbul edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Bakı Inzibati Məhkəməsinə ünvanlanan *-**-*/*-****/**** nömrəli ##.##.2025-ci il tarixli məktubla bildirilmişdir ki, məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə ##.##.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X12-sosial ekspert komissiyasının *-**-*/*-*- ****/**** saylı ##.##.2025-ci il tarixli qərarında göstərilmişdir ki: “Bakı şəhər sakini ##.##.1969-cu il təvəllüdlü İddiaçı (FIN:*******) əlillik təyinatının dayandırılması səbəbindən narazı olan şəxs məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçı İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı İddiaçı əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən məlum olmuşdur ki, İddiaçı dair əmək qabiliyyəti "Yüngül işlərdə işləyə bilər” və diaqnoz “Postravmatik bel oma radikuliti daimi ağrı sindromu ilə. Xroniki qastrit. ” olmaqla, ##.##.2008-ci il tarixindən müddətsiz istehsalat zədəsi səbəbindən ikinci dərəcə "təkrar” əlillik təyinatı aparılmış, əmək qabiliyyətinin 80% (səksən faiz) itirilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) Aparatının Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın (bundan sonra - Qayda) 3.7-ci bəndinin və "Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21 -ci maddəsinə əsasən İddiaçı dair ##.##.2024-cü il tarixə əyani müayinəyə çağırılması haqqında ünvanına sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Lakin, vətəndaş əyani müayinədə iştirak etmədiyindən, Idarə Heyətinin *-**-*/*-*-****/**** nömrəli qərarı ilə qüvvədə olan əlillik təyinatı ləğv edilmiş, ##.##.2008-ci il tarixindən "Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, ##.##.2025-ci il tarixində məhkəmə qərardadı əsasında, DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır. ##.##.2025-ci il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri daimi bel ağrılarından, ümumi halsızlıq və əzglikdən olmuş, ##.##.1998-ci il tarixində iş yerində əmək funksiyasını yerinə yetirərkən, baş vermiş bədbəxt hadisə nəticəsində bel nahiyəsindən xəsarət aldığını bildirmiş və bununla bağlı ##.##.1999-cu il tarixində tərtib edilmiş, ##.##.1998-ci il tarixində saat 10:00 radələrində bədbəxt hadisənin baş verməsi barədə "Neft Daşları” X1 Idarəsi tərəfindən təqdim edilmiş, "Istehsalatda baş vermiş bədbəxt hadisə” haqqında akt təqdim etmişdir. Təqdim edilmiş sənədlər arasında, Ə.D.Məlikov adına X7 ##.##.2024-##.##.2024cü il tarixli epikrizinə əsasən diaqnoz "Diskogen bel-oma radikulopatiyası. Yerişin pozulması. Hipesteziya. Başlanğıc katarakta. Artifakiya. Idiopatik podaqra.” kimi qeyd edilmiş, "X2”da ##.##.2024, ##.##.2024-cü il tarixlərində aparılmış MRT müayinələrinin nəticələrinə əsasən əlillik təyinatına əsas verən patoloji dəyişikliklərin müşahidə edilmədiyi məlum olmuşdur. Obyektiv müayinə zamanı, dəri və görünən selikli qişaların rəngi adi, bədən kütlə defisiti - 30.8 (otuz tam onda səkkiz), normostenik tip bədən quruluşuna malik olmuş, həkimnevroloq müayinəsinin nəticəsinə əsasən kəllə-beyin sinirləri patologiyasız, sümüküstü və vətər refleksləri D=S, canlı olmuş, patoloji reflekslər, ətraflarda parez qeyd edilməmiş, əzələ tonusu normal izlənilmiş, "Burun-barmaq” sınağını düzgün icra etmiş, "Romberq” vəziyyətində dayanıqlı, yerişi sərbəst, hərəkətləri tam həcmdə, bel nahiyəsində paravertebral nöqtələr ağrılı, dartılma simptomu müsbət izlənilmiş, əlillik təyinatına əsas verən nevroloji defisit, bədən kütlə defisiti və heç bir patofunksional pozuntu müşahidə edilməmişdir. ##.##.2025-ci il tarixində DTSERA-da vətəndaşa aparılmış qanın ümumi analizində "Hemoqlobin” miqdarı 14.4 (on dörd tam onda dörd) q/dl, EÇS miqdarı 5 (beş) mm/s müəyyən edilmiş, xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları (nevroloji defisit, anemiva, bədən kütlə defisiti, patofunksional pozuntular) aparılmış müayinələr nəticəsində təsdiqini tapmamışdır. Beləliklə, anamnestik məlumatlar, təqdim edilmiş sənədlər və əyani müayinə nəticələrinə əsasən Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərara əsasən təyin edilmiş "Diaqnozun təsdiqini tapmaması" qərarı ləğv edilsin, ##.##.2008-ci il tarixli istehsalat zədəsi səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı və əmək qabiliyyətinin 80% (səksən faiz) itirilməsi barədə qərar bərpa edilsin, ##.##.2025-ci il tarixindən "Diaqnoz əlillik əlaməti təyin etmir" barədə qərar qəbul edilmişdir”. Işin faktiki hallarından və əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı hazırda barəsində sonuncu qəbul edilmiş qərarla razılaşmayaraq, onun qismən, ##.##.2025-ci il tarixindən "Diaqnoz əlillik əlaməti təyin etmir" hissəsində ləğv edilməsini xahiş edir. Göründüyü kimi cavabdehin imtinasının əsası ondan ibarət olmuşdur ki, iddiaçıda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən əlilliyin təyininə əsas vermir. Işin araşdırılmış hallarından aydın olur ki, iddiaçıya ##.##.2008-ci il tarixli qərarla müddətsiz ikinci dərəcə əlillik təyin edilmiş, cavabdeh həmin əlilliyi ##.##.2024-cü il tarixli qərarla ##.##.2008-ci ildən, ##.##.2025-ci il tarixli qərarla isə həmin tarixdən ləğv etmişdir. Lakin işdə iddiaçıya müddətsiz əlillik təyin edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud deyil. Cavabdeh tərəfindən nə birinci instansiya, nə də apellyasiya icraatı zamanı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən iddiaçıya müddətsiz əlillik təyin edilməsi ilə bağlı inzibati aktın şübhə altına alınması, yeni inzibati icraat başlamaqla iddiaçının əyani müayinəyə cəlb edilməsinin qanunsuz olması, hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinə zidd olması barədə gəldiyi qənaətdə haqlı olmuşdur. Məhkəmə kollegiyası bununla belə diqqətə çatdırır ki, birinci instansiya məhkəməsinin qərarın əsaslandırma hissəsində cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində əlilliyin təyin edilməsi barədə inzibati akta qanunsuz əlverişli inzibati akt kimi yanaşmasını qəbul etmir. Belə ki, apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsinin verdiyi izahatdan, həmçinin mübahisələndirilən sonuncu ##.##.2025-ci il tarixli inzibati aktın məzmunundan da aydın olur ki, cavabdeh inzibati orqan tərəfindən şəxsə ##.##.2008-ci il tarixdə əmək zədəsi səbəbindən 2-ci qrup əlillik təyinatı verilərkən o zaman mövcud qanunvericiliyin tələblərinə riayət edilmiş, yəni həmin dövrdə qüvvədə olan Qaydalara əsasən şəxsə əlillik təyinatı verilmişdir. Lakin hazırki vaxtda isə iddiaçıda olan diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən əlilliyin təyininə əsas vermir. Belə başa düşülür ki, inzibati orqan 2008-ci ildə əlillik təyinatını apararkən mövcud Qaydalara uyğun olaraq əlillik təyin etsə də, hazırda şəxsdə olan eyni xəstəliklər qüvvədə olan Meyarlara uyğun deyildir. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, inzibati hüquqda inzibati aktın hüquqi nəticələri yalnız onun məzmunundan deyil, həm də qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilib-edilməməsindən asılıdır. Bu baxımdan qanuni əlverişli inzibati akt ilə qanunsuz əlverişli inzibati akt arasında mühüm hüquqi fərqlər mövcuddur. Qanuni əlverişli inzibati akt inzibati orqan tərəfindən səlahiyyət, forma, prosedur və məzmun baxımından qanunvericiliyin tələblərinə riayət edilməklə qəbul edilən və fiziki və ya hüquqi şəxsin hüquqi vəziyyətini yaxşılaşdıran inzibati aktdır. Qanunsuz əlverişli inzibati akt isə şəxsin hüquqi vəziyyətini yaxşılaşdırmasına baxmayaraq, qəbul edildiyi zaman qanunvericiliyin maddi və ya prosessual tələblərindən birinin pozulması ilə qəbul edilmiş aktdır. Belə aktın əlverişli xarakter daşıması onun qanunsuzluğunu aradan qaldırmır. Lakin hüquqi nəticələrinin aradan qaldırılması məsələsində şəxsin həmin akta əsaslanaraq əldə etdiyi hüquqi vəziyyət, etimadın qorunması və qanunla müəyyən edilmiş digər tələblər nəzərə alına bilər. Iki akt arasındakı əsas fərq onların qanuniliyindədir. Qanuni əlverişli inzibati akt hüquq qaydasına uyğun olaraq hüquqi nəticə yaradır və onun qüvvədə qalması üçün qanunsuzluğun aradan qaldırılması məsələsi meydana çıxmır. Qanunsuz əlverişli inzibati akt isə hüquqi qüsura malik olduğundan onun dəyişdirilməsi, ləğv edilməsi və ya geri alınması məsələsi inzibati hüququn müvafiq qaydaları əsasında həll olunur. Nəticə etibarilə, qanuni və qanunsuz əlverişli inzibati aktların ortaq cəhəti hər ikisinin şəxs üçün əlverişli hüquqi nəticə yaratmasıdır. Onları fərqləndirən əsas meyar isə aktın qəbul edilərkən qanunvericiliyin tələblərinə uyğun olubolmamasıdır. Göründüyü kimi, şəxsə ##.##.2008-ci il tarixdə əmək zədəsi səbəbindən müddətsiz 2-ci qrup əlillik verilərkən o zamankı mövcud qanunvericiliyin tələbləri pozulmamışdır. Belə olan halda, inzibati orqan qəbul edilən zaman qanuni əlverişli olmuş inzibati aktın ləğvi ilə bağlı inzibati icraatı düzgün aparmalı idi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli (***) qərarında aşağıdakı hüquqi mövqe sərgilənmişdir: “müddətsiz əllilik təyinatı ilə bağlı qərarın mahiyyətinə dair

31. Müddətsiz əlilliyin müəyyən olunmasının məqsədi dövlət tərəfindən şəxsin sağlamlığında sabit və geridönməz pozuntuların olduğunun və həmin pozuntularda əhəmiyyətli yaxşılaşmanın obyektiv səbəblərdən mümkün olmadığının qəbul edilməsidir. Başqa sözlə, qanunverici müddətsiz əllilik müəyyən edilmiş şəxslərə münasibətdə onların reabilitasiya imkanlarının tükəndiyini qəbul edir, buna görə də, onların təkrar müayinəyə cəlb edilməsi zərurəti aradan qalxmış olur.

32. Belə yanaşma, bir tərəfdən, şəxsin sağlamlığında əhəmiyyətli yaxşılaşmaların artıq istisna edildiyi hallarda onun mütəmadi təkrar müayinələrdən keçirilməsi ilə bağlı dövlət orqanlarını əlavə yükdən azad edir və dövlət resurslarına qənaət olunmasına xidmət edir. Digər tərəfdən isə, müddətsiz əlilliyi müəyyən olunmuş şəxs sabit və davamlı sosial dəstək təminatı əldə edir və yenidən müayinədən keçmədən, sosial dəstək təminatlarını itirmək qorxusunu yaşamadan öz həyatını planlaşdırmaq imkanı qazanır. Beləliklə, əlilliyin müddətsiz müəyyən olunması ilə həm dövlət orqanlarının və şəxsin əlavə inzibati yükdən azad olunmasına nail olunur, xüsusən dövlət reabilitasiyası artıq mümkün olmayan həmin şəxslərin təkrar müayinəsi ilə bağlı əlavə resurs sərfindən azad edilir, həm də müvafiq sahədəki dövlət idarəçiliyinin səmərəliliyi və proqnozlaşdırıla bilən olması, eləcə də şəxslərin hüquqi statuslarının sabitliyi və müəyyənliyi təmin edilir. müddətsiz əllilik təyinatı ilə bağlı qərarın sonradan ləğv edilməsinin mümkünlüyü

33. Bununla əlaqədar ilk növbədə fərqləndirilməli olan məsələ inzibati orqanın istinad etdiyi halla bağlıdır. Başqa sözlə, diqqət yetirilməli məqam ondan ibarətdir ki, inzibati orqan müddətsiz əlillik təyinatı ilə bağlı özünün əvvəlki qərarını qanunsuz, yoxsa qanuni əlverişli inzibati akt kimi ləğv etmişdir. qanuni əlverişli inzibati aktın ləğvi

39. Bu halda, inzibati orqan özünün müddətsiz əlliliklə bağlı əvvəlki qərarının qanuniliyi qəbul edir, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə qərarın ləğv edilməli olduğunu bildirir. Məsələn, şəxsin artıq tam reabilitasiya olunması qənaətinə gəlməklə müddətsiz müəyyən edilmiş əlliliklə bağlı əvvəlki qərarı ləğv edir. Bu zaman, inzibati orqan əlillik təyinatına dair özünün əvvəlki qərarının qanuni olduğunu qəbul etmiş, lakin şəxsin artıq sonradan tam reabilitasiya olunduğu nəticəsinə gəlmişdir.

40. Bu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndi deyil, “Inzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır.

41. Çünki, “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndi əlillik təyininə dair əvvəlki qərarın qanunsuz olduğunun güman edildiyi halların nizamlanmasına yönəlib. Bu elə bir vəziyyətdir ki, inzibati orqan sonradan əldə edilmiş sübutlara istinadla özünün əvvəlki qərarının qanunsuz inzibati akt olduğu qənaətinə gəlir. Hazırkı halda isə inzibati orqan əvvəlki qərarın qanuniliyini qəbul edir, aktın qəbulundan sonra yaranmış faktiki vəziyyətə (şəxsin tam reabilitasiya olunduğuna) istinadla onun ləğv edilməli olduğunu hesab edir. Ona görə də, mübahisəyə qanuni inzibati aktın ləğvinə dair “Inzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş normalar tətbiq edilməlidir.

42. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, inzibati orqan əlilliyin müəyyən edilməsinə dair əvvəlki qərarın qəbulundan sonra yaranmış hallara istinad etdiyi halda da, həmin hallar konkret şəxslə bağlı olmalı, eləcə də istinad olunan halın mövcudluğu uyğun, yetərli və mötəbər qaydada sübut olunmalıdır.

43. “Inzibati icraat haqqında” Qanunun 68.2-ci maddəsi qanuni əlverişli inzibati aktın ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutmaqla yanaşı, bunun üçün həm də məhdud əsaslar dairəsi müəyyən etmişdir. Buna görə, yalnız Qanunda sadalanmış həmin məhdud əsasların birinin və ya bir neçəsinin mövcudluğunda qanuni əlverişli inzibati aktın ləğv edilə bilər. Qanunun 68.4-cü maddəsinə görə qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Beləliklə, inzibati orqan Qanunun 68.2-ci maddəsində sadalanmış əsasların mövcudluğunda həmin əsaslar ona məlum olduğu gündən 1 il müddətində özünün əvvəlki qanuni əlverişli inzibati aktını ləğv edə bilər.” Beləliklə, cavabdeh inzibati orqanın iddiaçının barəsində qəbul etdiyi qanuni əlverişli inzibati aktın qəbul edilməsindən 18 il keçdikdən sonra əlilliyin təyin edilməsi barədə qərarı ləğv etməsi “Inzibati icraat haqqında” Qanunun 68.4-cü maddəsinin tələbləri ilə də ziddiyyət təşkil etmişdir. Məhkəmə araşdırmaları zamanı cavabdeh inzbati orqan qanuni inzibati aktın ləğv olunmasını şərtləndirən halların nədən ibarət olması, hansı tarixdən orqana məlum olması barədə sübut da təqdim edə bilməmişdir. Bununla belə kollegiya diqqətə çatdırır ki, mahiyyət üzrə də birinci instansiya məhkəməsi ətraflı araşdırma apararaq iddiaçıda müəyyən edilmiş diaqnozun Əlilliyin müəyyən olunması meyarlarına uyğun olub-olmaması ilə bağlı Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X6 **** nömrəli ##.##.2025-ci il tarixli məktubla məhkəməyə ünvanladığı T ***/**** saylı, ##.##.2025-ci il tarixli ekspert rəyinə əsasən vətəndaş İddiaçı 27.03-##.##.2025-ci tarixlərdə “X3" phş-də “Əsas xəstəlik: M5 1.1-bel fəqərəarası protruziyalar, M54.3- diskogen bel- oma radikulopatiyası. Ağırlaşma: M54.4-kökcük tipli ağrılar, R20.1- hipesteziya, R26.1-yerişin pozulması. Yanaşı xəstəliklər: H25.0-başlanğıc katarakta, M19.0- idiopatik podaqra” son klinik diaqnozu ilə müayinə və müalicədə olmuşdur. O, hazırda həmin xəstəliklərdən əziyyət çəkir. Göründüyü kimi, iş üzrə ekspert rəyində də iddiaçının əvvəllər təyin edilmiş əlilliklə bağlı olan diaqnozlardan əziyyət çəkməsinin istisna edilmədiyi müəyyən edilir. Həmçinin kollegiya tərəfindən o da təkrarən diqqətə çatdırılır ki, əlillik təyinatı aparılarkən mövcud qanunvericilik normalarına uyğun müddətsiz əlillik təyinatı aparıldıqdan sonra şəxsdə eyni xəstəliklər davam etdiyi təqdirdə artıq bu xəstəliklərin yeni Meyarlara əsasən əlillik təyinatına imkan vermir deyə əliliyin ləğvi heç bir hüquqi idarəçilik prinsipinə uyğun gəlmir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar